Yuxarı

“Qiyamçı diplomat” qayıdır

“Qiyamçı diplomat” qayıdır

Azərbaycanın Avstraliyadakı səfirliyinin keçmiş katibi, Xarici İşlər Nazirliyinin qərarı ilə diplomatik dərəcədən məhrum edilən Anar Həsənov Cebhe.info-nun suallarını cavablandırıb.

-Anar bəy işləriniz necə gedir? Azərbaycana qayıtmaq  planlarınız varmı?

-Hazırda Avstraliyada məlum ailə - məişət problemlərimin həlli üçün çalışıram. Həmin məsələləri yoluna qoyduqdan sonra vətənə gəlmək fikrindəyəm.

-Yəqin ki, ölkədə gedən siyasi prosesləri izləyirsiniz. Prosesləri necə qiymətləndirirsiniz?

-Bir vətəndaş kimi həbsdəki bir çox şəxslərin azadlığa çıxmasını pozitiv dinamika kimi qiymətləndirir və hesab edirəm ki, düzgün qərarlar qəbul olunub. Davamlı olmasını arzulayıram.

-Sizinlə ilk söhbətimizdə səfirin korrupsiya faktlarının üstünü açdığınız üçün vəzifədən azad edildiyinizi bildirmişdiniz. Hal-hazırda vəziyyət necədir? Hər-hansı təzyiqlə üzləşirsinizmi?

-Həmin məsələ ilə bağlı Maliyyə Nazirliyindən mənə rəsmən bildirilib ki, səfirlikdə həqiqətən də qanun pozuntuları, əsassız ödəmələr olub və təqsirkar şəxslər haqqında tədbir görülməsi üçün müvafiq qurumlara məktub göndərilib. Buna uyğun olaraq əməli işə keçilməklə zəruri addımların atılacağına ümid edirəm.

Fikrimcə, özüm də daxil olmaqla tutduqları vəzifələrə layiq olmayan məmurlar tərəfindən hüquqları pozulmuş hər bir vətəndaş təzyiqə məruz qalmış sayılmalıdır və belə əməllərin nəticələri qanunlara əsasən aradan qaldırılmalıdır.

-Siyasi fəaliyyətə başlamaq haqda düşünürsünüzmü?

-“Diplomatik xidmət haqqında” qanuna əsasən diplomatik xidmət əməkdaşı siyasi partiyalara, birliklərə üzv ola bilməz. Yəni mən əvvəldən də klassik siyasi fəaliyyətlə məşğul olmamışam. Bizim işimiz dövlətin müəyyən olunmuş xarici siyasətinin həyata keçirilməsində iştirak etmək olub.

Hazırda da hansısa siyasi təşkilata üzv olmaq, siyasi fəaliyyət göstərməyi düşünmürəm.

-Bir ara sizin siyasi sığınacaq almaq üçün müraciət etdiyiniz xəbəri yayılmışdı. Və o zamanlar siz bunun doğru olmadığı bildirmişdiniz. İndi belə bir fikriniz varmı?

-Siyasi sığınacaq məsələsi ilə bağlı fikrimi özünüzün də dediyiniz kimi, bildirmişəm. Avstraliyada humanitar viza əsasında qalıram. Bu, daimi yaşamaq icazəsi vermir, lakin hələ ki, ölkədən çıxmaq üçün müəyyən bir müddət də qoyulmayıb. Özüm Avstraliya universitetlərindən birində dissertasiya işi götürmək niyyətindəyəm. Bunu həyata keçirə bilsəm yəqin ki, həmin vizanı tələbə vizası ilə əvəz etmək mümkün olacaq.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları