Yuxarı

Xarici KİV AXCP sədrinə istinadən: “Müharibə riski yüksəkdir"

Xarici KİV AXCP sədrinə istinadən: “Müharibə riski yüksəkdir

AXCP sədri Razi Nurullayev Rusiyanın “en.europeinsight.net” saytına açıqlama verib

Cebhe.info xəbər verir ki, Razi Nurullayev Ermənistan və Azərbaycan arasındakı son qarşıdurma və Dağlıq Qarabağ münaqişəsinin həll perspektivləri barədə danışıb: “Dağlıq Qarabağ münaqişəsi basdırılmış mina kimidir, hər an partlaya bilər. Müharibə riski yüksəkdir. Atəşkəs rejimi gündə bir neçə dəfə pozulur. Azərbaycan Müdafiə Nazirliyinin açıqlamasına görə, təkcə aprelin 3-də qarşı tərəf atəşkəs rejimini 130 dəfə pozub.

Müharibə ehtimalının yüksəlməsinin bir sıra səbəbləri var. Rusiya və ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə 1994-cü ildə Ermənistan və Azərbaycan arasında atəşkəs elan olundu. Danışıqlar prosesi başladı. Lakin 22 ildir danışıqlar nəticə vermir. Azərbaycanlıların əksəriyyəti Minsk Qrupu həmsədrlərini artıq “turist” adlandırırlar. Azərbaycan mediası həmsədrlərin ən bahalı restoranlarda yemək yedikləri, beşulduzlu mehmanxanalarda qalmaları haqqında minlərlə məqalə yayımlayıb. Lakin 1 milyondan çox qaçqın və məcburi köçkün hələ də pis şəraitdə yaşayır.

Müharibə riskinin artmasının birinci səbəbi nəticəsiz davam edən danışıqlar və Minsk Qrupunun fəaliyyətsizliyidir.

İkinci səbəb isə Azərbaycan üçün məqbul deyil. Bu, Ermənistanın mövcud status-kvonu qorumaq cəhdləridir. Mövcud status-kvonun saxlanılması həm sülh üçün təhlükədir, həm də Ermənistanın əlini gücləndirir. Münaqişənin genişlənməsinin qarşısını almaq və Azərbaycan ərazilərinin işğal olunması üçün beynəlxalq səviyyədə tanınmış təşkilatlar və dövlətlərin Ermənistan hökumətinə təzyiq etmələri lazımdır. AŞPA Prezidenti Pedro Aqramunt son bəyanatında bildirdi ki, BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında Ermənistan silahlı qüvvələrini Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarmalıdır.

Müharibə riskinin artmasının üçüncü səbəbi atəşkəsin tez-tez Ermənistan tərəfindən pozulmasıdır. Buna görə də Ermənistanın daxili siyasətində bir təlatüm yaranıb. Ermənistan prezidenti Serj Sarkisyan müxalifətin bir neçə dəfə kəskin etiraz aksiyalarından sonra devrilmək təhlükəsiylə üzləşib. O güc itirir, baş verənlərə görə məhkəmə qarşısına çıxarıla və həbs oluna bilər. Ermənistan prezidenti Dağlıq Qarabağ münaqişəsindən siyasi məqsədləri üçün istifadə edir və iqtidardakı gücünü artırmaq istəyir. Dördüncüsü, Azərbaycandakı qaçqın və məcburi köçkünlərin hökuməti işğal altında olan torpaqları azad etməyə çağırmasıdır. Düşünürəm ki, Azərbaycan prezidenti nəsə etməyə çalışır. Lakin digər yandan erməni təxribatı davam edir. Azərbaycan hökuməti müharibəyə getməyə bilər. Bölgədə sülhü təmin etmək və müharibənin qarşısını almaq üçün Ermənistan öz ordusunu BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi əsasında işğal altındakı Azərbaycan ərazilərindən çıxarmalıdır.

Beşinci səbəb Rusiya ilə bağlıdır. Rusiya danışıqlarda Ermənistana təsir edə biləcək yeganə ölkədir. Dağlıq Qarabağa Azərbaycanın ərazi bütövlüyü çərçivəsində muxtariyyət vermək mümkündür. Ermənistan isə Dağlıq Qarabağın müstəqil olmasına təkid edir. Rusiya isə hələ də baş verənlərə seyrçi mövqeyindən çıxış edir və münaqişənin həllinə səthi yanaşır”.

Mənsur





Həftənin ən çox oxunanları