Yuxarı

“Yurd” parçalandı

“Yurd” parçalandı

Son aksiyalar “yurd”çuları üz-üzə qoyub Əli Kərimlinin evi önündə keçirilən ardıcıl aksiyalar “Yurd” daxilində ikitirəlik yaradıb.

Bu barədə “Cümhuriyyət”ə verilən məlumata görə, Ə.Kərimli tərəfdarları arasında iki qruplaşma yaranıb. Bu aksiyaların başlanmasında Ə.Kərimlinin son illərdə yürütdüyü siyasətin yanlışlığını hesab edən qüvvələrin narazılığı baş qaldırıb. Bu fikir ayrı-seçkiliyi ötən ilin sonundan başlanmışdı. Təşkilat daxilindəki parçalanmanı son aksiyalar isə daha da dərinləşdirib. Əbülfəz Qurbanlı, Asəf Quliyev, Zərifə Məhəddinova, Kəmalə Bənənyarlı və başqalarının Ə.Kərimlidən ayrılması da məhz içəridəki parçalanmanın ilkin simptomları idi. Gözəl Bayramlı, Nurəddin Məmmədlinin hegemonluğundan narazı qalanlar bir-bir Ə.Kərimlidən qopmağa başladılar.

Hətta Fuad Qəhrəmanlı da bu cərgə olub. Ancaq onun həbsi Ə.Kərimli ilə münasibətlərindəki soyuqluğu nisbətən mülayimləşdirib. Əldə etdiyimiz xəbərə görə, son aksiyalar “Yurd” içində ciddi təlatümlər yaradıb. Ə.Kərimli yanında olanlar bunu hakimiyyətin növbəti sifarişi hesab edir. Ona qarşı daxildəki qruplaşma isə artıq bu siyasətin davam etməsindən bezdiyini kuluarlarda açıq-aşkar deməyə başlayıb. Çünki illərdir Ə.Kərimlinin tutduğu siyasi kurs və kinli-küdurətli xətt siyasətdə uğursuzluğa düçar etməklə nəticələnir. Dünya siyasi praktikasında, qardaş Türkiyədə də iqtidarla mübarizədə əsas hədəf seçkilərdə qalib gəlmək, təşkilatlanma və parlamentdə az-çox mandat qazanmaqdır. Ə.Kərimli qruplaşmasının isə monoton və dəyişməz, rəngsiz və uğursuz siyasi kursu olan-qalan komandasını da uçuruma yuvarladıb. Nəticədə “Yurd” içində parçalanma dərinləşməkdədir.

Cəbhə xəttində baş verənlərlə bağlı Ə.Kərimlinin Zakir Həsənova “nazirimiz” deməsi əvvəlcə tərəfdarları tərəfindən etirazla qarşılanıb. Bunu iqtidara yaxınlaşmaq cəhdi kimi qiymətləndiriblər. Ardınca atəşkəsə verdiyi reaksiyalar, evinin önündə aksiyalar olması tərəfdarlarını ikiqat hiddətləndirib. Onlar hər iki təşəbbüsdə Ə.Kərimlinin siyasi səhvləri olduğunu düşünürlər. “Yurd”dan sızan xəbərlərdə bildirilir ki, Ə.Kərimlinin AXCP-nin Etimad Qurultayından (18 oktyabr 2015-ci il) sonra etimadı itirməsi, əksər rayon şöbələrinin və cəbhəçilərin Razi Nurullayevin tərəfinə keçməsi, “Yurd”un qaragüruhçü üzvlərinin sosial şəbəkələrdə yerli-yersiz replikaları da parçalanmaya səbəb olub. Amma yaşadığı evin qabağındakı aksiyalar artıq didişmələrə gətirib çıxarıb.

Belə ki, narazı tərəfdarları haqlı olaraq sual edirlər: bu siyasi kurs nə vaxta kimi davam edəcək və bu gedişat hansı perspektivi vəd edir? Bu uğursuzluğa dair faktlar da az deyil: Müsavat kimi 100 ilin partiyası ilə münasibətləri korlamaq, ALP-dən uzaqlaşma, ADP və Ümidi partiya kimi qəbul etməmək, REAL-la qarşıdurma, gənclər təşkilatları ilə məsafəli əməkdaşlıq, Milli Şurada təklənmək, ziyalıları, ölkənin nüfuzlu ictimai xadimlərini özündən kənarlaşdırmaq, bezdirmək, yorucu siyasi addımları ilə ruhdan salmaq - Ə.Kərimlinin konsepsiyasının yekunu belədir.

İqtidarı qınayan Ə.Kərimli nədənsə Milli Şurada təkpartiyalılıq yaradıb. Təbii ki, onun kimi düşünməyənlərə iqtidarın adamı damğası vurmağa cəhd etməsi də artıq “Yurd” daxilində narazılıq yaradan səbəblərdən biridir. Bu mənada son aksiyalara görə iqtidar hər nə qədər tənqid olunsa da, bu tənqidlərdə Ə.Kərimlinin də payı var. Onun tərəfdarlarının etirazları isə yaxın günlərdə sosial şəbəkə və mətbuat səhifələrində görünməyə başlayacaq. “Cümhuriyyət”ə daxil olan xəbərdə o da deyilir ki, onun qərarların verilməsində avtoritarlığı ciddi problem yaradıb. Eyni zamanda Ə.Kərimlinin “siyasi mətbəxində” yer alan iki şəxsin - Gözəl Bayramlı və Nurəddin Məmmədlinin də fəaliyyəti “yurdçuları” narazı salıb. Bu, eynilə Müsavatda Arif Hacılı qruplaşmasının fəaliyyətini xatırladır. Bu fəaliyyət sosial şəbəkələrdə üzvlərə verilən təlimatla da əlaqədardır. Ə.Kərimlinin adamlarına verdiyi tapşırıqlar, “Feysbuk hücumu” taktikası, təlimatları yerinə yetirməyənlərin cəzalandırılması artıq sirr deyil.

