Yuxarı

Müxalifətin “səssizlik orucu”

Müxalifətin “səssizlik orucu”

AXCP, ADR, “Ağ Partiya” və  REAL-dan başqa gözə dəyən yoxdur

Azərbaycanın siyasi həyatında sakitlik hökm sürür, xüsusilə müxalif düşərgədə. Siyasi partiyalar ölkənin ictimai-siyasi sferasında baş verən böhrana münasibətdə, o cümlədən Dağlıq Qarabağ münaqişəsi ətrafındakı gəlişmələrdə aktivlik nümayiş etdirmirlər. Yalnız media nümayəndələri, jurnalistlər müraciət etsələr bir sıra siyasi təşkilatlar “səssizlik orucu”nu pozurlar, əksər hallarda isə hərə öz kabinetində sosial şəbəkələrdə günlərini keçirir. Lakin real meydandan çəkilməyən və həssas məqamlarda öz təkliflərini verib, həmin məsələlər ətrafında ictimai-siyasi müzakirələr təşkil edən siyasi partiyalar da var. Məsələn, Azərbaycan Xalq Cəbhəsi Partiyası, ADR Hərəkatı, “Ağ Partiya”, REAL Hərəkatı və s.

AXCP nümunəsi

AXCP ayda bir neçə dəfə ölkənin gündəmini məşğul edən məsələlərlə bağlı tədbir keçirir, müzakirələr təşkil edir. AXCP yanında fəaliyyət göstərən İctimai Fikir Akdemiyasında (İFA) hər həftə ölkənin əsas problemləri tanınmış siyasi xadimlər, ekspertlər, elm adamları və politoloqlarla araşdırılır. İFA-nın tədbirlərinə maraq böyükdür, burada siyasi mənsubiyyətindən, partiya üzvü olub-olmamasından asılı olmayaraq hər kəs iştirak edir. Həmçinin, AXCP-nin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yaratdığı Vahid Qərar Şurası da cəmiyyətin diqqət mərkəzindədir. VQŞ münaqişənin həlli ilə bağlı öz təkliflərini hökumətə təqdim edib. Paralel olaraq, AXCP uzun müddətdir ölkəni cənginə almış total sosial-iqtisadi böhranı da diqqət mərkəzində saxlayır. Bununla bağlı partiyanın anti-böhran paketi hökumətə təqdim olunub. Parlament artıq təklifi qeydə alıb və bununla bağlı Milli Məclisdən AXCP-yə məktub da daxil olub. Xüsusilə turizm mövsümünün başlamasıyla AXCP-nin turizmə dair irəli sürdüyü təkliflər yenidən gündəmə gəldi və mediada geniş müzakirə mövzusuna çevrildi. O cümlədən partiya media qurumlarıyla da aktiv fəaliyyətdədir. Yəni görünən odur ki, indiki məqamda Azərbaycan müxalifəti kimi özünü göstərən yeganə partiya AXCP-dir.

Uduzmuş uşaq cığallığı

AXCP və digərləri istisna olmaqla, müxalifətin digər güc strukturları hesab olunacaq siyasi qurumlarından - Müsavat, KXCP, ALP, AMİP və digər partiyalardan səs çıxmır. Müxalif düşərgənin hansı əsaslarla susması məsələsinə gəlincə, bu barədə olunan müraciətlərə qanedici cavab da verilmir. Hər partiyanın demək olar ki, eyni şablon cavabı var: “Bu hakimiyyət demokratik deyil, diktatura rejimilə mübarizə aparmağa dəyməz”.

Cavab “uduzmuş uşağ cığallığı” məntiqinə söykənir. Necə yəni, “Biz diktatura rejimiylə mübarizə aparmırıq?” Məsələ belə olmamalıdır. Bəli, bu hakimiyyət müxalifətin fəaliyyəti üçün azad, demokratik mühit tanımır. Basqıçı, təzyiqçi və qeyri-demokratikdir. O da düzdür ki, hakimiyyət idarəetmənin məsuliyyətini müxalifətlə heç bir vəchlə bölüşməyəcək. Amma bu ona əsas vermir ki, hər kəs yaxasını bir kənara çəkib sussun. Çünki müxalifət susduqca, hakimiyyət az-maz qalmış demokratiyanı da darmadağın etmək üçün şans əldə edəcək. Azərbaycanla yanaşı, bütün qeyri-demokratik ölkələrdə müxalifətin fəaliyyətinə imkan verilmir. Amma gözümüzün qabağında, bizə heç də yad olmayan Gürcüstan, Qırğızıstan, Moldova və Ukrayna nümunələri var. 4 dövlət uzun illər qeyri-demokratik iqtidarlar tərəfindən idarə olundu, müxalifət və QHT sektorunun fəaliyyət sferası daraldıldı. Bəs sonda nə baş verdi? Müxalifətin məcburedici təzyiqləriylə hakimiyyət geri çəkildi. Həmin vaxt xalq müxalifətin sürpriz yüksəlişinə təkan da verdi. Halbuki, bu vaxta qədər cəmiyyət müxalifətdən əlini tamamilə üzmüşdü. Amma ani bir tərpənişlə xalq öz səsi ola biləcək müxalifəti yaratdı. Bunu bacardı.

Hər məsuliyyətdə birlikdə...

Əgər Azərbaycan müxalifətinin digər partiyaları AXCP, ADR Hərəkatı, Gələcək Azərbaycan Partiyası, REAL Hərəkatı və digər siyasi-ictimai əsaslı təşkilatların yenilənmə hərəkatına dəstək versələr, öz ambisiyalarını bir kənara atıb birlik nümayiş etdirsələr, mübarizə üçün lazım olan mühiti yaratmaq olar. “Azərbaycanda müxalifət yoxdur” sindorumunu qırmaq lazımdır. Buna doğru AXCP və digər təşkilatlar tərəfindən addımlar atılır. Bununla yeni bir format da təqdim olunub: Hər məsuliyyətdə birlikdə...

AXCP-də Əli Kərimli dönəmi bitdikdən sonra göründü ki, bu hakimiyyəti sistemli fəaliyyətlə iradəyə tabe etmək mümkündür. Küsmək lazım deyil, çünki müxalifət uşaq bağçası deyil. Küsmək balaca düşünənlərin işidir. Nə bu hakimiyyət, nə də bu müxalifət düşmən deyil. Amma bu gün siyasi mühitdə elə bir hal yaranıb ki, tərəflər biri-birlərinə düşmən gözüylə baxırlar.

Əlbəttə, bu zəmini hakimiyyətin basqıçı və repressiv siyasəti yaradıb, amma müxalifət də özünü iqtidara “dur” deyəcək vəziyyətə qədər inkişaf etdirməlidir. Beləliklə birbaşa olmasa da hakimiyyəti tədrici islahatlara məcbur etmək olardı. Hansı ki, köhnəlmiş və fəaliyyətləri bütünlüklə korrupsiyaya bulaşmış nazirlərin istefaya göndərilmələri prosesində bunun şahidi olduq. Prosesinin davamını gətirmək mümkündür, sadəcə təpər lazımdır. Birləşmək vahid söz deyə biləcək bir platforma yaratmaqla hər şey mümkündür. Məqsəd hansısa partiyanın iqtidar olub-olmamasına əngəl törətmək yox, ümumi rifahın yaxşılaşdırılması olmalıdır. Müəyyən şəxslər üzərində formalaşmış partiyalar öz ambisiyalarını əzəcəkləri gün bu mümkün olacaq. İndiki halda isə mümkün deyil.

Mənsur





Həftənin ən çox oxunanları