Yuxarı

"Yurd" Fuad Qəhrəmanlını unudub

Ehtiram Mehtiyev: “Fuad Qəhrəmanlının  öz düşərgələrində unudulması görünür ki, "Yurd" sədrinə sərf edirmiş”

Son günlər gündəmi zəbt edən mövzulardan biri də siyasi məhbus məsələsi oldu. Novruz Bayramı ərəfəsində verilən əfv sərəncamına bir neçə siyasi məhbusun adının düşməsi ictimaiyyət arasında çox gözəl hal kimi qarşılandı. Əfv olunanlarla yanaşı, bu sərəncama adı düşməyənlər də medianın diqqətindən yayınmadı. Ancaq maraqlı hal budur ki, hər zaman Əli Kərimli öz ətrafında olan insanlar həbs olunan zaman onlara siyasi məhbus adı verərək əməlli-başlı reklam edir.

Lakin ötən ilin 8 dekabr tarixində, Nardaran qəsəbəsində baş verən hadisələrə “facebook” vasitəsi ilə verdiyi dəstəyə görə həbs olunan Əli Kərimlinin müavini Fuad Qəhrəmanlının adına siyasi məhbus siyahısında rast gəlinmədi. Hər zaman siyasi məhbus məsələsində “canfəşanlıq” edən Əli Kərimli Fuad Qəhrəmanlı məsələsində susmağa üstünlük verir.

Əli Kərimlinin siyasətinin göstəricisi

Burada, əsasən iki məsələ diqqəti cəlb edir. Ya Əli Kərimli artıq Fuad Qəhrəmanlını dəftərdən silib, ya da onun həbsdə qalması elə "Yurd" sədrinin maraqlarına xidmət edir. Əli Kərimlinin siyasi məhbuslar üzərindən hər zaman siyasi divident əldə etməyə çalışması, əslində, heç kim üçün sirr deyil. Siyasi məhbusların azad olunmasını da xeyli sükutla qarşılayaraq yenə də mənasız ittihamları ilə yadda qaldı. Qeyd edək ki, Fuad Qəhrəmanlı Nardaran qəsəbəsində baş verən hadisələr zamanı, dövlətin və hakimiyyətin əleyhinə etdiyi çağırışlara görə həbs olunub. Xatırladaq ki, hələ o zaman da belə "Yurd" sədri Fuad Qəhrəmanlıya görə kampaniya aparılmasına icazə verməmişdi. Bəzi şərhçilər bu qadağanı birmənalı qarşılamayıb, bunu məhz Kərimli siyasətinin bir göstəricisi kimi qələmə vermişdi.

Kərimli üçün siyasi fiqur yoxdur

Əli Kərimli uzun illərdir müxalifəti imitasiya edir. Görüntü xatirinə müxalifətçilik oynayan bir “lider” üçün heç kim o qədər də önəmli fiqur sayılmır. Biz bunun bir çox zamanlarda şahidi olmuşduq. Bu dəfə də Fuad Qəhrəmanlının timsalında bir daha şahidi olduq. Fuad Qəhrəmanlı "Yurd" sədrinin müavini olsa da, belə görünür  ki, o, sədr üçün o qədər də önəmli fiqur deyil. Kərimli siyasətinin əsas mahiyyətini hansısa xarici təşkilatlardan aldığı qrantlardır. Bu qrantların alınması üçün isə hansısa “fəaliyyətlər” göstərmək lazımdır. "Yurd" sədri də bunu məharətlə reallaşdırır. Həm özü razı qalır, həm də xarici müttəfiqlərini razı salmağı bacarır. Fuad Qəhrəmanlının həbsində də yəqin ki, elə bu məqsədlər üçün istifadə edir və onun həbsdə qalması elə Əli Kərimliyə siyasi devident qazanmaq üçün daha bir vasitədir.

Ənənəvi müxalifət günahkardır

AXCP sədr müavini Ehtiram Mehtiyev “Cümhuriyət”ə açıqlamasında siyasi məhbus problemin tam həll olunmamasının səbəbini hakimiyyət qədər ənənəvi müxalifətdə də gördüyünü deyir: “Prezidentin son əfv fərmanından sonra bir neçə siyasi məhbusun  azad olunması bayramı bayrama qarışdırdı. Lakin, sevindiyimiz qədər də kədərlənirdik. Çünkü hakimiyyətin həmişəki yarımçıq siyasəti bu fərmanda da göründü. Heç bir günahı olmayan və siyasi fəaliyyətlərinə görə həbs edilmiş, lakin adları əfvə düşməyənlər İlkin Rüstəmzadə, Fuad Qəhrəmanlı, İlqar Məmmədov, Seymur Həzi, Ədil Ədilzadə və başqalarının ictimai asayiş üçün heç bir təhlükə kəsb etmədikləri halda onların azad olunmamasının günahını hakimiyyətlə yanaşı ənənəvi müxalifətdə də görürəm.

Bu gün müxalifət düşərgəsi həbsdə qalan əqidədaşlarının azadlığa çıxması üçün aktiv fəaliyyət göstərməyə borcludur. Əfvə adı düşməyən insanların çöldən gözlədikləri dəstəyi görmədikdə isə onlarda bir ümidsizlik yaranır. Apardıqları mübarizədə pərişanlıq ifadə etməklə yanaşı, ümidsizliyə də qapılırlar”.

Bu, "Yurd" sədrinin qrant siyasətidir

Sədr müavininin sözlərinə görə, yaxın zamanlarda yəqin ki, Əli Kərimlinin satqın siyahısına Fuad Qəhrəmanlı da düşəcək: “Əfvə adı düşməyən, Əli Kərimlinın uzun illərdən bəri müavini olmuş. İllərdi siyasi məhbuslar üzərindən xarici havadarlarından qrantlar alan Kərimli ara-sıra sosial problemlərdən danışır, cəmiyyətdə özünü qəhrəman kimi göstərsə də, həmişə əqidədaşlarını unutmağa çalışıb. Görünür, yaxın zamanlarda Əli Kərimlinin satqın siyahısına Fuad Qəhrəmanlının adı da əlavə olunacaq. Kərimli və komandası son zamanlar nəinki siyasi məhbuslarla bağlı təbliğat aparır, heç onlar haqqında bir cümlə belə məlumat yaymır. Gedişatdan başa düşmək olar ki, artıq Kərimlinin düşərgəsi siyasi məhbusları unudub. Yalnız ara-sıra onları xatırlamaqla, cəmiyyət yanında qismən divident qazanmağa çalışırlar.

Əli Kərimli onun liderliyini qəbul etməyənlərə, onun kimi düşünməyənlərə, onun ətrafında olmayanlara satqın damğası vurmağa vərdiş edib. Siyasi məhbusların öz əqidədaşlarından bu cür yanaşma tərzlərini gördükdə isə azad olduqları halda öz taleləri ilə barışdıqları diqqəti çəkir”.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları