Yuxarı

AXCP sədrindən islahat təklifi: “Məmurların sayını yarıbayarı azaltmaq lazımdır”

AXCP sədrindən islahat təklifi: “Məmurların sayını yarıbayarı azaltmaq lazımdır”

“Ümumiyyətlə, ölkənin ASANlaşması müsbətdir və heç bir narazılığım yoxdur. Bununla bərabər, xidmətlərin ASAN Xidmətə verilməsi həm də dövlət qurumlarının yarıtmazlığının bariz isbatıdır. Bir çox xidmətlərin ASANlaşması vacibdir və ümid edək ki, belə də olacaq. Bəs o zaman 20-yə qədər nazirliyin, ona qədər komitənin, bir neçə dövlət agentliyinin, onlarla digər dövlət müəssisələrinin saxlanılmasına nə ehtiyac var?”

Cebhe.info xəbər verir ki, bu sözləri AXCP sədri Razi Nurullayev deyib.

Partiya sədrinin sözlərinə görə, həmin dövlət qurumları əslində büdcə vəsaitinin sömürülməsi ilə məşğuldur:

“Bu onlarla dövlət idarələrində minlərlə məmur kütləsi, yüzlərlə müdir və rəhbərlər oturur, büdcəni sümürür. Prezident islahat anonsu verib, bir neçə addım atıb, amma işlər çox ləng gedir. Məmur kütləsinin yarıbayarı azaldılması gərəkdir. Zamanı ilə bir sıra nazirliklər şəxslərə görə yaradılıb. İndi onların ləğvinin vaxtı deyilmi?”

Razi Nurullayev hesab edir ki, konkret və qəti addımlar atmağın zamanıdır:

“İslahatlar ləng getdikcə və onlarla korrupsioner yerində qaldıqca, əhalinin sosial rifah halı düzəlməyəcək. İslahatlar yeni kadrların işə cəlb edilməsi ilə möhkəmləndirilərsə, nəticə olacaq. Yoxsa rayonlarda, şəhərlərdə sənaye kvartalları, zonaları qurmaqla iş bitməz. Kadrlar ora sərmayə və texnologiya cəlb etməlidir. Kim edəcək bunu? İcra başçıları? Hansı ki torpaq satmaq, onun-bunun qurduğu işə şərik olmaq və qurulan işlərdən xərac yığmaq işini bacarırlar.

Ölkə ASANlaşsın. Amma yarıtmaz qurumlar da ləğv edilsin. Yüz minlərlə məmur zəli kimi büdcəni sorur və talayır. Nəticə görmək istəyirik, nəticə isə yoxdursa, islahatlar da gözdən pərdə asmaq üçündür”.

Partiya sədri İranla vizaya ehtiyac olmadığı qənaətindədir:

“Əlavə olaraq, Türkiyə ilə viza rejiminin aradan qaldırılması vacibdir. Hətta İranla belə vizaya ehtiyac yoxdur. Kim sənə narahatlıq yaradırsa, başqa işlərlə məşğul olursa, 5 illik qadağa qoy və məsələ bitsin. Turizm istəyiriksə, daha çox ölkələrlə vizasız rejimə keçmək zərurətdir. Hər şeyi siyasətə bağlayıb, iqtisadiyyatı məhv etmək olmaz”.





Həftənin ən çox oxunanları