Yuxarı

Müsavat “gələcəyi”ni itirir

Müsavat “gələcəyi”ni itirir

Partiya “ağsaqqallar klubu”na çevrilib

Tural Abbaslı: “Onlara rəqabət lazım deyil”

Rövşən Dəmirli: “Gözləyirdik ki, İsa Qəmbər barışdırıcı mövqe tutacaq, amma...”

Müsavat Partiyasının 2014-cü il Qurultayı ətrafında baş verənlər təşkilatı parçaladı. Nəticələrin saxtalaşdırılması ittihamları müsavatçıları iki yerə - Tural Abbaslı və Qubad İbadoğlu cəbhələrinə ayırdı. Tural Abbaslı və tərəfdarlarından fərqli olaraq, Qubad İbadoğlu cəbhəsi Müsavat rəhbərliyini məhkəməyə verdi.

Məhkəmə narazı müsavatçıların iddialarını təmin etməsə də, bu, partiya daxilində Arif Hacılı klanına qarşı yaranmış çatı dərinləşdirdi. İşin ilginc tərəfi Müsavatın üçbucaq formasında parçalanması deyildi, gənc müsavatçıların Arif Hacılı diktaturasına etiraz edərək kütləvi formada partiyadan uzaqlaşmaları idi. Bir qayda olaraq, istefa verənlər ya Qubad İbadoğlunun ADR Hərəkatında, ya da Tural Abbaslının “Ağ” Blokuna üz tutdular. Qurultay hadisələri beləliklə, tarixin sınaqlarından üzüağ çıxmış qocaman Müsavatı “ağsaqqallar klubu”na çevirdi.

Balaca bir “ağsaqqallar klubu”

Prinsipcə, Arif Hacılının yaşının çox olmadığı və siyasət üçün gənc, həm də təcrübəli olmasını əsas gətirmək olar. Lakin Qurultaydan əvvəl marafonda Tural Abbaslı və Qubad İbadoğlunu yeni başqan görmək istəyənlərin sayının çox olması göstərirdi ki, Arif Hacılının bu yolda şansı yoxdur. Lakin gözləntilər özünü doğrultmadı və İsa Qəmbərin əsas namizədi Arif Hacılı başqan seçildi. Maraqlı idi ki, yeni başqanın Arif Hacılı olmasına baxmayaraq, Qurultayın saxtalaşdırılması ittihamını irəli sürənlərə partiyanın qapısını İsa Qəmbər göstərmişdi. Sabiq başqanın bu hərəkəti gənclərin Müsavatdan uzaqlaşmasında, təşkilatın “ağsaqqallar klubu”na çevrilməsində əsas faktor oldu. Görünən odur ki, Arif Hacılı - İsa Qəmbər tandemi üçün yalnız qocalardan ibarət kiçik Müsavat Partiyasını idarə etmək rahatdır. Həmçinin siyasətdə və həyatda qürub çağlarını yaşayan qoca müavinlər və üzvlərlə diqtə dilində danışmaq daha asandır, nəinki partiyada gəncləşdirmə siyasəti tələb edən enerjili gənclərlə rəqabət...

“Qurultaydan bir il əvvəl gənclərə total hücum başlamışdı”

Müsavat funksioneri, “Ağ” Blok idarə heyətinin sədri Tural Abbaslı “Cümhuriyət”ə açıqlamasında görünüş etibarilə partiyanın “ağsaqqallar klubu”na oxşadığını etiraf edib: “Məqsəd başqadır. Arif Hacılıya partiyanı rahat idarə edə bilməsi üçün istədiyi struktur lazımdır. Bu struktur da elə olmalıdır ki, orada emosiyalar, rəqabət az olsun. Emosionallıq və rəqabət də əsasən gənclər arasında olur. Hələ Qurultaydan bir il qabaq Müsavatın Gənclər Təşkilatına total hücumlar başlamışdı. Nəticədə mənə yaxın adam kimi gənclər təşkilatının sədri Cavid Hacıbəylinin sədrliyi ləğv olundu, təşkilatdan çıxarıldı. Gəncləri Müsavatdan uzaqlaşdırmaqla partiyanı idarə oluna bilən quruma çevirdilər. Əgər məqsəd balaca bir müxalifət qurumu yaradıb buna rəhbər olmaqdısa, buna nail olublar”.

“İsa Qəmbər dedi ki...”

Müsavatın keçmiş üzvü, Azərbaycan Demokratiya və Rifah Hərəkatının təşkilati məsələlər üzrə departamentinin rəhbəri Rövşən Dəmirli “Cümhuriyət”ə Qurultaydan sonra nəticələrdən narazı qalanlardan birinin də özü olduğunu xatırladıb: “Qurultaydan sonra dəfələrlə narazılıqlarımızı, iradlarımızı bilmdirməyimizə baxmayaraq, onlar başda Qubad İbadoğlu olmaqla bizim hamımıza qarşı aqressiv mövqe tutdular. Mən, Ellada Məmmədli və Müsavatın digər tanınmış simalarını partiyadan xaric etdilər. Bunun səbəbi tənqidə dözümsüzlük idi.

Bizim iradımız odur ki, qurultaydan əvvəl və sonra partiya düzgün olmayan mövqe tutub. Bəlkə də bilərəkdən tanınmış simaların Müsavatda qalmasını istəmirdilər. Çünki partiyanı kluba çevirmək istəyirdilər. Bu proseslərin başında İsa Qəmbər və Arif Hacılının dayandıqlarını düşünürəm. Vəziyyətin bu cür alınmasına rəvac verən adamlar da onlardır. Gözləyirdik ki, ümumrespublika müşavirəsində İsa Qəmbər barışdırıcı bəyanat səsləndirəcək. Amma İsa bəy dedi ki, “qapı açıqdır, getmək istəyənlərə yaxşı yol”. Bundan sonra vəziyyət daha da gərginləşdi. Kütləvi istefalar da bundan sonra başladı”.

Mənsur





Həftənin ən çox oxunanları