Yuxarı

Azərbaycan üçün diplomatik tələ

Azərbaycan üçün diplomatik tələ

Qabil Hüseynli: “Azərbaycan ictimai rəyi bunu həzm etməyəcək”

Əhməd Oruc: “Hakimiyyət ölkəni çıxılmaza sürükləyir”

İyunun 20-də Sankt-Peterburqda Rusiya, Azərbaycan və Ermənistan prezidentləri Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı üçtərəfli görüş keçirib. Görüşdən sonra prezidentlər birgə bəyanat yayıblar. Bəyanatda münaqişənin həllində dinamik danışıqların aparılması xüsusi vurğulanıb. Həmçinin prezidentlər Qarabağda ATƏT müşahidəçilərinin sayının artırılması ilə bağlı  razılığa gəliblər. Hal-hazırda ATƏT müşahidəçilərinin sayı 6 nəfərdən ibarətdir.

Bu günə qədər bu 6 nəfərin hansısa gözə dəyən heç bir fəaliyyəti olmayıb. Bəs müşahidəçilərin sayının artırılması nəyi dəyişəcək? Bu qərarın qəbul olunması Azərbaycana nə qazandıracaq?

“Cümhuriyət”ə şərhində politoloq Qabil Hüseynli bu ideyanı cəfəngiyyat adlandırıb: “Bu, çox cəfəng ideyadır. Bu ideyanın qəbul edilməsi status-kvonun, erməni işğalının qorunmasına xidmət edir. ATƏT iş görməlidir. Ermənistanın işğal etdiyi ərazilərdən çıxarılması haqqında bəyan etdiyi 2 vədini yerinə yetirməlidir. Monitorinq, kameraların quraşdırılması, müşahidəçilərin sayının artırılması ancaq ikili standartlara xidmət edən faktların və materialların toplanmasına xidmət edən amillərdir. Azərbaycan tərəfi üçün bunların heç biri maraqlı olmamalıdır. Azərbaycan ictimai rəyi də çətin ki, bunu həzm edə bilsin”.

Azadlıq Partiyasının sədri Əhməd Oruc bu nəticənin gülünc olduğunu vurğulayıb. Onun sözlərinə görə, bu Azərbaycan hakimiyyətinin yürütdüyü siyasətin acınacaqlı vəziyyətdə olduğunun göstəricisidir: “Teymurləng o vaxt hər kəndə bir fil verir ki, saxlasınlar. Kəndlərin birində fil hər şeyi dağıdır, damı-divarı uçurur. İnsanlar bezirlər. Axırda camaat yığılır ki, bir nəfər gedib Əmir Teymurdan xahiş etsin, bu fili kənddən götürsün.

Molla Nəsrdəddini göndərirlər. Deyirlər ki, söhbəti sən aç, biz dəstək verəcəyik. Molla gedir Əmir Teymurun yanına, söhbəti açmaq istəyəndə görür, yanında heç kim yoxdu, hamı dağılışıb. Ona görə də söhbəti dəyişir, deyir ki, şah sağ olsun, bizim kənddə bir fil göndərmisiz. Çox sağ olun, yaxşı baxırıq. Ancaq təkdir, darıxır, imkan olsa bir fil də verin ki, o darıxmasın. İndi təqribən prezidentlərin görüşündən çıxan nəticə buna bənzəyir. Biz torpaqlarımızın azad olunması ilə bağlı mövqe ortaya qoyulmasını gözləyirdik, indi belə məlum olur ki, ermənilərin istəyinə uyğun olaraq müşahidəçilərin sayı artırılır, kameralar quraşdırılır. Bu çox gülünc bir məqamdır. Hakimiyyətin Azərbaycanı necə çıxılmaza sürükləndiyinin bir göstəricisidir”.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları