Yuxarı

Razi Nurullayev: “Bu, çoxumuz üçün son imtahandır"

Razi Nurullayev: “Bu, çoxumuz üçün son imtahandır

“Ölkədə siyasi müxalifətin cəmiyyətin və dövlətin işində yaxından iştirakı nəinki vacib, həm də böyük zəruridir. YAP-ın təkhakimiyyətliliyi böyük problemlər yaratmaqdadır. Görünən nədir? Müxalifət ən sərt sözlərlə tənqid edir, hər şeyi pisləyir, bəzən zorən ağı da qara görür, iqtidar isə özünü şəffaf şüşə, Bisütun dağı və aydan arı, sudan duru hesab edir. Bu belədirmi? Əlbəttə, yox”.

Cebhe.info xəbər verir ki, bunu Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədri Razi Nurullayev deyib.

R.Nurullayev bildirib ki, bəzən kinayə ilə baxdığımız İran dövləti demokratiya nümunələri yaradır:

“Ölkədə ciddi hesabatlılıq, qanun qarşısında qorxu, azad və demokratik seçki var. Xalqın iradəsi keçir. Rusiyada parlamentdə ciddi siyasi qüvvələr yüzlərlə yer qazana bilir, federal hökumətdə təmsil olunur, prezidentdən tutmuş digər yüksək çinli hakimiyyət nümayəndələri ilə görüşə bilir, televiziyalarda danışır, siyasi tok-şouların iştirakçısı olur. Qonşu Gürcüstanda tam demokratik ab-hava var, hakimiyyətlər azad və demokratik seçkilərlə formalaşır, iqtisadiyyat tam liberallaşıb, azad biznes üçün hər cür şərait var. Qonşu Türkiyə də demokratik dövlətdir, 15 iyul hərbi çevrilişdə xalqın dövlətə verdiyi dəstək cəmiyyətin də demokratikləşdiyinin, demokratiyanın dövlətin tam dərinliyinə qədər işlədiyinin sübutu oldu. Yalnız bədnam Ermənistan qeyri-demokratiya burulğanında, korrupsiya və özbaşınalıq mühitində boğulur”.

AXCP sədri əlavə edib ki, Azərbaycan demokratiya yolunu açmaq əvəzinə, öz iqtidarının ömrünü uzatmaq üçün addım atmaqdadır:

“Əsas azadlıqlar, siyasi partiyalar üçün bərabər şərait, azad seçki ancaq kağız üzərində möhtəşəm görünür. Reallıqda isə hər şey fərqlidir. Hər bir sosial, iqtisadi problemin arxasında aparılan siyasət dayanır. Ölkədə normal siyasət və normal siyasətin aparılması üçün mühit olarsa, bir çox problemlərdən qaçmaq olar. Xalqın öz taleyini ancaq YAP hakimiyyətinə həvalə etməsinə və bunu istəməsinə inanmırıq. Hər kəs pis, satqın, “gülənçi” ola bilməz, hər kəs boşboğaz siyasətçi deyil. Biz də ölkənin taleyüklü məsələlərində iştirak istəyirik. Azərbaycan elə də oturuşmuş dövlət deyil ki, tək partiya hökuməti idarə etsin. Siyasi partiyaların hakimiyyətdə təmsilçiliyi olmalıdır və bunun qarşısını heç bir qüvvə ala bilməz.

Gözləntim xalqın ayılması və ortaya geridönməz tələb qoymasıdır. Biz prosesləri 2018-ci il prezident seçkilərindən o tərəfə buraxa bilmərik. Bu, çoxumuz üçün son imtahandır. Ondan sonra xalqın yolundan geri çəkilməkdə fayda var. Amma biz bu ilə inamla baxır və hazırlıqlarımızı da ona görə edirik. Ümid çoxdur. Gün doğmamış nələr doğar”.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları