Yuxarı

“Yurd”un yanlış mitinq taktikası

“Yurd”un yanlış mitinq taktikası

Müsavatla çəkişmə, mitinqlərin ayrılıqda keçirilməsi protest elektoratı parçalayır

Müsavat Partiyası və Milli Şura “Məhsul” stadionunda mitinq keçirəcək. Ayrı-ayrı tarixlərə təyin olunmuş mitinqdə müsavatçılar və şura üzvləri hakimiyyətin sentyabrın 26-dakı referendumuna etiraz edəcəklər.

Üzdə görünən etiraz

Məsələnin əsas tərəfi hakimiyyətin öz rejimini mütləqləşdirməsi planlarına xidmət edən Konstitusiya dəyişikliyinə etiraz yox, mitinqin 1 həftə aralıqla fərqli tarixlərə təsadüf etməsidir. Milli Şura sentyabrın 11-də, Müsavat ayın 18-də meydana çıxacaq. Hər iki siyasi təşkilatın ayı-ayrılıqda mitinq keçirməsi birmənalı qarşılanmır. Bəllidir ki, Müsavat və “Yurd” arasında münasibətlər soyuqdur. Rəhbərliklər arasındakı çəkişmə Müsavatın Milli Şuraya münasibətini də dəyişib. Digər yandan müsavatçılar Milli Şuranı “Yurd” sədri Əli Kərimlinin daxildə pozuculuq fəaliyyətinə etiraz üçün tərk etmişdi. Həmin soyuq münasibət təşkilatların ümumi hədəfləri və işinə də mənfi təsirlərini göstərir. Halbuki, həm Müsavat, həm də Milli Şuranın, o cümlədən, “Yurd”un referenduma üzdə görünən kəskin münasibəti var. Lakin görünən budur ki, aradakı soyuqluq ümumi hədəfdə də təşkilatların baxışlarını haçalandırır. Əlbəttə, fikir ayrılıqlarının yaranmasında digər amillərin də rolu var.

Müsavat niyə dəstək vermədi?

Sentyabrın 5-də Müsavatdan Milli Şuranın mitinqinə dəstək gəldi. Partiya rəhbərliyi tərəfdarlarına səslənərək, nümayişə dəstək verməyə çağırdı. Lakin bu, ümumi və nəzəri xarakter daşıyır. Çünki Müsavat nə elektorat, nə də təşkilati məsələlərdə Milli Şuraya dəstək vermək fikrində deyil. Zatən, Müsavat rəhbərliyinin özü 18 sentyabr mitinqinin elan olunduğu kimi kütləvi və izdihamlı keçəcəyinə də şübhə ilə yanaşır. Müsavat Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı “Cümhuriyət”ə açıqlamasında “Məhsul”a 2-3 min nəfər çıxarmağı planlaşdırdıqlarını deyib. Görünən budur ki, Müsavat hazırda öz çulunu sudan çıxarmaq “arxasında”dır, nəinki “mehriban düşmən” münasibətində olduğu Milli Şuraya elektorat verib özünü onun yanında daha zəif vəziyyətdə göstərəcək. Əlbəttə 2-3 min nəfər də üzvlərinin sayının az qala 1 milyona çatdığını iddia edən Müsavat üçün biabırçı rəqəmdir. Buna görə də partiya öz rəqibini üstələmək üçün Milli Şuraya “Məhsul”u doldurmaq üçün elektorat verəcəyi inandırıcı deyil.

Əli Kərimlinin puç olan ümidləri

Müsavat heç olmasa meydana 2-3 min nəfər çıxarmağa, ümidlidir, Milli Şuranın isə belə bir lüksü yoxdur. Nəzərə alsaq ki, AXCP öz üzvləriylə birlikdə Əli Kərimlinin əlindən çıxıb demək ki, Milli Şura 200-ü aşmayan “Yurd” üzvüylə kifayətlənməli olacaq. Çünki şuranın özündə rəhbər şəxs sayılan bir neçə nəfərdən başqa heç kəsi yoxdur. Əlbəttə, 2013-cü il seçki biabırçılığından sonra siyasi partiyalar öz üzvləriylə birlikdə Milli Şuradan geri çəkildilər. Əli Kərimli bundan sonra həssas məqamlarda meydana AXCP-nin elektoratını çıxaracağına ümid edirdi. Lakin 2015-ci ildə partiyada narazı saldığı cəbhəçilərin qurultay keçirərək partiyanın hüquqi təmsilçiliyinə sahib olmaları planlarını pozdu. 18 oktyabr qurultayından sonra və əvvəl “Yurd”un Müsavatla yanaşı lazımi məqamlarda müttəfiq sayılacaq digər partiyalarla da münasibətləri pozulmuşdu. İndi də Əli Kərimli güman edirdi ki, nə qədər soyuq münasibətdə olsalar da Müsavatdan dəstək gələcək. Lakin Müsavatın da öz mitinqini bir həftə sonrakı tarixə yazdırması gözləntilərini alt-üst etdi.

“Soyuq müharibə” davam edir

Müsavat və Milli Şuranın ayrı-ayrı tarixlərə mitinq təyin etmələri, paralel olaraq biri-birlərinə təşkilati və digər məsələlərdə yardım etməmələri müxalifətin ümumi işinin əleyhinədir. Görünən budur ki, hansısa səbəblərdən narazı olduqlarını elan etdikləri referenduma münasibətdə də eyni hədəf taxtasına vura bilmirlər. Bu o iddianı da qabağa çəkir ki, Müsavat və Milli Şura, o cümlədən, “Yurd” hakimiyyətin işinə yaramaq üçün “soyuq müharibə”ni bununla yenidən qızışdırmaq qərarına gəliblər və bunun üçün iqtidar dairələrindən külli miqdarda maddi vəsait alıblar.

Bir neçə gün əvvəl “Yurd” Müsavatdan mitinq məsələsini müakirə etmək təklifinə rədd cavabı verdi. Səhəri gün isə Müsavat bəyanat yayaraq, Milli Şuranın mitinqində iştirak etməyəcəyini bildirdi. Görünən budur ki, Müsavat və Əli Kərimli müxalifətin eyni xətt üzrə hərəkətdən çəkindirmək üçün ayrı-ayrı tarixləri seçiblər. Milli Şuranın digər siyasi partiyalara dəvət göndərməməsi də bunu sübut edir.

Heç Müsavatın da başqa partiyalarla mitinq məsələsini müzakirə edib, etməməsi barədə də məlumat yoxdur. Nəzərə alsaq ki, mitinqlərə bir neçə gün qalır, demək ki, nə Müsavat, nə də Milli Şura digər partiyaların nümayişlərdə iştirak etmələrində maraqlı deyillər. Yəni hər iki mitinq müxalifəti növbəti dəfə parçalamağa və hakimiyyətin demokratik düşərgənin etirazı olmadan öz referendumunu qeyri-şəffaf mühitdə keçirməsinə şərait yaradılır.

Mənsur Rəğbətoğlu





Həftənin ən çox oxunanları