Yuxarı

AXCP-nin təklifi dəstəklənir

AXCP-nin təklifi dəstəklənir

Kamil Bədəlov: “Bütün zümrələri birləşdirən quruma ehtiyac var”

Ruslan Rzayev: “Bu işdə hər kəs səfərbər olmalıdır”

Rizvan Talıbov: “Şura bugünkü reallığa cavab verən bir qurum olacaq”

AXCP Qarabağ danışıqları ilə bağlı Azərbaycan dövlətinin maraqlarının təmin olunması, Azərbaycan dövlət başçısının sülh danışıqlarında xalqımızın bütün zümrələrinin maraq və istəklərini özündə ehtiva edən mövqe sərgiləməsi üçün “Vahid Qərar Şurası”nın yaradılması təklifini irəli sürüb.

Aprelin 29-da Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Xalq Cəbhəsi Partiyasının təklif etdiyi Vahid Qərar Şurasının ictimai müzakirəsi keçirilib. Tədbirdə iştirak edən siyasi partiyaların təmsilçiləri, ictimai fəallar, müstəqil ekspertlər, ziyalılar AXCP-nin bu təklifini yüksək qiymətləndirdiklərini vurğulayıblar.

AXCP sədrinin müşaviri Kamil Bədəlov “Cümhuriyət”ə deyib ki, Vahid Qərar Şurasının yaradılması çox mühüm addım olacaq:

“Vahid Qərar Şurasının yaradılması çox mühüm məsələdir. Burada dövlət nümayəndələri, ictimai birliklər, nüfuzlu elm xadimləri, siyasi partiyalar, Yazıçılar Birliyi, həmkar ittifaqları, Qarabağ təyinatlı ictimai birliklər, media nümayəndələri, işğal altında olan torpaqların deputatları iştirak etməlidir. Bir sözlə xalqın bütün zümrələrini özündə cəm edən Vahid Qərar Şurası olmalıdır. Vahid Qərar Şurasının yaradılmasında məqsəd xalqın və dövlətin vahid mövqeyini ortaya qoymaqdır. İndiki dönəmdə bu, çox vacib məsələdir. Vahid Qərar Şurasının yaradılması strateji baxımdan xalqımız və dövlətimiz üçün çox mühüm addım olacaq”.

“Cümhuriyət”ə şərhində beynəlxalq məsələlər üzrə ekspert Ruslan Rzayev AXCP-nin bu təklifini yüksək qiymətləndirdiyini bildirib. Onun sözlərinə görə, bu işdə hər bir kəs səfərbər olmalıdır:

“Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın bir nömrəli problemi olmaqla yanaşı, bütün Cənubi Qafqazda sülhü əngəlləyən əsas maneədir. Regionun inkişafı, sabitlik münaqişənin həllindən keçir. Azərbaycan daim çalışdı ki, münaqişə sülh yolu ilə həll olunsun. Lakin aprel döyüşləri göstərdi ki, Ermənistan dövləti, erməni daşnakları buna hazır deyil, hətta Azərbaycandan yenə torpaq qoparmaq fikrindədirlər. AXCP Qarabağ danışıqları ilə bağlı Azərbaycan dövlətinin maraqlarının təmin olunması, prezidentin sülh danışıqlarında xalqın bütün təbəqələrinin istəklərini özündə ehtiva edən mövqe sərgiləmək üçün “Vahid Qərar Şurası”nın yaradılması təklifini çox müsbət hall kimi qiymətləndirirəm.

Vahid Qərar Şurasının işci qrupunun yaradılması,siyasi partiyaların, ziyalıların, cəmiyyətdə söz sahibi olan bütün şəxslərin bu işə cəlb olunması ücün AXCP tərəfindən işlər görülür. Cəmiyyətin, dövlətin və hər bir şəxsin Qarabağla bağlı Azərbaycanın vahid mövqedə olduğunu dünyaya çatdırmağın tam zamanıdır. Bu işdə hər kəsi səfərbər olmağa çağırıram. AXCP-yə isə bu işdə uğurlar arzu edirəm və biz də əlimizdən gələni əsirgəməyəcəyik”.

Qərbi Azərbaycana Qayıdış Hərəkatının rəhbəri Rizvan Talıbov bildirib ki, Vahid Qərar Şurası bugünkü reallığa cavab verən bir qurumdur:

“Bizim qurumun fəaliyyəti ondan ibarətdir ki, 1988-ci ilə qədər Qərbi Azərbaycandan silah gücünə qovulmuş vətəndaşlarımız öz torpaqlarına geri qayıtsın. Bu o halda mümkündür ki, Ermənistan dövləti ilk növbədə, onların təhlükəsizliyinə təminat verməlidir və təminatın qarantı olaraq da Dağlıq Qarabağa veriləcək status bərabər bir statusda o bölgəyə verilməlidir. Bununla bağlı biz uzun müddətdir işlər aparırıq. Hesab edirəm ki, bugünkü reallıqla da bizim məqsədlərimiz üst-üstə düşür. Vahid Qərar Şurası bu gün qarşıya dövlətin və millətin maraqlarına xidmət edən məsələlər qoyub. Həmin məsələlər uğrunda fəaliyyət göstərəcəyinə əminəm və güman edirəm ki, bugünkü reallığa cavab verən bir qurum olacaqdır.

Vahid Qərar Şurasının məqsədi Dağlıq Qarabağ məsələsində yekdil bir fikrin ortaya qoyulmasıdır. Hesab edirəm ki, Vahid Qərar Şurasının geniş tərkibdə təsis iclasında bizim də iştirakımız olarsa, bu qurumun uğur qazanması üçün bizim də müəyyən təkliflərimiz ola bilər”.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları