Yuxarı

Razi Nurullayev: “Rusiya bizə heç nə qazandırmır, yolumuz Avropaya olmalıdır”

Razi Nurullayev: “Rusiya bizə heç nə qazandırmır, yolumuz Avropaya olmalıdır”

“Son 10 ildə Avropa Birliyi Azərbaycanın neft sektoruna qoyulan bütün sərmayələrin 42%-nə, qeyri-neft sektorunun isə 35%-nə sahibdir. Yəni əsas sərmayəçi Avropa Birliyidir. Əgər Azərbaycanla Avropa Birliyi arasında daha yaxın münasibətlər qurulsa və ölkəmiz Şərq Tərəfdaşlığı çərçivəsində Assosiasiya Sazişinə imza atsaydı, o zaman bu pay daha da böyük ola bilər, dolayısı ilə manatın da möhkəmlənməsinə töhfə vermiş olardı”.

Cebhe.info xəbər verir ki, bunu hazırda Brüsseldə Avropa Birliyi Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunda iştirak edən Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Razi Nurullayev deyib. Sədr bildirib ki, Azərbaycanın əsas tərəfdaşının Avropa Birliyi olduğu halda Assosiasiya Sazişini imzalamaqdan vaz keçməsinin tək səbəbi Rusiyadır:

“Azərbaycan Rusiyanı tapdalayıb keçmək istəmir. Bəs bunun müqabilində nə qazanırıq? Heç nə. Əgər Rusiya Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllində Azərbaycana yardımçı olmursa, biz niyə dövlətimizin iqtisadi maraqlarına zərbə vurmalıyıq? Ölkədə ağır iqtisadi-sosial böhran davam edir. Əhali kifayət qədər kasıblaşıb. İşsizlik pik həddə çatıb. Belə bir vəziyyətdə Avropa Birliyi ilə daha yaxından əməkdaşlıq vacibdir. Ötən gün dövlət başçısı İlham Əliyev də münasibətlərin yeni mərhələyə qədəm qoya biləcəyi ilə bağlı anons verib. Lakin Azərbaycanın siyasi elitasının Assosiasiya Sazişi imzalaması real görünmür. Yəqin ki, söhbət Azərbaycan tərəfinin Avropa Birliyinə təqdim etdiyi strateji tərəfdaşlıq sənətindən gedir. Amma əminəm ki, Avropa Birliyi bu sənədi müzakirə etmək istəmir. Əgər onlar Azərbaycan ilə ikitərəfli qaydada belə bir saziş imzalayarsa, o zaman bütünlükdə Şərq Tərəfdaşlığı təhlükə altına alına bilər. Bu presedentin yaranması Avropa Birliyinin marağında olmayan məsələdir”.

“Azərbaycanın yolu Avropa yolu olmalıdır”,-deyən AXCP sədri “Texnologiya, yüksək təhsil oradadır. Biz real olandan hürküb, qaranlığa girə bilmərik. Mövqeyimiz qəti və birmənalıdır. Azərbaycanın siyasi elitasının Avropa Birliyi ilə Assosiasiya Sazişi imzalaması bir zərurətdir”,- deyə vurğulayıb.

 





Həftənin ən çox oxunanları