Yuxarı

AXCP sədri: “Hakimiyyət fürsətdən istifadə etməli idi”

AXCP sədri:  “Hakimiyyət  fürsətdən  istifadə  etməli idi”

 

“Hərbi əməliyyatların dayandırılmasına hamı üzülüb. Haqqımız da var. Bir də belə tarixi şərait nə zaman yetişəcək ki?..”

Bunu “Cümhuriyət”ə şərhində AXCP sədri Razi Nurullayev cəbhədə atəşkəs razılaşmasına münasibət bildirərkən deyib. AXCP sədri hesab edir ki, Azərbaycan mənasız danışıqları dayandırmalıdır:

“Başa düşmədiyim bir məqam var. Rusiya, ABŞ, Avropa Birliyi, ATƏT Minsk Qrupu və bir sıra beynəlxalq təşkilatlar  işlərini-güclərini kənara atıb üstümüzə düşüblər ki, əməliyyatları dayandırın. Az qala hədə-qorxu dili ilə danışırlar.

Hörmətli cənab Putin, hörmətli Sergey Lavrov, ABŞ-ın vitse-prezidenti hörmətli Co Bayden, turist səfərinə çıxmaqdan doymayan hörmətli həmsədrlər! Siz ki, bizə təzyiq göstərirsiniz və Ermənistanı qoruyursunuz, deyin görək, Qarabağı qaytaracaqsınızmı? Sizin yeriniz istidir, cibinizdə pulunuz, gələcəyiniz parlaq, torpaqlarınız yerində. Bəs düşünmürsünüz ki, bir milyon insan hansı əzab-əziyyətlə yaşayır və torpaq yanğısı ilə alışıb-yanır?

Atəşkəsdir. Dediyiniz oldu. İndi gəlib bizə moizə oxuyacaqsınız. Mən fərd olaraq Azərbaycan prezidentindən, hökumətindən həmsədrlərlə görüşdən imtina etməyi tələb edirəm. Partiya olaraq da bunu tələb edirik”.

AXCP sədri qeyd edib ki, Azərbaycan onlara boyun əyməməlidir:

“Neyləyəcəklər bizə? Başımıza atom bombası atacaqlar? Ata da bilməzlər. Nə atırlar-atsınlar, amma biz davamlı olsaq, bir olsaq, onların hamısını dəf edərik. Azərbaycan hakimiyyəti bu yaranmış şəraitdən istifadə etməli idi. Geri çəkilmək yox. Nə müxalifətdən, nə də başqalarından ehtiyat etmək yox. Hamı birdir. Qəti qərar verib torpaqların azadlığı uğrunda ölüm-dirim savaşına qalxmaq vaxtıdır. Azərbaycandan atəşkəs tələb edənlərdən, Ermənistanın işğalçı rejiminin arxasında dayananlardan isə tələb birdir. Ya, işğal altında olan yeddi rayon qeyd-şərtsiz azad olunur, ya da Azərbaycan müharibə elan edəcək. Bu, bizim partiyanın mövqeyidir”.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları