Yuxarı

AXCP sədri: “...YAP getməyəcək”

AXCP sədri: “...YAP getməyəcək”

“Əzilən və əzab çəkən yenə də sadə insanlar olacaq”

“Türkiyə ilə Rusiya arasında münasibətlərin yaxşılaşması, barışıq əldə olunması Azərbaycan üçün də çox sevindirici haldır. İki dövlət arasında soyuqluq Azərbaycanın maraqlarına da cavab vermirdi. Ümumiyyətlə, Rusiyaya tətbiq olunan sanksiyalar Azərbaycana da ciddi ziyan vurur. Türkiyə ilə İsrail dövlətinin də barışması Azərbaycan üçün faydalıdır və strateji baxımdan da ümidvericidir”.

Cebhe.info xəbər verir ki, bunu Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədri Razi Nurullayev deyib.

R.Nurullayev bildirib ki, Ərdoğanın jesti kifayət qədər humanist yanaşma olub:

“Çoxları hörmətli Ərdoğanı qınayır ki, niyə üzr istədi. Zənnimcə, üzr istəməsi günahından betər olmadı. Çünki mümkün qədər yumşaq, barışdırıcı və humanist bir yanaşma olub. Ölən pilotun ailəsindən üzr istədi, Rusiya əvvəlcə bununla heç razılaşmırdı da. Hər zamanın öz tələbi var. Təyyarə vurulan zaman Türkiyə güc olaraq dünyaya tanındı, indiki həssas şəraitdə isə Rusiya ilə dostluğunu geri qaytardı. Türkiyə doğru addım atdı, çünki Türkiyəni bu addımdan çəkindirmək istəyənlər, el dilində desək, "qoltuğuna qarpız verib şişirtmək istəyənlər" onun iqtisadi və siyasi problemlərini həll etmək istəyində və iqtidarında deyillər”.

Bu barışığın nəticələri haqqında danışan AXCP sədri bunun hər iki ölkə üçün uğurlu olacağını vurğulayıb:

“Türkiyənin Rusiya ilə yarımçıq layihələri işə düşəcək, turizm canlanacaq və Azərbaycan iki dövlət arasında qalaraq əzilməyəcək. Mən iqtidar adına yox, dövlətim adına sevinirəm. Dövlətimin güclənməsinin və böyüməsinin tərəfdarıyam. Bəziləri düşünə bilər ki, rus turistləri Azərbaycanı seçəcəkdi, Azərbaycan malları Rusiyaya ixrac olunacaqdı və s. Deməliyəm ki, Rusiya bazarı çox böyükdür və Azərbaycanın ixrac potensialı varsa, bu, həmişə mümkündür. Əfsuslar olsun ki, bizim bu potensialımız yoxdur. Rusiyanın iri marketlərinə daxil olun və şahidlik edin ki, Rusiya bazarı Gürcüstan, Ermənistan, Belarus və digər ölkələrin məhsulları ilə doludur, amma Azərbaycan mallarına təsadüfən rast gəlmək olar.

Biz hansı üstünlüklər və ixracdan danışa bilərik? Turizm olsun, tez-tez Rusiya saytlarının Lənkəranı çimərlik mövsümü üçün birinci yerə qoyduqlarını oxuyuruq və bizim də hökumət bunu qələbə kimi qələmə verir. Sevilməyən gözlər kor olsun, amma hardadır o təmiz çimərlik və hotellər? Lənkərana 1000 turist eyni vaxtda gəlsə, onlar harada yatacaq? Bazarda, küçədə, yoxsa maşında? Bakıdan başqa elə bir region yoxdur ki, 3000 turisti bir gündə qəbul edə bilsin. Mövcud hotellərin də çoxu xidmət göstərmək qabiliyyətinə malik deyil, turistlərin qarnını oturmaqla, onların cibinə girməklə və çox baha qiymətə yarıtmaz xidmətlərini sırımaqla məşğuldurlar”.

Razi Nurullayev xüsusilə vurğulayıb ki, iki dövlət arasında barışın saxlanması Azərbaycanın yaralı yeri - Dağlıq Qarabağ münaqişəsinin həllində də üstünlük qazandırır:

“Rusiya Türkiyənin istənilən formada iştirakına və köməyinə qarşı çıxırdı, indi isə tərəzinin gözləri tarazlaşıb.

Rusiyaya qarşı sanksiyaların tətbiqi Azərbaycana heç nə qazandırmır. Bu, kimin üçünsə toydursa, bizim üçün deyildir. Qızımız yox ərə verək, oğlumuz yox, evləndirək. Əksinə, Rusiyada böyük sayda həmvətənlərimiz yaşayır və onlar da Azərbaycana kifayət qədər pul vəsaiti göndərirdilər. İndi isə bu yarıdan çox azalıb. Neftin ucuzlaşmasının da Rusiyanın boyuna biçilməsi və siyasi konyukturaya çevrilməsi Azərbaycanı da vurur. Buna da sevinmək olmaz. Kimsə ümid edirsə, neft düşəcək və YAP gedəcək, boş xəyallar qururlar. Əzilən və əzab çəkən yenə də sadə insanlar olacaq.

Türkiyə ilə İsrail arasında münasibətlərin normallaşdırılması da Azərbaycanın xeyrinədir. Azərbaycan İsrail ilə ciddi hərbi əməkdaşlıq edir və bəzi məqamlarda Türkiyənin də maraqlarını və iki dövlət arasında olan küsülülüyü də nəzərə almalı olurdu. İndi bu problem aradan qalxır və bir çox regional məsələlərdə birgə hərəkət etmək mümkün olacaq ki, bu da Azərbaycana regionda əlavə üstünlüklər qazandırır. Yeganə məsələ İran dövlətinin də maraqlarını qulaq ardına vurmamaqdır. İran Azərbaycanın qonşusudur və bu faktı dəyişmək mümkün deyil. İranla dost münasibətləri qorumaq zərurətdir”.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları