Yuxarı

Baş nazirlik uğrunda savaş

Baş nazirlik uğrunda savaş

nazirler kabineti“Sorosun dostu”nu hədəfə kim çıxarıb?

Maliyyə naziri Samir Şərifov haqqında irəli sürülmüş ittiham dolu bir sıra fikirlərə rəsmi cavab verilib. Bəzi mətbuat orqanlarında Ukraynanın "Qordon" agentliyinə istinadla ABŞ-ın maliyyə analitiki kimi təqdim olunan Yuri Şvets Samir Şərifovu xarici xüsusi xidmət orqanlarına işləməkdə ittiham etmişdi. Y.Şvets Samir Şərifovun üç ölkənin - Rusiya, Türkiyə və ABŞ-ın xüsusi xidmət orqanları ilə eyni vaxtda əməkdaşlıq əlaqələrinin olduğunu iddia edib.

Mənbələrin sözlərinə görə, əldə olunan məlumatlar Rusiya kəşfiyyatına bu nəticəyə gəlməyə imkan verib ki, onların çoxdankı agenti, Azərbaycanın maliyyə naziri Samir Şərifov əslində, üçqat agent olub və bəzən paralel olaraq, Türkiyə və Amerika xüsusi xidmət orqanlarına  da  işləyib.  Rusiyalılar əmindilər ki, Şərifovu Türkiyə kəşfiyyatı 1989-1990-cı illərdə Cənubi  Yəməndə işlədiyi vaxtlardan ələ alıb. Sonradan o, ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsilə əlaqələndirilib  və o  vaxtdan vacib informasiya mənbəyi  və təsir agenti kimi Amerika və Türkiyə xüsusi xidmət orqanlarına işləməyə başlayıb.

"APA-Economics" Y.Şvetsin iddiaları ilə bağlı Maliyyə Nazirliyinin mövqeyini öyrənməyə çalışıb. Nazirliyin mətbuat katibi Mayis Piriyev bildirib ki, ayrı-ayrı şəxslərin təxribat xarakterli cəfəng iddialarına şərh vermək fikrində deyil: "Yuri Şvetsin iddialarının nə qədər qeyri-ciddiliyi isə elə ilk baxışdan görünür və istehza doğurur. Elə üç ölkə?! Bəs, Mossad, Böyük Britaniyanın, eləcə də başqa ölkələrin xüsusi xidmət orqanları harada qaldı?!"

Onu da qeyd edək ki, Azərbaycan maliyyə nazirinin agent olması barədə fikirlər təsdiqini tapmasa da, onun  hakimiyyət komandasında alternativ güc mərkəzi hesab olunması barədə məlumatlar mediada xeyli vaxtdır dolaşır. Bu baxımdan ilk xəbərlər bir neçə il öncə Samir  Şərifovun ABŞ-ın “Açıq Cəmiyyət” Fondunun prezidenti Corc Sorosla dost olması barədə informasiyaların üzə çıxmasından sonra yayıldı. İlk baxışdan, siyasi iddialı görünməyən, sakit təbiətli məmur təsiri bağışlayan maliyyə nazirinin adı son bir ildə Azərbaycanda baş vermiş iqtisadi böhranın siyasi təsirləri fonunda tez-tez çəkilməyə başladı. 2015-ci il fevralın 21-də baş vermiş birinci devalvasiyadan sonra Beynəlxalq Bankın sabiq rəhbəri Cahangir Hacıyevin vəzifədən uzaqlaşdırılmasında  maraqlı olduğu və bu məsələdə Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmovla maraqlarının üst-üstə düşdüyü bildirilirdi. Dekabr ayında baş vermiş ikinci devalvasiya zamanı isə dolların məzənnəsinin 1,5 AZN həddində müəyyənləşməsi qərarının da Samir Şərifovdan gəldiyi haqda məlumat yayıldı. Həmin vaxt mediada bu qərarla razılaşmayan Elman Rüstəmov sonradan yaranmış maliyyə-iqtisadi böhrana görə əsas tənqid hədəfinə çevrilmiş oldu.

Bu hadisə Samir Şərifovun hökumət daxilində daha bir güclü fiquru sıradan çıxarmağa nail olunması  kimi şərh olundu. Nəhayət, maliyyə problemlərinin  sosial-siyasi müstəviyə transfer etməsi ilə əlaqədar Azərbaycan hakimiyyəti ilə münasibətləri soyuq olan Qərbin hökumət daxilində islahatçı bir siyasi fiqur axtarışında olmasına dair xəbərlər Samir Şərifovu ön plana gətirdi.

Hələ ki, bu xəbərlər öz təsdiqini tapmayıb. Amma Azərbaycan müxalifətinin pərakəndə və zəif durumda olması ölkədə siyasi böhranın baş qaldıra biləcəyi halda keçid hökumətinin başçısının məhz hazırkı komandanın nümayəndəsi olacağına dair informasiyaları gündəmə gətirdi. Bu posta ən real namizəd kimi məhz Samir Şərifovun adı çəkilirdi.

Samir Şərifovun rusiyalı ekspert tərəfindən hədəfə alınması da bununla bağlı ola bilər. Çünki Y.Şvetsin açıqlaması Azərbaycan hökuməti daxilində  Qərbyönümlü mövqeyi ilə tanınan maliyyə nazirinin vurulmasında kimlərinsə maraqlı olduğunu göstərir. Xatirladaq ki, Azərbaycan hökuməti daxilində Qərbə, xüsusilə də ABŞ-la yaxın mövqeyi ilə seçilən nazirlərin Rusiyameylli dairələr tərəfindən zaman-zaman vurulması prosesi baş verib. Bu 2005-ci ildə iqtisadi inkişaf naziri Fərhad Əliyevin həbsində, 2015-ci ildə diplomatların qiyamı zamanı xarici işlər naziri Elmar Məmmədyarovun vəzifədən çıxarılmasına yönəlmiş təbliğatda özünü açıq göstərib. İndi də S.Şərifovun tutduğu postdan uzaqlaşdırılmasında Rusiyaya yaxın qüvvələr maraqlı ola bilər.

Bu rəqabətin Azərbaycanda baş nazir kürsüsünə rəqabətlə bağlılığı da istisna olunmur. Belə ki, Azərbaycan hökumətinin başçısı vəzifəsinə son illər iddialı nazirlərin sayı artmaqdadır. Belə potensial namizədlərdən biri də maliyyə naziridir. Ona görə də S.Şərifovun hədəfə gətirilməsi onun baş nazir postuna gedən yolunu bağlamağa xidmət edə bilər.

Nazir Samir Şərifovla bağlı yayılmış açıqlamaya daha bir reaksiya isə İslam Əməkdaşlıq Təşkilatının Avropa Birliyindəki sabiq səfiri Arif Məmmədovdan gəlib. “Qiyamçı diplomat” özünün facebook səhifəsində Y.Şvetsin fikirlərinə inandırıcı yanaşma nümayiş etdirərək yazıb: “Rusiya kəşfiyyatının yüksək rütbəli və çox məlumatlı agenti Yuri Şvets tərəfindən yayılmış məlumat ölkəmizin dəhşətli təhlükə qarşısında olduğunun göstəricisidir. Dağlıq Qarabağ münaqişəsinin bu gündə olduğunun səbəblərini indi siz daha aydın anlamalısınız.

Sizi əmin edirəm ki, ölkə daxilində dövlətçiliyimizə qarşı işləyən çox nüfuzlu şəbəkə mövcuddur və bu şəbəkəyə hakimiyyətin ən nüfuzlu simaları daxildir. Bu şəbəkəyə olkənin nazirləri və nazir müavinləri, bir çox PA yüksək vəzifəli şəxsləri, səfirlər daxildir. Bu faktlar barədə MTN-in keçmiş naziri Eldar Mahmudov da bilirdi və rəhbərliyə müvafiq məruzə etmişdir. Yaxınlarda daha dəhşətli xəyanətlərlə bağlı faktlar üzə çıxacaqdır.

Uca millətim, bacı və qardaşlarım. Ölkəmiz dəhşətli təhlükə qarşısındadır. Ayılmaq vaxtı artıq gəlib”.

Müşfiq Abdulla





Həftənin ən çox oxunanları