Yuxarı

Qarabağ: Danışıqlar bitdi

Qarabağ: Danışıqlar bitdi

Cümşüd Nuriyev: “Ermənistan itirdiyi mövqeləri geri qaytarmaq istəyir”

İqbal Ağazadə: “Müharibə Rusiyaya sərf etmir”

Ermənistan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanla danışıqlardan imtina etdiyini bildirib. Ermənistan prezidenti Serj Sərkisyan “Bloomberg”ə açıqlamasında ölkəsinin Azərbaycanla danışıqlardan imtina etdiyini və indiki şərtlər daxilində danışıqlar prosesinə qayıtmağı planlaşdırmadığını deyib.

Münaqişə dondurulur?

Politoloq Cümşüd Nuriyev məsələ ilə bağlı Cebhe.info-ya bildirib ki, Ermənistanın danışıqlardan imtina edəcəyi gözlənilən idi. C.Nuriyev bunu Ermənistan hakimiyyətinin Qarabağ klanının əlində olmasıyla əlaqələndirib: “Uzun müddət idi ki, bu klan Azərbaycanla mübarizədə itirdiyi mövqeləri geri qaytarmaq istəyirdi. Ermənistanın bu addımı atması Serj Sərkisyanın ideyası deyil. Hal-hazırda Ermənistan iki tərəfə baxmaq məcburiyyətindədir. Ermənistanı maliyyələşdirən ABŞ və Fransa bu ölkənin Qərbə yaxınlaşmasını tələb edir, Rusiya isə əksini. Rusiya Ermənistanı tamamilə öz nəzarətinə götürmək istəyir. Sərkisyan başçı kimi istədiyi siyasəti həyata keçirə bilmir. Çünki Rusiya Ermənistanın vassalıdır, əslində 89-cu qurumu kimi bir şeydir. Amma Ermənistanın danışıqlardan imtina etməsi Azərbaycanın siyasi qələbəsi sayılsa da belə, bizim üçün çox ciddi problemlər yarada bilər. Ermənistanın arxasında Qərb və Rusiya dayanıb, bir xristian həmrəyliyi var. Bu həm beynəlxalq, həm də regional müstəvidə Azərbaycana problemlər yaradır. Amma Azərbaycanın burada bir qələbəsi var. Azərbaycan bu günədək elan edir ki, Ermənistan danışıqları pozmağa çalışır. Azərbaycan bununla da bir daha öz fikirlərini təsdiq etmək imkanı qazandı. Digər tərəfdən Azərbaycan siyasi mövqeyini möhkəmlədəcək. Azərbaycanın hərbi mövqeyi də müəyyən qədər möhkəmdir. Amma gələcək danışıqlar dalana dirənmiş hesab olunacaq. Yəni Azərbaycan bu məsələni hərbi müstəviyə keçirə bilməyəcək və Ermənistan da müvəqqəti olaraq bunu donduracaq ki, Dağlıq Qarabağın yeni status-kvosu gündəmə gəlməsin. Bu o deməkdir ki, Qarabağ məsələsi Azərbaycan üçün yenidən siyasi cəhətdən dondurulur. Məsələ yenidən çıxmaza girir, Ermənistan da bununla Azərbaycanı belə bir vəziyyətə salmaq iqtidarına sahib olmaq istəyir.

Nə baş verə bilər?

Ümid Partiyasının sədri İqbal Ağazadə Cebhe.info-ya bildirib ki, status-kvonun dəyişdirilməsinin mümkünsüz olduğu əvvəlcədən məlum idi: “Status-kvo dəyişməyəcək və

danışıqların heç bir perspektivi yoxdur. Çünki Rusiyaya dinamitli, perspektivi görünməyən, xalqları üz-üzə qoymayan konflikt lazımdır. Buna görə də, hesab edirəm ki, Ermənistanın atdığı addımda təəccüblü heç nə yoxdur. Bundan sonra müharibə variantı istisnadır. Ola bilər ki, atəşkəs qısa və uzunmüddətli pozulsun. Amma Dağlıq Qarabağ münaqişəsinin həllində ciddi döyüşlərə səbəb olan müharibə baş verməyəcək. Çünki konfliktin düyməsi Rusiyanın əlindədir və bu müharibə ona sərf etmir”.

Mənsur Rəğbətoğlu





Həftənin ən çox oxunanları