Yuxarı

Azərbaycan ABŞ-dan təminat istəyib

Azərbaycan ABŞ-dan  təminat istəyib

Erkin Qədirli: “Qərblə siyasi anlaşma baş tutub”

Azərbaycanla Qərbin münasibətlərində son bir ildə yaranmış siyasi buzların əriməsi müşahidə olunur. Axır vaxtlar Azərbaycanın  Qərbin tələbləri qarşısında müəyyən Avropa qurumları və ABŞ-la dialoqu bərpa etməsi bu yaxınlaşmanın əlaməti hesab edilir. Mart ayında Avropa Birliyi və Avropa Şurasının yüksək vəzifəli rəsmilərinin Bakıya səfərləri qarşılıqlı dialoqun bərpa edilməsini təsdiq edirdi. Bunun ardınca bir qrup siyasi məhbusun azadlığa buraxılması Azərbaycanın Qərbə yönəlik müsbət jesti kimi qəbul olundu.

Siyasi ekspertlər hesab edir ki, bu yöndə növbəti anlaşma prezident İlham Əliyevin martın 31-də Beynəlxalq Nüvə Təhlükəsizliyi Sammiti çərvəsində ABŞ-a səfəri zamanı qoyula bilər. Təbii ki, burada Rusiyanın siyasi təsiri altında olan rəsmi Bakının mövqeyi də mühüm rol oynaya bilər. Ancaq Azərbaycan hakimiyyəti son dövrlər yaxın regionda cərəyan edən geosiyasi dəyişiklikləri də diqqətlə izləyir. Rusiyanın öz hərbi qüvvələrini Suriyadan çıxarmağa başlaması, eyni zamanda prezident Putinin rəsmi Ankaraya barış mesajı məqsədi daşıyan müəyyən addımlar atması, İranın Qərblə barışığa nail olması, Suriya prezidentinin Türkiyəyə sülh ismarıcları göndərməsi Yaxın və Orta Şərqdə geosiyasi mənzərəni yenidən formalaşdıra bilər. Azərbaycan iqtidarının son addımları bu situasiyanı nəzərə aldığını və Qərblə anlaşmaya getmək məcburiyyətində qaldığını deməyə əsas verir.

Rəsmi Bakının ABŞ-la da münasibətlərdəki soyuqluğu aradan qaldırmağa qərar verməsi də qeyd edilənləri təsdiq edir. Martın 24-də Vaşinqtonda ABŞ-ın Müdafiə Departamenti ilə Azərbaycan Müdafiə Nazirliyi arasında yüksək səviyyədə ikitərəfli müdafə məsləhətləşmələrinin keçirilməsi, NATO ilə əməkdaşlıq üzrə hərbi məqsədlərin əməliyyat planının yerinə yetirilməsi, Şimali Atantika Alyansı ilə hərbi tərəfdaşlığın əlaqələndirilməsi haqda aparılan danışıqlar bu yaxınlaşmanın əlaməti hesab edilir. Çünki Azərbaycan bir ildən artıqdır ki, Qərblə münasibətlərin soyuması fonunda ABŞ-la müdafiə sahəsində məsləhətləşmələri dayandırmışdı. İndi prezident İlham Əliyevin ABŞ-a səfəri öncəsi bu danışıqların bərpası ikitərəfli əlaqələrin yaxınlaşması və soyuqluğun aradan qalxması kimi dəyərləndirilir.

Respublikaçı Alternativ Hərəkatının Məclis sədri Erkin Qədirlinin fikrincə, Azərbaycanın Qərblə münasibətlərdə kompromisə getməsi daha çox geosiyasi proseslərlə bağlıdır. Eyni zamanda, burada insan haqları sahəsindəki problemə Qərbin sərt reaksiyası da təsir göstərib: “Azərbaycanla Qərb arasında soyuqlaşmanın yaranmasına daha dərin səbəblər var. Kütləvi İnformasiya Vasitələrində Azərbaycan rəsmilərinin dilindən Amerikanın və Avropanın ünvanına sərt ittihamlar səslənirdi. Əslində, mən belə deməzdim. Çünki ABŞ-ın milli təhlükəsizlik konsepsiyasında Barak Obamanın öz dili ilə desək, “strateji geriçəkilmə” deyilən bir anlayış var. Yəni, ABŞ öz qüvvələrini Əfqanıstandan, İraqdan çıxartdı, Avropada təhlükəsizlik xərclərini azaltdı, bütün diqqətini daha çox daxili siyasətə yönəltdi və sosial, tibbi islahatlara üstünlük verdi. Amma Rusiyanın son zamanlar yürütdüyü siyasət, xüsusilə də Ukraynada Krımı işğal etməsi və Donbassda separatizmə dəstək verməsi Kreml tərəfindən açıq bəyan edilir. Bu isə ABŞ  prezidentini xarici siyasətə yenidən baxmağa vadar etdi.  Ağ Ev İranla açılıma getdi və sanksiyaları ləğv etdi.  Mənim fikrimcə, bu məsələnin Rusiya ilə sıx əlaqəsi var. Yəni Qərbin bu addımı Rusiyanın maraqlarına ciddi ziyan vurmuş oldu. Azərbaycana diqqətin artması da bu qəbildən təhlil edilməlidir. Azərbaycan bu vaxta qədər açıq-aşkar Rusiyapərəst siyasət  yürüdən kimi görünürdü. Ancaq onu da nəzərə almaq lazımdır ki, Azərbaycan hakimiyyətinin Rusiyadan çəkinəcəyi var. Rusiya Azərbaycan ərazisində çeşidli problemlər yarada bilər. Bu təxribat həm ölkənin şimal bölgəsində, həm də ermənilərin əli ilə Qarabağ cəbhəsində də törədilə bilər. Hətta xüsusi kanallar vasitəsilə məndə olan məhdud məlumatlara görə, son illər ərzində Azərbaycan rəhbərliyi Amerikadan və NATO-dan özəl təhlükəsizlik təminatı istəyib. Əlavə olaraq, insan haqları kimi məsələlər önə çəkilirdi. Artıq bu siyasi alverin nəticəsində bir anlaşma yaranıb. Azərbaycan hökuməti indiyə qədər dirəşdiyi siyasi məhbuslar məsələsində müəyyən qədər güzəştə getdi. Həmçinin neftin qiymətinin aşağı düşməsi neftdən asılı olan bir ölkə kimi Azərbaycanın da siyasi mövqelərinə təsr edir. Azərbaycan iqtidarı əvvəlki kimi güclü ola bilmir. Bu kompleks təhlükələri nəzərə alsaq, son yumşalmanı görmək mümkündür. Ancaq bu, aldadıcı da ola bilər. Hər halda Azərbaycanın obyektiv təhlükəsizlik qayğıları Qərblə anlaşma sayəsində mümkün ola bilər. Ona görə də siyasi dirənişin bir həddi var. Bundan çıxış yolu da Qərblə yaxınlaşmaqdır. Azərbaycan hakimiyyəti Qərbə acıq verib Rusiyaya yaxınlaşmaq istədi. Amma bu, inandırıcı deyildi. Çünki  Azərbaycan Avrasiya İqtisadi Birliyinə və Gömrük İttifaqına daxil olmadı. Problem hakim siyasi qüvvənin nəyin bahasına olur-olsun, hökuməti əldə saxlamaq istəyidir. Bu da cəmiyyətə zərbə vurur”.

Müşfiq Abdulla





Həftənin ən çox oxunanları