Yuxarı

“Lavrov planı”nın detalları

“Lavrov planı”nın detalları

 

Moskvadan gələn təhlükə

Ermənistan-Azərbaycan cəbhə xəttində hərbi əməliyyatların səngiməsi diplomatik səylərin önə keçməsi ilə müşahidə olunur. Öncə ATƏT-in Minsk Qrupunun həmsədrləri regiona səfər etdilər, buna paralel olaraq, Ermənistan prezidenti Serj Sarkisyan Berlinə yola düşərək  ATƏT-ə sədrlik edən Almaniyanın federal kansleri Angela Merkellə görüşdü. Bunun ardınca isə Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Bakıya, baş nazir Dmitri Medvedyevin isə Ermənistana və Azərbaycana ardıcıl səfərləri baş tutdu.

Münaqişənin qısa müddətə yenidən başlanması və sülh yolu həllinə dair təşəbbüslərin artması həm Rusiyaya, həm də Qərbə yaranmış situasiyada öz təkliflərini irəli sürmək üçün siyasi zəmin yaratdı. ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik Dağlıq Qarabağ probleminin yeganə həlli yolunun Ermənistanın  Azərbaycan ərazilərindən öz qoşunlarını çıxartmaq olduğunu dedi. Amerikalı diplomatın bu açıqlaması prinsipcə Azərbaycanın irəli sürdüyü təkliflərə dəstək verilməsi demək idi. Xatırladaq ki, Azərbaycan problemin üç mərhələdə həllini nəzərdə tutan tələblər irəli sürüb. Birinci, mərhələdə Dağlıq Qarabağ ətrafındakı 5 rayon (Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı ) azad edilməsi, ikinci mərhələdə Laçın və Kəlbəcər rayonlarının boşaldılması, üçüncü aralıq mərhələdə  isə Dağlıq Qarabağın statusunun beynəlxalq hüquq prinsiplərinə uyğun müəyyən edilməsi nəzərdə tutulur. Həmin şərtlər əslində, ATƏT-in Minsk Qrupu tərəfindən 2009-cu ildə irəli sürülmüş və Azərbaycanın da razılaşdığı “Yenilənmiş Madrid Prinsipləri”ndən ibarətdir. Bu saziş layihəsinə görə, birinci mərhələdə hətta 5 rayonla bərabər Laçın rayonunun 13 kəndi də Azərbaycana qaytarılmalıdır. Dağlıq  Qarabağın status müəyyənləşdikdən sonra Laçın rayonu ərazisindən Ermənistanla Dağlıq Qarabağın əlaqə saxlamasına imkan verən dəhlizin ayrılması təklif edilir. Ancaq Ermənistan “Yenilənmiş Madrid Prinsipləri”ndən imtina etməklə mövcud status-kvonun qorunmasına çalışır. Bu vəziyyət Rusiyanın da maraqlarına uyğundur. Ancaq son günlər Rusiyanın münaqişənin həllində yeni diplomatik səylər irəli sürməsi də diqqəti cəlb edir. Yəni Rusiya mövcud status-kvonu öz maraqlarına cavab verən yeni bir formatla əvəz etmək niyyəti görünür.

“Lavrov prinsipləri” adı verilən bu modelin detalları açıqlanmasa da  Rusiya xarici işlər nazirinin Bakıdan dönən kimi verdiyi mesajlar məsələnin təfsilatına aydınlıq gətirdi.  S. Lavrov  deyib ki, "Azərbaycan Avrasiya İqtisadi Birliyində və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında iştirak etmir, ümid edirəm, bu vəziyyət dəyişəcək". Onun bu fikri Rusiyanın qapalı danışıqlarda təklif etdiyi şərtlərdən xəbər verir. Siyasi ekspertlər hesab edirlər ki, Rusiya 3 və ya maksimum 5 rayonun qaytarılmasına razılıq verə bilər. Amma bunun əvəzində Kreml Azərbaycanın Avrasiya İqtisadi Birliyinə və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olmasını, Rusiya  sülhməramlı qüvvələrinin təmas xəttinə yerləşdilməsini istəyir.

Rusiyanın bu məsələdə strateji maraqlarından biri Azərbaycanın İranla sərhəd boyu ərazilərinə nəzarəti ələ almaq üçün həmin bölgəyə sülhməramlı adı altında öz hərbi qüvvələrini yerləşdirməkdir. Bu isə Azərbaycanın suverenliyi üçün ciddi təhlükə yarada bilər. Həmçinin, problemin həlli “Lavrov prinsipləri” üzrə həyata keçirilsə, bir neçə rayonun  qaytarılmasına baxmayaraq, münaqişə yeni dondurulmuş fazaya keçə bilər. Belə ki, Rusiya sülhməramlıları münaqişə bölgəsinə yerləşdirilsə, digər ərazilərin qaytarılacağına dair təkliflərin gerçəkləşməsi sual altına düşür. Rusiyanın regionda hərbi mövqeyini möhkəmləndirməsi Azərbaycanı Ermənistana təsir imkanlarından məhrum edə bilər. Ekspertlərin fikrincə, ən yaxşı halda Laçın və Şuşanın qaytarılması təklifi sonu görünməyən danışıqlar predmeti olaraq qalacaq. Bu da öz növbəsində, işğal altında qalan digər ərazilərin, o cümlədən Dağlıq Qarabağın qaytarılmasını mümkünsüz edir. Azərbaycanın həmin torpaqları hərbi əməliyyatlar yolu ilə geri qayatrmaq cəhdi isə Rusiyanın məsələyə silahlı müdaxiləsi ilə qarşılana bilər. Qeyd edək ki, Abxaziyada və Cənubi Osetiyada yerləşdirilmiş Rusiya sülhməramlıları bu bölgədə separatizmin mühafizəçisi rolunu oynamaqla yanaşı, 2008-ci ildə Gürcüstana hərbi müdaxilə üçün istifadə istifadə olunmuşdu. Ona görə də Rusiya silahlı qüvvələrinin münaqişə bölgəsinə yerləşdirilməsi bölgədə sabitlik üçün yeni təhdid yaratmaqla bərabər, Azərbaycanın ərazi bütövlüyünün təminatında əngəl yaratmış olar. Rusiyanın Dağlıq Qarabağa öz sülhməramlılarını yerləşdirməkdə digər məqsədi regionda hərbi iştirakını artırmaqla Türkiyəyə və NATO-ya qarşı müqavimət potensialını gücləndirməkdir. Halbuki ATƏT-in 1994-cü il Budapeşt Sammitinin qərarına görə, münaqişə bölgəsində yerləşdiriləcək sülhməramlı qüvvələrin say nisbəti 30 faizdən artıq ola bilməz. Bu baxımdan, Rusiya Dağlıq Qarabağda sülhməramlı missiyanı təkbaşına yerinə yetirə bilməz.

Analitiklər bildirir ki, Azərbaycan hakimiyyətinin Rusiyanın təklifləri ilə razılaşması təhlükəli nəticələrə gətirib çıxara bilər. Kremldə belə bir baxış var ki, ərazi münaqişələrini sərhədlərin rolunun zəifləməsi əsasında həll etmək mümkündür. Yəni onların fikrincə, Avrasiya İqtisadi Birliyində iştirak etməklə ən azı iqtisadi-ticarət sərhədləri aradan götürülə bilər. Rusiya rəhbərliyinin fikrincə, Azərbaycan Ermənistanla birlikdə Avrasiya İqtisadi Birliyində təmsil olunarsa, problemin birdəfəlik həlli, xalqların barışığı üçün münbit zəmin yaranmış olar.

Çünki bu halda Azərbaycan Ermənistanla eyni iqtisadi məkanda və Gömrük İttifaqında yer alacaq ki, bu da iki ölkə arasında siyasi-iqtisadi əlaqələrin yaranmasına, düşmənçiliyin aradan qalxmasına gətirib çıxaracaq. Bir növ, SSRİ dövründə olduğu kimi. Necə ki, hər iki ölkə - xalq - vaxtilə SSRİ-nin tərkibinə daxil olarkən aralarındakı münaqişəyə son qoyulmuşdusa, indi də həmin varianta bənzər bir yol tapıla bilər. Ona görə də itirilmiş torpaqların qaytarılması Azərbaycanın müstəqilliyimizin məhdudlaşması hesabına baş verməməlidir. Onu da qeyd edək ki, rəsmi Bakı AİB-ə üzv olmağa razı olsa belə, bu hüquqi baxımdan mümkün deyil. Münqaişə tam həllini tapmadan və sərhədlər qarşılıqlı suverenlik prinsipləri əsasında tanınmadan Azərbaycan və Ermənistanın AİB-də və Gömrük İttifaqında yer alması baş tuta bilməz.  Həmçinin, Ermənistanla müharibə vəziyyətində olan Azərbaycanın KTMT eyni hərbi blokda təmsil olunmağa razılıq verəcəyi də inandırıcı görünmür.

Xarici işlər naziri Sergey Lavrov Bakıda apardığı danışıqlardan sonra “Biz münaqişənin həllinə çox yaxınıq. Təkliflər masanın üzərindədir”-deyə açıqlama verib. Onun bu sözləri ilk baxışdan ümidverici təsir bağışlasa da qeyd edilən  səbəblər Rusiyanın daha təhlükəli planlar üzərində işlədiyindən xəbər verir. Belə bir planla Azərbaycanın razılaşağacağı isə inandırıcı görünmür. Bu isə cəbhə bölgəsində Azərbaycana təzyiq məqsədilə hərbi təxribatların yenidən baş verməsi ehtimalını artırır.

Müşfiq Abdulla





Həftənin ən çox oxunanları