Yuxarı

“Qocalan” müxalifət: Gənclər partiyarlan qaçaq düşüb

“Qocalan” müxalifət: Gənclər partiyarlan qaçaq düşüb

Siyasi partiyalar üçün prioritet məsələlərdən biri də gənclər siyasətidir. Partiyaların əsas güc mərkəzi sayılan gənclərin partiyalara cəlb olunması üçün hər zaman işlər aparılır. Ancaq mövcud vəziyyətdə partiyalara nəzər saldıqda bir çoxlarının gənc kontingentinin kifayət qədər olmaması görünür.

Bununla bağlı “Cümhuriyət” qəzeti olaraq partiyalar arasında sorğu keçirdik. Partiyanın gənclər siyasəti aparırmı? Partiyanızda kifayət qədər gənc kontingentiniz varmı?

Vüsal Qarayev: “Partiyada gənclər üstünlük təşkil edir”

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) mətbuat xidmətinin rəhbəri Vüsal Qarayev partiyanın yarandığı gündən gənclərə üstünlük verildiyini deyib:

“Ümumiyyətlə, hazırda AXCP-nin üzvlərinin əksəriyyəti gənclərdən ibarətdir. Partiyanı yenidən formalaşdırmağa başlayanda AXCP sədr Razi Nurullayevin əsas prinsiplərindən biri də məhz bu idi. Düzdür, üzvlərimiz arasında təcrübəli, uzun illərdir partiya sıralarında mübarizə aparan cəbhəçilər də var, lakin gənclər böyük üstünlük təşkil edir. AXCP-nin 1000-ə yaxın gənc üzvü var. Hər gün gənclərin partiyaya qəbulu davam etdiyindən dəqiq say vermək çətindir. Qeyd edim ki, AXCP-nin İdarə Heyətində də gənclər təmsil olunur. Ümumiyyətlə, AXCP-də gənclər siyasəti ən prioritet məsələdir”.

Razim Əmiraslanov: “Gənclərlə problemimiz yoxdur”

Müsavatın Məclis üvzü Razim Əmiraslanov bildirib ki, partiyada kifayət qədər gənc üzvləri var: “Müsavatda gənclərə hər zaman çox böyük önəm verilib. Və eyni zamanda bizim gənclər təşkilatımız var. Hər rayon təşkilatımızda gənclər fəaliyyət göstərir. Eyni zamanda məclisdə və başqa strukturlarda gənclər təmsil olunurlar, onların fəaliyyəti üçün hər cür şərait yaradılıbdır. Müsavat Partiyasında savadlı, intellektual gənclər şəbəkəsi yaradılıbdır. Mən düşünmürəm ki, bizdə gənclərlə bağlı hər hansı bir problem yaransın”.

Taliyət Əliyev: “Onları partiyaya cəlb etmək o qədər də asan deyil”

Azərbaycan Demokrat Partiyası sədrinin müavini Taliyət Əliyevin sözlərinə görə, gənclərin siyasi partiyaları axını çox azdır: “Gənclər siyasəti partiyaların qarşısına qoyduğu ən prioritet məsələdir. Azərbaycan Demokrat Pariyası olaraq üzvlərin cəlb olunmasında hər zaman gənclərə üstünlük veririk. Partiya özü də bir siyasi inistutdur.

Cəmiyyətin siyasi yöndə maariflənməsini həyata keçirən bir qurumdur. Bu baxımdan biz gənclərin partiyaya cəlb olunması, siyasi yöndə mariflənməsi və cəmiyyətdə də yetkin bir vətəndaş kimi formalaşması istiqamətində öz fəaliyyətimizi zaman-zaman inkişaf etdirmişik. İndi də bu istiqamətdə işlərimiz gedir. Ancaq indi Azərbaycanda mövcud ictimai-siyasi vəziyyət elədir ki, siyasi partiyalara axın gənclər arasında o qədər də intensiv deyil. Bu da partiyaların perspektivlərinin zəif olması ilə bağlıdır. Partiya həm də vətəndaşın dövlətin həyatında bu və ya digər şəkildə rol oynayan bir qurumdur. Bir tramplin rolunu oynayır. Ancaq çox təəssüflər olsun ki, Azərbaycanda bu tamamilə əksinə fəaliyyət göstərir. Ölkədəki siyasi vəziyyət demokratik seçkilərin keçirilmədiyindən, demokratik prinsiplərə can vermədiyindən gənclər arasında siyasi partiyalara meyllilik çox aşağı səviyyədədir.

Gənclər partiyaya gəlir və nəticədə oxuduğu təhsil müəssisəsində təzyiqlərə və ya repressiyalara məruz qalır. Bu baxımdan gəncləri partiyaya cəlb etmək o qədər də asan deyil. Amma bütün bunlara baxmayaraq, mövcud imkanlar daxilində çalışırıq ki, gəncləri partiyaya cəlb edək. Onların siyasi biliyinin artmasına şərait yaradaq.

Bu gün mən deməzdim ki, Azərbaycan Demokrat Pariyasının gənclər kontingenti o qədər də böyükdür. Mövcud imkanlar daxilində nə mümkünsə onu edirik. Məndə gənclərin sayının nə qədər olması haqda dəqiq bir rəqəm yoxdur. Düzdür, son zamanlar gənclərdə siyasi partiyalara meyllilik müəyyən qədər artıb. Ancaq yenə də çox aşağı səviyyədədir”.

Ümid Partiyası sədrinin müavini İsmayıl Mirzəcanov bildirib ki, getdikcə gənc üzvlərinin sayı artır:

“Ümid Partiyası ümumiyyətlə, gənclər siyasəti terminini bəyənmir. Siyasətdə hər kəsə yer var. İqbal Ağazadə bu yaxınlarda özünə gənc müavinlər təyin etdi. Hal-hazırda da gənclərin partiyaya axını davam edir”.

Xəzər Teyyublu: “Ölkədə elə bir durğunluq yaranıb ki...”

Klassik Xalq Cəbhəsi Partiyasının sədr müavini Xəzər Teyyublunun sözlərinə görə gəncləşmə siyasəti nə qədər çətin olsa da, davam edir: “Bizim partiyanın da Gənclər Təşkilatı var. Bizim gənclər də partiyaların qaydalarına uyğun olaraq fəaliyyət göstərirlər.

Dəqiq gənclərin sayını deyə bilmərəm. Amma tədbirlərimizdə kifayət qədər fəal iştirak edirlər. Azərbaycan da demokratiya uğrunda mübarizə aparırlar.

Hal-hazırda ölkədə elə bir siyasi durğunluq yaranıb ki, gəncləri partiyalara cəlb etmək çətinləşib. Bu iş çətin olsa da, amma davam edir. Hər bir halda gənclər də partiyanın inkişafına öz töhfələrini verirlər”.

Ramil Hüseynov: “Gənclərə böyük ehtiyacımız var”

Vətəndaş və İnkişaf Partiyasının İcra Aparatının rəhbəri Ramil Hüseynov, gənclər siyasətinin yenidən aparıldığını vurğulayıb: “Təbii ki, hər partiyada gənclər siyasəti olmalıdır. Dövr, zaman, dünya dəyişilir və gənclərə böyük ehtiyac yaranır. Partiyanın inkişaf yolunda gənclərə hər zaman ehtiyacı var. Bizim partiya da gənclər siyasəti ilə bağlı yeni bir komissiya yaradıb. Partiya bütün rayon təşkilatlarının yenidən bərpasını qarşısına məqsəd qoyub. O cümlədən partiyada qadın təşkilatının yaradılması üçün işlər aparılır. Gələcək də yeni gənclər təşkilatının yaradılması ilə bağlı məlumat veriləcək”.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları