Yuxarı

Hökuməti çətin günlər gözləyir

Hökuməti çətin  günlər gözləyir

  Vüqar Bayramov: “Ciddi islahatlar aparılmasa...” Bir il ərzində manatın 2 dəfə kəskin dəyər itirməsi, ölkədə total böhranın yaranmasına gətirib çıxardı. Düzgün aparılmayan iqtisadiyyat böhrana düçar oldu. Baş verənlər “İqtisadiyyat məhz neftdən asılıdır” fikirlərini təsdiqlədi. Neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi manatın ucuzlaşmasına səbəb oldu. Ancaq hökumət nümayəndələrinin “neftin qiyməti artdıqca manat möhkəmlənəcək” fikri doğrulmadı. Neftin qiymətimüəyyən qədər artsa da, manat yenə də dəyər itirməyə davam etdi. Bu da “manat neftdən asılıdır” kimi fikirlərin üstündən xətt çəkdi. Bu bir daha sübut etdi ki, manatın məzənnəsi iqtisadi yox, məhz inzibatidir. Atılan addımlar effekt vermədi Son günlər total böhran haqda demək olar ki, heç kim danışmır. Sanki bütün cəmiyyət artıq böhran vəziyyətində yaşamağa öyrənib. Bu hal bir növ hökumətə də sərf etdi. Bir müddət öncə xarici valyuta ilə olan kreditlər, sosial problemlər, gəlirlərin azalması gündəmdən düşmürdü. İndi isə heç kim bu haqda danışmır. Bəs nə baş verdi? Hökumət problemi həll etdimi? Ölkə total böhrandan çıxdımı? Hazırkı vəziyyəti nəzərə alsaq, total böhranın hələ də davam etdiyini və hətta daha kəskin şəkil aldığının şahidiyik. Əhalinin gəlirlərinin azalması bir çox sosial problemlərə gətirib çıxardı. Bunun nəticəsində isə banklarda problemli kreditlərin sayı gündən-günə artır. 2-ci devalvasiyadan sonra hökumət böhrandan çıxmaq üçün müəyyən qədər addımlar atmağa çalışdı. Ancaq bu bir o qədər də effekt vermədi. Bir neçə dövlət qurumunun publik şəxsə çevrilməsi, Apellasiya şuralarının yaranması və gömrükdə aparılan islahatlar demək olar ki, nəticəsiz qaldı. Manatın məzənnəsi süni şəkildə saxlanılır Digər tərəfdən isə manatın dollara nisbətdə təqribən 1.55 məzənnədə saxlanılması da süni şəkildə təşkil edilir. Mərkəzi Bankın süni vasitələrlə manatın dəyərini “sabit” saxlaması da uzun çəkə bilməz. Hal-hazırda ölkədə dollarlaşma prosesi başa çatıb və süni olaraq manata müəyyən qədər tələbat yaradılıb. Ancaq bu vəziyyəti nəzarətdə saxlamaq Mərkəzi Bank üçün o qədər də asan olmayacaq. Mərkəzi Bankın maliyyə resuslarının xeyli azaldığını nəzərə alsaq, manatın yaxın zamanlarda yenidən dəyər itirməsinin şahidi ola bilərik. Kommersiya bankları da bir növ buna hazırlıq görürlər. Artıq banklar kredit şərtlərini xeyli çətinləşdirir və demək olar ki, mümkünsüz hala gətirir. Eyni zamanda banklar valyuta mübadiləsində çox böyük marja faizindən istifadə edir. Bu da bankların xarici valyutanı alıb ancaq satmaq istəməməsi fikirini formalaşdırır. Qeyd edək ki, Mərkəzi Bank üzən məzənnəyə keçidindən sonra valyuta mübadiləsi üçün 4 faizlik marja tətbiq etmişdi. Ancaq bir müddət sonra bu marja faizləri ləğv olundu. Bu da dolların alış və satışında böyük fərqin yaranmasına səbəb oldu. Hökumət böhrandan çıxmağa hazırdırmı? Total böhran ölkənin iqtisadiyyatını demək olar ki, tam çökdürdü. Ölkədə qeyri-neft sektorunun inkişaf etdirilməməsi büdcə gəlirlərinin də azalmasına səbəb oldu. Qeyri-neft sektorunun inkişafına əngəl olan monopoliya hələ də ləğv oluna bilmir. Bu da qeyri-neft sektorunun inkişafını xeyli ləngidir. İqtisadiyyatın neftdən asılılığını azaltmaq üçün qeyri-neft sektorunun inkişafına böyük ehtiyac var. Ancaq hökumət bununla bağlı hələ də ciddi addım atmır. Bununla bağlı hökumət bir neçə qərar qəbul etsə də, hələ ki, bu qərarlar yalnız kağız üzərində qalıb. Bu da hökumətin böhranla bağlı heç bir iş görmür görüntüsünü yaradır. Hökumət tez bir zamanda böhrandan çıxmaq üçün görülən işləri sürətləndirməsə, hazırkı böhran daha da dərinləşəcək. Böhranın dərinləşməməsi üçün hökumət ciddi islahatlara getməyə məcburdur. Qeyd edək ki, böhrandan çıxmaq üçün Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) III hissədən ibarət Təkliflər Paketi hazılayaraq hökumətə təqdim edib. Müvafiq qurumlardan AXCP-nin təkliflərinə müsbət cavab göndərilib. Ancaq təkliflərin verilməsindən uzun zaman keçməsinə baxmayaraq, hökumət heç bir ciddi addım atmayıb. Ciddi islahat aparılmalıdır İqtisadçı-alim Vüqar Bayramov “Cümhuriyət”ə şərhində ciddi islahatların aparılmasına ehtiyac var dedi. Onun sözlərinə görə, islahat aparılmayacağı halda, böhrandan çıxmaq çox çətin olacaq: “Böhrandan çıxmağın və müddətinin azaldılması mütləq islahatların aparılmasından asılıdır. İqtisadi böhrandan çıxmaq üçün iqtisadi islahatların sürətləndirilməsinə ehtiyac var. Müəyyən qədər islahatlar aparılsa da, ancaq bu, effekt vermədi. Daha ciddi islahatların aparılması zəruridir. Genişmiqyaslı islahatlarda əsasən struktur islahatları özünü qabarıq şəkildə büruzə verməlidir. Və bu eyni zamanda kadr islahatları ilə müşahidə olunmalıdır. Elektronlaşdırılma davam etməlidir. Gömrük və bir neçə dövlər qurumlarının birləşdirilməlidir. Biz böhrandan çıxış yolları ilə bağlı Gömrük Komitəsinin Vergilər Nazirliyinə birləşdirilməsini təklif etmişdik. Enerji sektorunda vahid enerji qurumunun formalaşması vacibdir. Böhrandan çıxmaq üçün islahatlar bu istiqamətdə genişlənməlidir. Eyni zamanda xidmətlərin elektronlaşmasına ciddi ehtiyac var. Əgər islahatlar bu istiqamətdə aparılacaqsa, o zaman böhran müddətini müəyyən qədər azaltmaq mümkün olacaq. Əks halda böhrandan çıxmaq heç də asan olmayacaq”. Vilayət Muxtar





Həftənin ən çox oxunanları