Yuxarı

Milli Şuranın mitinq-mitinq oyunu

Milli Şuranın mitinq-mitinq oyunu

Əli Kərimli müxalifətçiliyi gözdən salır, mübarizə ruhunu öldürür

Milli Şura sentyabrın 11-nə mitinq təyin edib. “Məhsul” stadionunda keçirilməsi planlaşdırılan mitinqdə Milli Şura və “Yurd” üzvləri hakimiyyətin Konstitusiya dəyişikliyini nəzərdə tutan referendumuna etiraz edəcəklər.

Bir həsir, bir də Məmmədnəsir

Mitinqə bir neçə gün qalır. Artıq hər iki Əli Kərimli qruplaşması sosial şəbəkələrdə təbliğat işlərinə başlayıb, insanları mitinqə çağırır. İddiaları böyükdür və nümayişin kütləvi, izdihamlı keçəcəyini deyirlər. Amma nəzərə alsaq ki, Milli Şuranın 2013-2015-ci illər ərzində keçirdiyi mitinqlərdə iştirak edənlərin sayı 200-400 arasında dəyişib, bu dəfə də həddin bu rəqəmləri keçəcəyi inandırıcı deyil. Heç olmasa, Müsavat Partiyası, KXCP, ACP və digər siyasi qurumlar burada təmsil olunanda Milli Şura çulunu sudan quru çıxara bilirdi. İndi isə şurada bir həsir qalıb, bir də Məmmədnəsir. Qrup vur-tut 100-ə yaxın adamdan ibarətdir. Professor Cəmil Həsənli, hakim Yeni Azərbaycan Partiyasının keçmiş üzvü Gültəkin Hacıbəyli, “Cin mikrorayonda” filminin ssenari müəllifi Eldəniz Quliyev, keçmiş AXCP sədri Əli Kərimli və ona yaxın şəxslər bu qruplaşmanın əsas simalarıdır. Mitinqləri təşkil edən və iştirak edən də elə bu şəxslərdir.

Nərd oynayan veteranlar, müştəri gözləyən taksi sürücüləri...

Milli Şuranı kütləvi göstərən əsas partiyalar bu qrupu tərk edib, elektoratını geri çəkəndən “Yurd” “Məhsul”nu mərkəz xəttinə qədər doldura bilmir. Hər dəfə çe Gevaranın romantik tərəfdarlarının əlamətdar günlərdə təşkil etdikləri həvəskar nümayişlərini xatırladan mitinqlərin əsas iştirakçıları stadion yaxınlığında müştəri gözləyən taksi sürücüləri, yaxınlıqda yaşayan bekar sakinlər, tum çırtlayan avaralar, nərd oynayan veteranlar, futbol oyunu yarmçıq qalmış məktəb şagirdləri olurlar, bir də jurnalistlər. Təbii ki, “Yurd” və Milli Şuranın kurasiyasında olan saytlar və qəzetlər onları “mitinq iştirakçıları” kimi qələmə verirlər və yazırlar ki, “mitinqdə 5000 mindən çox insan iştirak etdi”. Lap 5000 nəfər olsun, böyük iddialardan danışan və xalqın “yeganə lideri” olduğunu elan edən biri üçün bu cılız bir rəqəmdir. Əgər özü iddia edirsə ki, “xalqın yeganə lideri”dir, o zaman 5000 nəfər yox, YAP üzvləri, xəstə və fiziki zəiflər, azyaşlı uşaq və yaşlı adamları çıxmaq şərtiylə Əli Kərimlinin arxasında 5 milyondan çox adam olmalıdır. Bu yoxdur. Olmadığı üçün də kiçik “Məhsul”u sifariş edir, “Azadlıq” meydanını, yaxud alternativ mitinq arenalarını yox. Amma atalar demiş, danışanda ağzına çullu dovşan sığışmır.

Niyə “Məhsul”?

“Məhsul”un sifariş olunmasının simvolik mənası var, xüsusilə, ölkənin ictimai-siyasi vəziyyəti həssas məqamlara daxil olduğu vaxtlarda. “Məhsul” kiçik bir məktəb stadionudur və 22 nəfərlik həvəskar futbolçu, olsa 1 nəfər hakim üçün nəzərdə tutulub. Meydanda şagirdlər, yaxud məhəllə uşaqları futbol oynayanda 22 nəfərin burada yaratdığı qələbəlik 200 nəfərlik Milli Şura və “Yurd” üzvlərindən daha çox görünür. “Yurd” və Milli Şuranın “Məhsul”dan çıxa bilməməsi və bilərəkdən buranı sifariş verməsi də buradan qaynaqlanır. Bu, birbaşa cəmiyyətdə yaranmış mübarizə ruhunu öldürməyə hesablanıb. Stadionda keçirilən hər mitinq günü və səhəri YAP və hakimiyyətin rəsmi və qeyri-rəsmi mətbu orqanları, telakanlları tərəfindən Milli Şuranın mitinq biabırçılığından bəhs olunur. Milli Şuranın “Məhsul”da bu dəfə də yaradacağı mitinq skandalı sırf hakimiyyətin lehinə olan və referenduma dəstək olacaq. Əli Kərimli növbəti dəfə cəmiyyəti kiçik bir stadionu doldura bilməyən müxalifətdən diksindirəcək.

Sentyabrın 11-dən sonra

Ölkədə davam edən total sosial-iqtisadi böhran, Mərkəzi Bank və birbaşa hakimiyyətin soyğunçu bahalaşdırma siyasəti cəmiyyətdə bir etiraz ruhu yaratmışdı. Təbii ki, belə bir məqamda mövcud hakimiyyətin avtoritar rejimini mütləqləşdirmək, əbədiləşdirmək layihəsi olan referendumu bunu açıq meydana sürükləyə bilərdi. Hakimiyyət müxalifətdən də çəkinirdi ki, referendumqabağı hansısa etiraz nümayiş olsa, demokratik düşərgədən dəstək gələ bilər. Buna görə də hakimiyyət bu mübarizəni, ruhu Əli Kərimli və Milli Şura ilə birlikdə “Məhsul”da öldürüb, oradaca basdırmaq qərarı verdi. Beləliklə, Milli Şuranın 11 sentyabr mitinqi Əli Kərimli - hakimiyyət işbirliyinin cəmiyyət və müxalifətin ehtimal olunan etiraz nümayişlərini rüşeymində boğmaq planıdır. Bu, referenduma yox, demokratrik düşərgənin etirazına qarşı olan nümayişdir. Sentyabrın 11-dən sonra kiçicik bir stadionu doldura bilməyəcək müxalifət cəmiyyətin gözündən düşəcək və xalq əbədi olaraq zorakı susqunluğa gedəcək.

Mənsur





Həftənin ən çox oxunanları