Yuxarı

AXCP sədri hökumətə çıxış yolu göstərdi

AXCP sədri hökumətə çıxış yolu göstərdi

“Formula” 1 yarışlarının, eləcə də digər beynəlxalq yarış və tədbirlərin Azərbaycanda keçirilməsinə nəinki qarşıyam, hətta bunun üçün daha böyük səy və əmək sərf edilməsinin lehiniyəm. Turistlər də gəlsin, ölkə də tanınsın və dünyaya daha da yaxşı inteqrasiya edək. Amma nə zaman ki, bu tədbirlər Azərbaycan vətəndaşlarına narahatlıq gətirir, onlarda qıcıq yaradır, lazımsız yerə pullar xərclənir, o zaman tamamən bu tip tədbirlərin əleyhinəyəm. Formula 1 yarışları baş vermiş faktdır. İdman naziri Azad Rəhimovun da dediyinə görə hələ on il də bu tədbiri keçiriməliyik. Bunun üçün də indiki anlamda bu yarışların əleyhinə olmaq heç nəyi dəyişmir”.

Cebhe.info xəbər verir ki, bunu AXCP sədri Razi Nurullayev deyib. Partiya sədri bu yarışlardan uduşu artırmaq və şəhər sakinləri üçün narahatlığı aradan qaldırmaq üçün vacib addımların atılmasının qaçılmaz olduğunu bildirərək, hökuməti bu təxirəsalınmaz tədbirləri yerinə yetirməyə çağırıb:

“Problemlər nədir? Birincisi, yarışların şəhər mərkəzində keçirilməsi qəbuledilməzdir. Bakıda onsuz da tıxac, yol və parklama problemi var. Artıq bir aydan çoxdur ki, şəhərin mərkəzi küçələrində baş verən yolsuzluq kənarlara da təsir etməyə başlayıb. Yol da ən azı bir həftəlik təmamən bağlanır və sürücülərin, o cümlədən şəhər sakinlərinin həyatı çox çətinləşəcək. Demək, tıxac yaranacaq, nə qədər çox adam bilet alıb o oyunlara baxsa da, onların 1000 qatı bu oyunların onlara yaratdığı narahatlığa görə əzab-əziyyət çəkəcək. İkincisi, bulvara giriş bağlanır. Yay ayında hamı bulvara axışır və orada bir həftəlik girişin bağlanması yüz mindən artıq adamı birbaşa təsirə məruz qoyaraq, incidəcək və oyunlara münasibətini mənfiyə dəyişəcək.

Üçüncüsü, hal-hazırda ölkədə iqtisadi çətinlik və inflyasiya yaşanan zaman rəsmi açıqlanan 100 milyona yaxın vəsaitin yola çəkilməsi və sonra qaşınıb atılması çox böyük narazılıq və narahatlıq yaradır. Aydındır ki, bunu ilk öncə bu şəkildə düşünüb qərar verənlər yanlışlığa yol veriblər. Oyunların Azərbaycanda keçirilməsinin eyforiyasını yaşayaraq, onun doğuracağı problemləri düşünməyiblər".

Razi Nurullayev hökumətə çıxış yolu göstərib:

"Oyunlara uğurlar arzu edir və ümid edirəm ki, ən azından bu oyunlar Azərbaycana turist axının çoxalmasına səbəb olacaq. Bununla bərabər təklif edirəm ki, gələn ildən oyunların şəhər mərkəzində keçirilməsi təcrübəsi dayandırılsın. Şəhərdən kənarda, yarışların keçirilməsi üçün yeni infrastruktur salınsın. Onsuz da, hər il yolu qaşıyaraq yeni asfalt çəkiləcək. Elə bu xərcləri göyə sovuranacan, Azərbaycanda “Formula 1” yarışlarının keçirilməsi üçün daimi ünvanda bir infrastruktur yaradılarsa, qalıcı olar və ən azından pullar da indiki səviyyədəki kimi göyə sovrulmaz. Birinci Avropa Oyunları zamanı, heç olmasa tikilən və təmir olunan qaldı. Bu infrastruktur gələn il keçiriləcək İslam Həmrəylik Oyunları üçün də istifadə olunacaq. Bu gözəl. Digər tərəfdən, kənarda yaradılan infrastrukturun bir neçə üstünlüyü var. Birincisi, Azərbaycan pilotlarının məşq etmək üçün yeri olur və onlar il boyu orada təlim keçə bilirlər. İkincisi isə, Azərbaycanda hər zaman məsələ qaldırılıb ki, “avtoşlar” üçün bir poliqon salınsın. Onlar şəhər küçələrində “07”-ləri təkərləri üstünə qaldırıb kişnətməkdənsə, qoy gedib orada dördnala qaldırsınlar. Bunun üçün də həmin məkanın kənarında dairəvi avtoş məkanı - yolun da salınması məqbuldur. Bu cür məkanın salınması həm yeni infrastrukturun qurulması, yaşıllıq zolaqlarının genişləndirilməsi və daha bir turist məkanınnın olması anlamına gəlir. Bakıya bir aydan sonra gələn turistə deyəcəyik ki, “Formula 1” bu yollarda keçirilib, amma onda təəssürat yaradacaq heç bir vizual effekt olmayacaq. Ümid edirəm ki, hökumət, dövlət başçısı bu təklifimə reaksiya verəcək və bu ildən yarışların keçirilməsi üçün yeni infrastrukturun salınmasına başlanacaq”.





Həftənin ən çox oxunanları