Yuxarı

Qarabağ müxalifəti birləşdirdi

Qarabağ  müxalifəti  birləşdirdi

Siyasilər: “Dövlətin yanındayıq”

Son günlər cəbhədə baş verən hadisələr ölkənin ictimai və siyasi arenasında da birmənalı qarşılanmadı. Bütün siyasi partiyalar sosial şəbəkələrdə Milli Orduya dəstək nümayiş etdirdilər. Cebhe.info“Cəbhədə gedən proseslərdə yaxından iştirak etməyə hazırsınızmı” sualı ilə siyasi partiya və təşkilatlar arasında sorğu keçirib.

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Səbuhi Əliyev partiya olaraq Qarabağ və digər ümummilli məsələlərdə hər zaman hakimiyyətin yanında olduqlarını deyib:

“AXCP sədri Razi Nurullayev bu məsələ ilə bağlı öz fikirlərini bildirib. Biz müxalifət partiyası olmağımıza baxmayaraq, cəbhədə baş verən hadisələrdə hakimiyyətin yanındayıq. Həm mənəvi, həm fiziki, həm də ideoloji baxımdan dövlətə dəstək verməyə, Qarabağ və digər milli problemlərin həllində hakimiyyətlə əməkdaşlığa getməyə və dövlətin müdafiəsində də üstümüzə düşən hər bir şeyi etməyə tam hazırıq”. Azərbaycan Demokrat Partiyasının (ADR) sədr müavini Taliyət Əliyev “biz cəbhədə baş verən hadisələrdə hər zaman hakimiyyətin yanındayıq” deyib:

“İdarə Heyətində bu məsələ ilə bağlı geniş müzakirələr aparmışıq. İndiki durumda siyasi mövqeyindən asılı olmayaraq, Dağlıq Qarabağ probleminin həlli ilə bağlı cəbhədəki son durumla əlaqədar hakimiyyətə bütün imkanlar çərçivəsində dəstək olmağa və hakimiyyətin mövqeyindən çıxış etməyə borcluyuq. Çünki bu, bizim dövlətçiliyimizin, Azərbaycanın taleyi məsələsidir. Burada hər hansı bir siyasi mövqeyi, baxışları ən axırıncı plana keçirməliyik. Mövqeyimiz ondan ibarətdir ki, Dağlıq Qarabağda aparılan bu hərbi əməliyyatlarda, ölkənin bütün ictimai-siyasi arenası hakimiyyətə dəstəyini ifadə etməlidir.

Maddi, mənəvi, canı ilə dəstək vermək hər birimizin borcudur. Partiya olaraq bizim əlimizdən nə gəlirsə, ehtiyac olduqda cəbhədə canımızla, qanımızla Azərbaycan torpaqlarının işğaldan azad olunması istiqamətdə mübarizə aparmağa da hazırırq. Bu, bizim vətəndaşlıq borcumuzdur”.

“Ağ blok” da ümumilli məsələlərdə dövlətin yanındadır. Bunu qurumun İdarə Heyətinin sədri Tural Abbaslı deyib. O qeyd edib ki, ümummilli məsələdə heç bir siyasi maraq güdmürük: “Biz “Ağ blok” olaraq əvvəldən qeyd etmişik ki, ümummilli məsələlərdə öz siyasi maraqlarımızı üstün tutmuruq. Ümummilli məsələlərdə dövlətin yanında olacağıq. Bu gün Qarabağda aktiv əməliyyatlar gedirsə, siyasi təşkilat kimi bizim də üzərimizə nə düşərsə, ümummilli məsələyə görə lazımi addımları atarıq. İndiki məqamda hesab edirəm ki, ən böyük mövqe bu olmalıdır. Bu bir cümlə bütün təklif və planları özündə ehtiva edir. Ümummilli məsələlərdə hər hansı bir partiya və ya siyasi təşkilatın bu məqamda dövlətin yanında olması mənəvi borcudur. Qarabağ, insan haqları, siyasi məhbus məsələlərində biz hər zaman dövlətin yanındayıq, heç bir siyasi maraq güdmürük”.

Müsavat Partiyasının Divan üzvü Razim Əmiraslanov məsələyə münasibətində “Hər zaman ordumuzun yanındayıq” deyib: “Müsavatın mövqeyini ictimaiyyətə çatdırmışıq.

Torpaqlarımızın azadlığı uğrunda son günlər baş verən bütün bu prosesləri tədqirəlayiq hesab edirik. Biz hər zaman ordumuzun yanındayıq. Üstümüzə nə düşürsə, biz etməyə hazırıq. Düşünürəm ki, tezliklə torpaqlarımız işğaldan azad olunacaq”.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları