Yuxarı

Əli Kərimlidən anti-xalq mövqeyi

Əli Kərimlidən  anti-xalq mövqeyi

Ehtiram Mehtiyev: “O, heç vaxt dövləti düşünməyib”

“Yurd” sədri Əli Kərimli və Milli Şura növbəti dəfə çətin anlarında dövlətin yanında olmadığını nümayiş etdirdi. O və qaragüruh dəstəsi hakimiyyətə qarşı olan nifrətini ordunun üzərinə tökdü. Aprelin 2-dən bu yana “yurdçu”lar Müdafiə Nazirliyinin yaydığı rəsmi və cəbhədən gələn operativ məlumatlara yox, Ermənistan mediasının Azərbaycan və ordusunun əleyhinə tirajladığı dez-informasiyalara istinad etdilər. Təsadüfi deyil ki, “Əli Kərimli ruhu”ndan qidalanan Həbib Müntəzirin “Seysulan ermənilər tərəfindən qaytarıldı” statusu da Milli Şura və “Yurd” tərəfindən böyük dəstək gördü.

“Yurd” sədrinin qaragüruh dəstəsi iş başında

Aprelin 2-də cəbhə xəttində ilk atəş səsləri eşidiləndə də  Azərbaycanın əleyhinə ilk “qaranquş”u da Əli Kərimli dəstəsinin fəallarından Ayyət İsmayıl buraxdı. A.İsmayıl “Facebook” səhifəsində bölgədə vəziyyətin gərgin olduğunu, ordumuzun ağır itkilər verdiyini, xəstəxanalara maşın-maşın meyit daşınıldığını yazdı. Əli Kərimliyə xüsusi simpatiyası olan Milli Şura üzvü Gültəkin Hacıbəyli də ordunun uğurları fonunda “Facebook”da “yas məclisi” düzəldib, ağlaşma qurdu. Azərbaycanın böyük itkilər verdiyini yazan Gültəkin Hacıbəyli hətta xalqa başsağlığı da verdi. Qaragüruh dəstəsinin lideri Əli Kərimli də bu marafondan kənarda qalmadı. Gərgin vəziyyətdə hakimiyyətin doğru siyasət yürüdə bilmədiyini yazan “Yurd” sədri müharibəni dəstəklədi və Müdafiə Nazirliyinin birtərəfli hərbi əməliyyatları dayandırmasını bəyənmədi: “Dövlət rəhbərliyi tarixi fürsəti dəyərləndirməyi bacarmalı idi. Azərbaycanın birtərəfli qaydada hərbi əməliyyatları dayandırdığını bəyan etməsi nə qədər düzgün qərardır”. İki gün əvvəl isə yazırdı ki, orduda olan nöqsanlardan yazmayacaq.

Əli Kərimlinin naşılığı

Hakimiyyəti Ermənistanla müharibəyə çağırması Əli Kərimlinin maraqlarına xidmət edir. Bu şəxs məqsədlərinin təmini üçün ölkədə qarışıqlığın yaranmasında və bunun anarxiyaya sürüklənməsində maraqlıdır. Bir neçə ay əvvəl Nardaranda dini zəmində insident yaşananda Fuad Qəhrəmanlı və tərəfdarları vasitəsilə insanları iğtişaşlara çağırdı. Bundan əvvəl 1990-cı illər hərbi-siyasi böhranından istifadə edərək, AXCP və hakimiyyətdə gözlənilməz yüksəlişini təmin etdiyini də bura əlavə etmək olar. Açıq formada bu adam Vətən, Azərbaycan adına nə varsa, onlara qənim kəsildiyini nümayiş etdirir. Ya özünü bilərəkdən bilməzliyə vurur, ya da heç nə bilmir. “Yazmayacam” deyib yazır. Əgər orduda bir nöqsan varsa, bu, indiki halda dilə gətiriləcək mövzu deyil. Bu, qarşı tərəfin, ermənilərin cəhdlərinə dəstəkdir. Bu məntiqin nəticəsi olaraq, neçə gündür ancaq sosial şəbəkələrdə Azərbaycanın itkilərindən yazır. Bir dəfə də olsun ordunun tarixi ərazilərimizi geri qaytarmasına toxunmur, yan keçir. Ermənistanın işğalçılıq siyasətini də tənqid etməməklə düşmən tərəfi dəstəkləyir. Çünki Əli Kərimli ordunun əldə etdiyi uğurların dövlətin yox, nifrət etdiyi hakimiyyətin olduğunu düşünür. Siyasətdən və hərbi məsələlərdən başı çıxmayan naşı “Yurd” sədri hələ də dövlətlə hakimiyyət anlayışını səhv salır.

“Tükənib”

AXCP sədrinin müavini Ehtiram Mehtiyev “Cümhuriyət”ə bildirib ki, Əli Kərimli siyasətdə bitib-tükənmiş bir adamdır. E.Mehtiyevin sözlərinə görə, Ə.Kərimli istənilən vəziyyətdə çalışıb ki, kütlənin əksinə getsin: “Biz bunun 20 ildir şahidiyik. Kərimli heç vaxt xalqını, dövlətini düşünən bir siyasətçi deyil. O həmişə çalışır ki, ölkədəki vəziyyəti öz xeyrinə dəyişsin. Bu gün cəbhədə vəziyyətin gərginləşdiyi bir zamanda Kərimli və ətrafında olan 5-10 nəfər çalışır ki, öz təxribat yazıları ilə cəmiyyətin fikrini yayındırsın.

Amma mövzu vətəndirsə, o zaman Əli Kərimlinin bu arzusu reallaşmayacaq. Bu gün hər kəs torpaq uğrunda vətənin bütövlüyü uğrunda canından keçməyə hazır olmalıdır”.

Mənsur





Həftənin ən çox oxunanları