Yuxarı

AXCP sədrindən konstruktiv mövqe

AXCP sədrindən konstruktiv mövqe

Razi Nurullayev: “Bu davada iqtidar kim olursa-olsun, onun yanındayıq”

“Xalqın və şəhidlərimizin heysiyyatı ilə oynayanları lənətləyək və dostluqdan silək! Bu yazımı yalançı və populist "qəhrəman"lara həsr edirəm. Bu gün ölən şəhidlərimizdən siyasi məqsədlər üçün istifadə edənlər, xalqın heysiyyatı ilə oynayanlar, populist çıxışlar edib, populist statuslar yazanları erməni ilə müharibəyə aparsalar, fərari olarlar”.

Cebhe.info xəbər verir ki, bunu AXCP sədri Razi Nurullayev bildirib. Partiya sədri qeyd edib ki, əsgərimizin erməni gülləsi ilə ölməsinə sevinən Azərbaycan vətəndaşının olduğuna inanmaq qeyri-mümkündür: “Belə birisi varsa, Allah onu cəhənnəm odunda yandırsa belə yenə də azdır. Bununla bərabər, mümkün deyil ki, nə müxalifət, nə də iqtidar cəbhəsində siyasi məqsədlər üçün kimsə əsgərləri ölümə göndərsin. Beləsi varsa da, o xalqın qəzəbindən qurtula bilməz.

Nə prezident, nə hökumət üzvləri, nə də müxalifət bunu bir əsgərinə belə rəva görər. Hətta görə də bilməz. Bu məsuliyyətin və günahın ağırlığı o qədər böyükdür ki, ən qüdrətli kəsi belə bir anda qovurub yaxar. Son günlər on iki nəfər əsgərimizin ölümündə Müdafiə Nazirliyini, hökuməti, prezidenti, ümumən isə bu iqtidarı ağır ittihamlarla günahlandıranlar var. Eyni adamlar, həm də 100-dən çox erməni əsgərinin ölümünə, tanklarının yandırılmasına, hərbi qurğularının sıradan çıxmasına sevinirlər. Eyni adamlar həm də torpaqlarımızın düşmən tapdağından azad olunmasını istəyirlər və tələb edirlər. Necə olur? Ölümsüz və itkisiz torpaqları necə azad etmək olar?

Biz bu hakimiyyətin apardığı siyasətlə barışmırıq. Bu hakimiyyətə qarşı müxalifətdəyik və qorxmadan deyirik ki, ölkədə ciddi ədalətsizlik və saxtakarlıqlar var. Rüşvət və korrupsiya hər yerə sirayət edib. işsizlik baş alıb gedir. Amma hakimiyyətə bu münasibətimiz Qarabağ həqiqətini dəyişdirməz. Heç bir zaman Qarabağ kartından siyasi məqsədlər üçün istifadəni özümüzə rəva görmərik. Bu xəyanətə bərabər, millətə həqarət və müstəqilliyimizə təhdid olar. Bu davada iqtidar kim olursa-olsun, onun yanındayıq. Bu gün prezident İlham Əliyevdir. Qarabağın azad olunması üçün dövlət başçısının yanındayıq. Bu gün ölən şəhidlərimizdən siyasi məqsədlər üçün istifadə edənlər, xalqın heysiyyatı ilə oynayanlar, populist çıxışlar edib, populist statuslar yazanları erməni ilə müharibəyə aparsalar, fərari olarlar.

Xalqın və şəhidlərimizin heysiyyatı ilə oynayanları lənətləyək və dostluqdan silək!

Hər bir ölən əsgər qəhrəmandır. Bizim canımızdan can, qanımızdan qandır. Hökumət inanıram ki, onların adının əbədiləşdirilməsi üçün ciddi addımlar atacaq, onların ailələrinə maddi və mənəvi dəstəyi əsirgəməyəcək. Hər bir ölən əsgərin ailəsi gərək elə qayğı ilə əhatə olunsun ki, onlar övladlarına şəhid kimi baxa bilsinlər. Bizim tariximzdə, keçmişimizdə olub ki, müharibə veteranları qayğı ilə əhatə olunmayıblar. Bundan sonra belə hallar baş verərsə, bir məmur üzərinə düşən vəzifəni yerinə yetirməzsə, o zaman səsimizi qaldıraq, şəhidimizə və onun ailəsinə xor baxanları silək, ataq və lənətləyək”.





Həftənin ən çox oxunanları