“Facebook”dakı ən adi statusuna belə çoxlu sayda “bəyənmə”nin (“like”) gəlməsi üçün çoxlu pul ayırıb reklamına böyük xərclər sərf edən Əli Kərimli bununla siyasi arenadakı imicini sıfıra endirib. “Yurd” sədrinin keçirdiyi toplantıların əsas məğzi də bu statuslara gələn “like”lərin hesablanması ilə məhdudlaşır. O da xüsusi bir tapşırıqdır ki, qrupda tutduğu mövqeyindən və statusundan asılı olmayaraq, hamı statusunu paylaşmalıdır. Paylaşmayan qınaq hədəfinə tuş gəlir, “xəyanət”də və bir qayda olaraq, hakimiyyətə işləməkdə ittiham olunur. “Cümhuriyyət”ə verilən məlumatlarda deyilir ki, Ə.Kərimlinin yanındakı narazılar bu sualı da sədrə verirlər: axı, müxalif düşərgənin siyasi komandasında Arif Hacılı, İsa Qəmbər, Mirmahmud Mirəlioğlu, İbrahim İbrahimli, Pənah Hüseyn, Cəmil Həsənli və başqa tanınmış simalar var. Nə üçün təkcə Əli Kərimlinin adı mənfi olaylarla bağlı hallanır? Niyə, İsa Qəmbərin, Mirmahmud Mirəlioğlunun, Pənah Hüseynin deyil, məhz Əli Kərimlinin? Və bu suala cavabda Ə.Kərimli C.Həsənli hələlik istisna, adları çəkilənləri iqtidarla əməkdaşlıqda ittiham edir. Məgər Əli Kərimli onlardan nüfuzludur, populyardır..? Qətiyyən.

Bəlkə, Əli Kərimli öz tərəfdarlarının dediyi kimi, guya daha ciddi rəqibdir, bəlkə geniş sosial bazası var..? Bu variant da ağlabatan deyil. Çünki 2003-cü ilin prezident seçkilərində Əli Kərimlinin dəstək verdiyi Azərbaycan Milli İstiqlal Partiyası çox aşağı göstərici ortaya qoydu. Əli Kərimli 2000-2015-ci illər ərzində Azərbaycan Xalq Cəbhəsi Partiyasını xərcləyə-xərcləyə axırına çıxıb, kiçik bir qrup saxlayıb. Bu isə bacarıqlı, nüfuzlu siyasətçi olmaqla bir araya sığmır. Əgər Əli Kərimli öz komandasında olan dəyərli insanlardan, yaxın tələbəlik dostlarından, müəllimlərindən heç birini də qoruyub saxlaya bilmədisə, bunun səbəbini başqasında deyil, məhz özündə axtarmalıdır. Yaxud bir vaxtlar "Yurd” birliyinin və Əli Kərimlinin əsas aparıcı fiqurları olan Asim Mollazadənin, Əli Məsimlinin, Qulamhüseyn Əlibəylinin bu gün başqa-başqa təşkilatlarda olmasını nə ilə izah edək? Həm də məsələ yalnız bu şəxslərin AXCP-dən, Əli Kərimlinin rəhbərliyindən imtina etməsində deyil.

Adları çəkilənlər Kərimlini bir siyasətçi, dost, insan kimi öz dəftərlərindən siliblər. Bəs bütün bunlara nə ad verək? Axı bu adamların çoxu keçmişin haqq-salamını, duz-çörəyini nəzərə alıb, abırına qısılıb susub. Əli Kərimli isə bütün bunları ayağının altına adıb köhnə dostları xəyanətkar elan etmək üçün bütün təbliğat vasitələrini işə salıb. Son illərin tarixi Əli Kərimlinin dəfələrlə tək dostlarını deyil, öz simasını da dəyişməsinin şahidi olub. Gəlin bu məqamları və həmin məqamlardakı məntiqsizliyi bir-bir diqqətdən keçirək: 1995-ci ildə parlament seçkilərində iştirakı vacib sayan Kərimli bu gün boykotun düzgün yol olduğunu təbliğ edir.

Bu halda boykotun bu gün, yoxsa 20 il öncə vacib olduğu haqda mübahisə açmaq yersizdir. Ortada yalnız bir məntiq qalır: 1995-ci ildə hakimiyyət Əli Kərimliyə mandat vəd etmişdi və bu mandatı qazanmaq üçün bəhanələr uydurulurdu. Beləliklə, 2016-cı ildir və növbəti prezident seçkilərinə iki il qalır. Ə.Kərimlinin ətrafındakı halqa isə daralıb və artıq heç nə yoxdur. Yanında hələlik dayananlar da onun siyasətindən imtina edərək yollarını tək-tək ayırırlar.





Həftənin ən çox oxunanları