Yuxarı

AXCP sədri: “Prezident xalqdan gücünü alaraq ya danışıqlara, ya da müharibəyə getməlidir”

AXCP sədri: “Prezident xalqdan gücünü alaraq ya danışıqlara, ya da müharibəyə getməlidir”

“Bu gün Rusiya prezidenti Vladimir Putin Sankt-Peterburqda Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanla Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsini müzakirə etməyə gedəcək. Təbii ki, nəzərlər indi Rusiyanın ikinci paytaxtına dikilib. Lakin məlumatlı və təcrübəli insanlar bilir ki, bu görüş də görüş olaraq tarixə keçəcək. Hətta Ermənistan Rusiyanın təzyiqi ilə münaqişənin həlli ilə bağlı müsbət açıqlama versə belə, sözünün arxasından qaçacağı da bizə məlumdur”.

Cebhe.info xəbər verir ki, bunu Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədri Razi Nurullayev bu gün Sankt-Peterburqda baş tutacaq prezidentlərin üçtərəfli görüşünə münasibət bildirərkən deyib.

R.Nurullayev bildirib ki, artıq 20 ildən çoxdur ki, Ermənistan öz iddialarından geri çəkilməyib:

“Bilirik ki, Ermənistan torpaqları azad etmək üçün irəli sürdüyü iddialardan bir addım belə geri çəkilməyib. Azərbaycan da bir qarış torpağını mənfur düşmənə vermək niyyətində deyil. Belə olan halda, danışıqlarda müsbət nəticə ola bilərmi? Rusiyanın göstərdiyi səylərə görə, bəlkə də ona təşəkkür edə bilərik. Amma bilməmiş deyilik ki, Rusiya Ermənistana lazım olan siyasi təzyiqi göstərmir. Buna görə də Ermənistan danışıqlardan danışıqlara gedir və münaqişənin ömrünü uzadır”.

AXCP sədrinin sözlərinə görə, Azərbaycan tərəfi də çətin durumdadır:

“Rusiya ilə münaqişəyə getmək bizə sərf etmir. Rusiyanın da rizası olmadan Ermənistanı cəzalandıra bilmirik. Qərb isə diplomatiyaya və sülh danışıqlarına üstünlük verdiyini deyir. Biz də bunu istəyirik. Amma müəyyən tarixə qədər. İstər Rusiya olsun, istər Qərb, Azərbaycan danışıqlar üçün son tarixi müəyyən etməsə və bu tarixdən sonra sülh danışıqlarına son verərək məsuliyyəti Minsk Qrupu hməmsədr və üzv ölkələrinin üzərinə qoymasa, münaqişənin həllində dönüşə nail ola bilmərik”.

Razi Nurullayev “Azərbaycan Ermənistanla sülh danışıqlarının son tarixini müəyyən etməlidir. Prezident xalqdan gücünü alaraq danışıqlara və ya müharibəyə getməlidir. Bunun ən optimal yolu Vahid Qərar Şurasıdır. Vahid Qərar Şurası o məkandır ki, Prezident və hökumət bu qurumdan gücünü alaraq danışıqlarda və münaqişənin həllində dönüşə nail ola bilər”, - deyə vurğulayıb.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları