Yuxarı

Gecikən islahatlar

Gecikən islahatlar

Rafiq Daşdəmirli: “Səhiyyə sistemində şəffaflığa ehtiyac var”

Səbuhi Aslanbəyli: “İslahatlar olmasa, böhran dərinləşəcək”

“Bu ölkədə bütün mürəkkəb məsələlər ASAN xidmətdə asanlaşır. Asan-laşmayan təkcə yaşamaqdır. ASANlaşmanın əleyhinə deyiləm. ASAN-laşma nə qədər çox sahəni əhatə edərsə, o qədər də rüşvət və süründürməcilik azalar”.

Bu sözləri Cebhe.info-ya açıqlamasında Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) funksioneri Rafiq Daşdəmirli deyib.

AXCP funksioneri deyib ki, səlahiyyəti ASAN Xidmətə verilən dövlət qurumu ləğv edilsə yaxşı olar:

“Əgər fəaliyyəti yoxdursa, onun saxlanılmasına ehtiyac yoxdur. Əslində, ölkədə səhiyyə də daxil olmaqla bütün sahələrin ASAN-laşmasına ehtiyac var. Ən əsası da səhiyyə sistemində şəffaflığa ehtiyac var. Neçə illər ərzində səhiyyə sisteminə yatırılmış vəsait, yeni, müasir avadanlıqlar, yeni, gözəl binalar ölkədə səhiyyə xidmətinin inkişafına nə dərəcədə təsir edə bilib? Məsələyə sırf sadə xalqın mənafeyindən yanaşırıq. Xalq isə birmənalı şəkildə narazıdır. Səhiyyədə olan haqsızlıq, süründürməçilik digər qurumlardan daha çoxdur. Səhiyyədəki özbaşınalıq, haqsızlıq, savadsızlıq, rüşvətxorluq, soyğunçuluq belə deməyə əsas verir ki, bu sistemi mütləq ASAN-laşmalıdır. Yaxşı olardı ki, yeni formatda səhiyyənin ASANlaşması baş versin. ASAN xidmət kimi, ASAN səhiyyəyə də ehtiyac var. ASAN xidmət necə şəffafdırsa, ASAN səhiyyə də eyni prinsiplə fəaliyyət göstərsin. İnsanlarımız müalicə üçün qonşu ölkələrə üz tuturlar. Səhiyyə ASAN-laşarsa, qonşu ölkələrə milyonlarla vəsaitin qarşısını almaq olar. Özümüzün savadlı, vicdanlı həkimlərimiz, professorlarımız, akademiklərimiz var. Bu millət mövcud səhiyyə bəlasından qurtulmasa, nəticə acınacaqlı olacaq”.

AXCP-nin digər funksioneri Səbuhi Aslanbəyli isə hesab edir ki, hökumət bütün sahələr üzrə islahatlar aparmadıqca vəziyyət daha da ağırlaşacaq:

“Azərbaycanda siyasi və iqtisadi islahatlar yubanır. Bu ilin əvvəlində dövlət başçısı ölkədə həm iqtisadi, həm də siyasi sahədə islahatların aparılması yönündə bir-birinin ardınca bir cox sərəncamlar imzaladı. Lakin bununla yanaşı, hakimiyyətdə təmsil olunan köhnə “mühafizəkar qvardiya” sərəncamların icrasına mane oldular və dövlət başçısına ənənəvi üsul-idarənin vazkeçilməz olduğunu sübut etməyə calışdılar”.

Onun sözlərinə görə, köhnə qvardiya mövqeyini qorumaq üçün müxtəlif gedişlərə baş vurur:

“Məsələn, 4 günlük aprel döyüşləri zamanı “ölü”nü diriltməyə cəhd etdilər, Əli Kərimlini gündəmə gətirib “xoxan” kimi qələmə verdilər. Daha sonra neftin qiymətinin artması və sabitləşməsi bu islahatların arxa plana keçməsinə səbəb oldu”.

AXCP yetkilisinin sözlərinə görə, hakimiyyət siyasi islahata getməsə, vəziyyət getdikcə daha da gərginləşəcək:

“Beynəlxalq aləmdəki təzyiqlər əvvəlki illərdən fərqli olaraq daha intensiv xarakter alib. Bu müstəvidə hakimiyyət tərəfindən siyasi islahatların aparılması qaçılmazdır. İdarəetmədə struktur dəyişiklikləri həyata keçirilməli, inkişafa mane olan, bir-birini təkrarlayan, səmərəsiz işləyən strukturlar ya ləğv olunmalı, ya da onların fəaliyyəti təkmilləşdirilməlidir. Bu təyziqlər nəticəsində hakimiyyət tərəfindən müxalifət partiyaları ilə dialoq məsələsinin gündəmə gətirilməsi də bu qəbildən olan proseslərin davamı olaraq görünməlidir. Nəticə etibarı ilə siyasi islahatlar qacılmazdı. Bura həm siyasi məhbusların azad edilməsindən tutmuş demokratik seçki mühitinin formalaşmasına qədər daxil etmək olar. Əgər hökumət siyasi islahatlara getməsə, həm siyasi böhran dərinləşəcək, həm də xalqla hakimiyyət arasında uçurumun böyüməsinə gətirib çıxaracaq”.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları