Yuxarı

Razi Nurullayev: “Banklardan sonra ən bərbad durum sığorta sistemindədir”

Razi Nurullayev: “Banklardan sonra ən bərbad durum sığorta sistemindədir”

“Azərbaycanda sığorta sistemi nəinki bərbaddır, həm də insanların əsəb sisteminin pozulmasının günahkarıdır. Bu barədə hər zaman yazmışıq və demişik, hökumət isə tədbir görməyib. Bank sistemindən sonra ən bərbad, qeyri-sağlam və insanların cibinə haqsız girən qurum sığortadır”.

Cebhe.info xəbər verir ki, bu sözləri AXCP sədri Razı Nurullayev deyib.

Onun sözlərinə görə sığrta sistemi vətəndaş üçün gərginlik mənbəyidir:

“Dünən yaşadığım binanın qarşısında dayanan avtomobilimin arxa şüşəsinin üzərinə yuxarı mərtəbədən bir çay nəlbəkisi düşdü. Arxa şüşə çilik-çilik oldu. Yəqin ki, yuxarı mərtəbədə çay içənlərin birinin əlindən düşmüşdü. Qəza, sadəcə qəza, xoşagəlməz hadisə idi. Məsələni böyütmədim. Mən də yaza bilərdim, Azərbaycanın bir çox siyasətçilərinin əli göydədir ki, nəsə bir hadisə olsun, onlar da gündəm yaratsınlar, “mənə sui-qəsd var”, “məni öldürmək istəyirlər”, “sığınacaq istəyirəm”, “kəsdilər”, “öldürdülər”, “xilas edin” və s.. Sığorta nümayəndələri gəldi. Üz-gözlərini turşuda-turşuda "102-yə zəng etmisiniz?" soruşdular. Dedik ki, xeyr. Burada cinayət hadisəsi yoxdur. Maşının arxa pəncərəsi üzərinə bir nəlbəki düşüb və arxa şüşə çiliklənib. Yəqin ki, bir uşaq əlindən salıb. Dedilər ki, xeyr. Mütləq 102-yə zəng etməlisiniz, yoxsa biz heç nə edə bilmərik. 102-yə zəng etdik. Sürücü yaxınlıqdakı polis idarəsinə gedib bir neçə vərəqlik izahatı doldurdu, çoxlu sayda suallara cavab verdi. Nə isə, bu hüquqi proseduralar yerinə yetirilməkdədir. Qanunla 10 gün araşdırma getməlidir, cinayətkarlar yaxalanmalıdır və s. Biz anlaşa bildik ki, bunu çox uzatmayın, sadəcə qəzadır. Kağızımızı verin və biz də gedək sığortaya. Yəqin ki, bu gün həll olunar. Məsələ bunda deyil. Məsələ sığorta sisteminin vətəndaş üçün gərginlik mənbəyi olmasıdır. Ümumi baxışım bundan ibarədir ki, sığorta bütün hallarda zərərçəkənin yanında deyil. Onlar işlərin düyünə düşməsində, daha da mürəkkəbləşməsində və vətəndaşa pul ödəməməkdə maraqlıdırlar. Birincisi, cinayət və xəsarət alan olmadığı və zərərçəkənin şikayəti olmadığı halda, vətəndaş nəyə görə polisə zəng etməli, sənəd toplamalı, şəkil çəkməli, arayış almalı, polisə izahat yazmalı və digər proseduralardan keçməlidir? Məqsəd onun bezikdirilməsi və sonunda hər şeydən vaz keçib, sığortadan imtina etdirilməsidir. Məsələn, əgər mənim artıq pulum olsaydı, təbii ki, sürücümün qapılarda boynubükük gözləməsinə, mənasız yerə sorğu-sual edilməsinə və üz-gözünü turşudan Bakı sığorta əməkdaşlarına dözməzdim. Bakı Sığorta kasko pul ala bilir, amma nəlbəkinin sındırdığı arxa şüşədən cinayət hadisəsi qayırmaq istəyir. Nəlbəki qırıntları yerdə və arxa şüşənin də sınığı göz qabağında. İndi mən qonşularımdan şikayət verməliyəm ki, niyə sənin 7-8 yaşlı uşağın nəlbəkini yerə atıb? Onları həbsə aldırmaq lazımdır?”

AXCP sədri sığorta qanunlarında və həyata keçirilmə mexanizmlərində boşluqların olduğunu önə çəkib:

“Sığorta qanunlarını tam olaraq bilmirəm. Amma çox yəqin ki, sığorta qanunlarında və həyata keçirilmə mexanizmlərində böyük çatışmazlıqlar və qüsurlar var. Bu şəkildə dövlətçilik qurula , vətəndaşa münasibət yaradıla bilməz. Bir gün daşacaq və sel kimi axacaq... Ya da ölkə tam ASAN-laşsın, hər bir idarə,e lə parlament də ləğv edilsin. Çünki orada oturanların çoxu qanun yazanda və səs verəndə öz biznesini düşünür”.

Alçina Amilqızı





Həftənin ən çox oxunanları