Yuxarı

"Əli Kərimlinin məktub axmaqlığı və ona verilən nurçu dəstəyi"

Son günlər ölkə gündəmində müzakirə mövzusuna çevrilən məsələlərdən biri Əli Kərimli, eləcə də rəhbərlik etdiyi “Yurd”un FETÖ və Fətullah Gülənlə mümkün əlaqələridir. Öncə mətbuatda bu barədə yayılan məlumatlar, ardınca hüquq-mühafizə orqanlarının araşdırmaları, Əli Kərimlinin köməkçisinin həbsi hadisələrin inkişafında diqqətçəkən məqamların olduğundan xəbər verir. AXCP sədri Razi Nurullayev aşağıdakı müəllif yazısında, xüsusilə, Əli Kərimlinin Fətullah Gülənə yazdığı bildirilən məktubla bağlı yaranmış vəziyyətə aydınlıq gətirib.

***

“Azadlıq” qəzetində gedən bir məlumat diqqətimi çəkdi. Belə ki, bir neçə gün bundan əvvəl adını birinci dəfə eşitdiyim Facebook səhifəsi “Yurd” sədri Əli Kərimli tərəfindən Fətullah Gülənə yazıldığı iddia edilən məktubu paylaşıb. Bundan sonra Əli Kərimlinin qrupunun vəzifəli şəxsləri, gənc funksionerleri, nurçular və radikal gənclər Əli Kərimlinin müdafiəsinə qalxaraq sosial şəbəkələrdə özlərini gülünc vəziyyətə saldılar. Belə ki, bu məktubla bağlı 3 dəfə bəyanat verildi. Bəyanatda qeyd etdilər ki, məktubda partiyanın adı Azərbaycan Xalq “Cümhuriyyəti” Partiyası olaraq gedir və partiya sədri heç vaxt belə “kobud” səhvə yol verməz.

Ancaq niyə bəyanatda demirlər ki, Əli Kərimlinin oğlu Türkel belə görüşlər keçirməyib və ya həmin imza Əli Kərimlinin imzası deyil? Çünki mətndə çox şey yazıla bilər, həmin məktubun kimə məxsusluğunu yalnız imza ilə müəyyən etmək olar. Niyə Əli Kərimli həmin imzanın saxta olmasını da bəyan etmədi? Hamı bir ağızdan qeyd edir ki, partiya sədri belə kobud səhvə yol verərək partiyasının adını səhv yaza bilməz.

Bəli, elədir, heç bir partiya sədri belə səhv etməz. Ancaq şübhəli məqam odur ki, “Cümhurriyət” ola bilsin ki, Əli Kərimlinin gizli sığortası olub. Çünki o, 20 ildir həm dövlət, həm də xarici tərəfdaşlarla müxtəlif vaxtlarda və formatlarda əməkdaşlıqda olub, bəzi hallarda isə özünü ifşa edib. Əli Kərimli gözəl başa düşüb ki, bütün bu proseslər onun əleyhinə istifadə edilə bilər, ona görə də məktubunda bilərəkdən belə “kobud” səhvə yol verib və özünü əvvəlcədən sığortalayıb. Aydın məsələdir ki, Əli Kərimli belə “bic” olmasaydı, 20 ildir heç müxafilətdə də qala bilməzdi.

Bütün bunlar bir tərəfə, mən hesab edirəm ki, məktub ola bilsin saxtadır. Çünki əks təqdirdə hüquq-mühafizə orqanları cinayət işi başladar və imzaların yoxlanılması üçün onu istintaqa dəvət edərdilər. Yəni, hüquq-mühafizə orqanları bu məktubu heç ciddiyə almayıblar və ümumiyyətlə, reaksiya verməyiblər.

Digər versiya odur ki, (bunu “çoxbilmiş” Xədicə İsmayıl iddia edir- R.N ) bu təxribatı hökumət edib. Ancaq başa düşülməlidir ki, məktub hökumət tərəfindən hazırlansaydı, ən azından partiyanın adını səhv yazmazdılar və ya iqtidaryönümlü media orqanları bu məlumatı dərhal tirajlayardılar. Amma onların əvəzinə Əli Kərimlinin “Azadlıq” qəzeti yazıb. Ona görə Əli Kərimli təxribatçıları qoy öz partiyasının içində axtarsın. Ola bilsin ki, bu təxribat Əli Kərimlinin partiyada monopoliyasını həzm edə bilməyən gənc müxalif qüvvələr tərəfindən edilib və ya ən azından mesaj göndərilib. Çünki hökumət mübarizəsini hüquq və qaydalar çərçivəsində edir, fəaliyyəti  və həbs edilən şəxslər də göz qabağındadır. Ancaq Əli Kərimli saxta bir məktuba görə ciddi narahatçılıq keçirərək, öz mətbu orqanında eyni gündə 2 dəfə bəyanat verib. Bununla da kifayətlənməyib tərəfdarlarına sosial şəbəkələrdə rəylər yazmaq üçün tapşırıq göndərib. Həmin gün qorxaraq Böyük Britaniyanın Azərbaycandakı səfirliyinə sığınıb, daha sonra narahatlığının adını dəyişib, “səfir ilə görüş” qoyaraq “Azadlıq” qəzetində elan edib. Bütün bunlar, xüsusən də qorxu nəyə görədir? Adamdan soruşarlar ki, soğan yeməmisən, için niyə göynəyir? “Yurd”un saxta məktuba görə bu qədər narahatlığını və ümumiyyətlə, reaksiyasını anlamaq olmur. Görünür, Əli Kərimli bu məktubdan şou məqsədilə istifadə edərək xarici patronlarında acıma hissi yaratmaq istəyir.

Həmçinin, əgər “Yurd” bu məsələyə reaksiya verməsəydi, həmin məlumatı ancaq o səhifədəki 100-200 nəfər görəcəkdi, vəssalam. Ancaq indi kənddə yaşayan və sosial şəbəkələrdən istifadə etməyən Ağamirzə dayı da Əli Kərimlinin Fətullah Gülənə məktub yazması şübhəsi ilə yaşaya bilər. Ona görə ki, o, artıq bu barədə “Azadlıq” qəzetində yazıblar və oxucular fikirləşir ki, Əli Kərimli hakimiyyətə gəlmək üçün şeytanla da əməkdaşlıq edər.

Sosial şəbəkələrdə bu məktuba rəy yazan insanlar və həmin rəylər isə tamamilə həqiqətdir. Bunu heç kim inkar edə bilməz. Rəy yazan şəxslərin profillərini kiçik analizdən keçirdikdən sonra həmin auditoriyanı 4 kateqoriyaya bölmək olar.

1-ci kateqoriya “Yurd”un vəzifəli şəxsləri və gənc funksionerləridir. “Yurd”un Rəyasət Heyətinin üzvü Emil Səlimov şərhində Əli Kərimlinin müdafiəsinə qalxır və eyni zamanda lazım gələrsə, hökumət adından da Fətullah Gülənə ünvanlanan saxta bir məktubun onlar tərəfindən hazırlana biləcəyi ilə şantaj edir. Bu isə “Yurd”un mahiyyətini bir daha sübut edir. “Yurd”un Rəyasət Heyətinin üzvü lazım gələrsə, bütün çirkli yollara əl ata biləcəklərini qeyd edir.

Daha sonra “Yurd”un Gənclər Komitəsinin üzvü və təşkilatın gənc funksioneri Aqil Məhərrəm  Əli Kərimlinin oğlu Türkelin video görüntülərinin paylaşılmasını

xahiş edir. Görünür, mənşəyi bilinməyən bu məktub onu suallara qərq edib və o, həqiqət axtarışındadır. Ancaq bu axtarış onun Əli Kərimli tərəfindən sonunu gətirə bilər. Çünki Əli Kərimli gənc beyinləri və həqiqət axtaranları “sevmir”.

Daha sonra “Yurd”un Ali Məclisinin üzvü Renad Nəcəfov, Qəbələ şöbəsindən Ali Məclisin üzvü Qiyami Sərnavuş və hətta sədri Qubad İbadoğlu olan Azərbaycan Demokratiya və Rifah Hərəkatının gənc funksionerləri Əli Kərimlinin müdafiəsinə qalxır və bir məktuba görə özlərini gülünc vəziyyətə qoyurlar.

Bu şəxsləri başa düşmək olar, ola bilsin ki, Əli Kərimli bu məktubdan xoflanaraq ətrafına dərhal reaksiya verilməsini tapşırıb. Bu başa düşüləndir, təşkilatlarını və sədrlərini müdafiə edirlər. Bəs ikinci kateqoriyaya məxsus nurçulara kim tapşırıq verib, onlar niyə Əli Kərimlinin müdafiəsinə qalxırlar?

2-ci kateqoriyaya, yəni nurçulara  aid olanlar da maraqlıdır. Belə ki, Qafqaz Universitetinin məzunu Yaşar Soltan, lisey məzunu Ramil Həsənov, Şirvan-Azərbaycan Türk Liseyinin və Egey Universitetinin məzunu Rəvan Əhmədov və digərləri Əli Kərimlinin müdafiəsinə qalxıblar. Əgər vəziyyət “Yurd”un iddia etdiyi kimidirsə, liseylərin dəstəkçisi indiki hökumət olubsa və lisey məzunları, müəllimləri dövləti dəstəkləyən adamlardırsa, bəs bu gün niyə Əli Kərimlini dəstəkləyirlər? Bu göstərişi onlara kim verib? Əli Kərimli, yoxsa FETÖ-nün adamları? Əgər bu şəxslər əvvəlcədən elə Əli Kərimli aşiqi olublarsa, deməli öz təşkilat liderləri kimi imitasiya edərək, amerikan variantı “undercover” hökumət adamı, əslində müxafilətçi olublar.

Bu konspirasiyanın millətə nə faydası olacaq? Əli Kərimli və FETÖ-nü bağlayan tellər aydındır.

Bəs 3-cü kateqoriyaya aid olan radikal dindarlar niyə onu müdafiə edir?

Bəli, məhz üçüncü kateqoriya radikal dindarlardır. Misal üçün, Elşad Nardaranlı, Şamaxılı Ceyhun Rəhimov və digərləri “Əli bəy belə şeyləri çox görüb” və s. statuslarla Əli Kərimlinin müdafiəsinə qalxıblar. Görünür, Əli Kərimlinin həm FETÖ-cülər, həm Hacı Tale tərəfdarları ilə qarşılıqlı dəstək üzərində qurulmuş əməkdaşlıq əlaqələri var ki, lazım gələndə Əli Kərimli Hacı Taleni, lazım gələndə isə Hacı Talenin tərəfdarları Əli Kərimlini dəstəkləyirlər. Bu dəstəyin Azərbaycan xalqına nə faydası olacaq?

Sonuncu kateqoriya insanlara isə əsl cəbhəçilər aiddir. Çünki bu məktub onlar tərəfindən də birmənalı qarşılanmayıb. Cəbhəçi Cəmil Rəhimov öz şərhində belə qeyd edir: “Çox heyf, bu, Elçibəyin ruhuna hörmətsizlikdir. O, müstəqil xətti olan partiya qoyub getdi, indikilər isə şeytanla da əməkdaşlıq edirlər hakimiyyətə gəlmək üçün”. Bulud adlı başqa bir cəbhəçi yazır: “Gör Elçibəyin qoyub getdiyi partiya kimlərin əlindədir”.

Nəticədə məktuba verilən reaksiyalar dəstək verənlərin və ümumi vəziyyətin nəbzini tutmağa imkan verir. Görünən odur ki, səhifənin adminləri Əli Kərimlini şalvarlarının ipinə dolaya biliblər və onu yamanca amerikanlar demişkən, “trollayıblar”.

Əli Kərimli bic yox, ağıllı olsaydı, türkün məsəli, bu məktubun üstünə “atlamazdı”. Əli Kərimlinin göstərişi ilə onu müdafiə edən nurçu və radikal gənclər isə sadəcə özlərini ifşa ediblər. Əli Kərimli nurçu tərəfdarlarına tapşırıq verərək, yenidən “kobud” səhvə yol verib, həmin gənc FETÖ-cüləri deşifrə edib. Ancaq, dayanın, görünür Əli Kərimli “kobud” səhvə yol vermir. Necə ki,  gənc beyinləri partiyadan qovub və ifşa olunmasına imkan yaradıb, burada məqsədi də elə bu olub- təmizləmə işləri, təbii ki, yalnız özünümüdafiə məqsədi ilə.

Üç “kobud”səhv isə bir “doğrunu” aparır. Sual yaranır ki, bəs üçüncü səhv nədir? Onu  Əli Kərimli özü yaxşı bilir. Ancaq Əli Kərimli bundan da narahat olmasın! Cünki nə qədər səhv etsə də, bu səhvlərin aparacağı bir doğrusu belə yoxdur!

Razi Nurullayev 

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri





Həftənin ən çox oxunanları