Yuxarı

AXCP sədri hakimiyyətə səsləndi

AXCP sədri hakimiyyətə səsləndi

“Ölkədə ağır sosial durumun yaranması, manatın ucuzlaşması və dolların yüksəlməsinin bir ili yaxınlaşır. Bu müddət ərzində insanlar sabaha ümidlə baxdılar ki, hakimiyyət qabaqlayıcı tədbirlər alacaq və vəziyyət düzələcək. Amma, günü-gündən vəziyyət daha da ağırlaşdı. Manat dəyər itirməkdə, dollar isə dəyər qazanmaqda davam edir. Banklar dollar satışını dayandırıb, kimə dollar lazımdırsa, qara bazarda bir dollara iki manat ödəyərək alır. İnsanların cibi boşalır, əsəblər gərginləşir və hər kəsin üzündəki "bəlkə də düzələcək. Hələ ümid var" ifadəsi "daha batdıq" ifadəsi ilə əvəzlənir. Ümidlər puç olub”. 

Cebhe.info xəbər verir ki, bunu Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədri Razi Nurullayev deyib. R.Nurullayev əlavə edib ki, ağır sosial-iqtisadi durum yaranandan bəri prezidentin bir neçə sərəncamı olub, amma nəticə yoxdur:

“Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxsin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı olub. Amma nəticə yoxdur. Dollar “qara bazar”da satılır. Demək, nəticəsiz qaldı. Arxasınca İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi yaradıldı. Hələ ki, ortada bir təklif, bir plan və önləyici bir şey yoxdur. Bundan əlavə də artıq sayını itirdiyim bir neçə qurum yaradılıb. Amma manat ölür, iqtisadiyyat zəifləyir və ümidlər sönməkdə davam edir. İqtisadi böhran başlanandan sonra bir neçə ay ərzində onu cilovlamaq olur. Xüsusən də, Azərbaycanın neft gəlirləri azalsa da, hələ gəlməkdə davam edirsə, problemin get-gedə daha da dərinləşməsi başadüşülən deyil. İqtidar məsuliyyəti üzərinə götürübsə və müxalifəti də bəyənmirsə, zəhmət çəksin, xalqın problemini həll etsin. Hər kəsin əlində olan beş-on manatı da kağız parçasına çevrildi. Bu necə iqtisadiyyat, bu necə idarəçilikdir? Hanı sizin 23 illik iqtidarınız dövründə qurduğunuz iqtisadiyyat? Hanı qazanılan yüz milyardların yaratdığı şaxələndirilmiş iqtisadiyyatınız? Neftin qiyməti oynayan kimi ölkənin sosial durumu, mişarlanmış ağac kimi yıxılır. Bu necə dövlət qurmaq, bu necə xalqın qeydinə qalmaqdır? Bu problemin yaranmasına, manatın supergüclü və yıxılmaz olduğuna ölkə rəhbərliyini inandıranlar olub. Niyə heç kim cəzalandırılmır? Hələ də qanunsuzluqlar, rüşvət və korrupsiya davam edir. Özünə yuva qurmaq istəyən şəxslər rüşvət verməklə daşı daş üstünə qoyurlar. Demək olar ki, əksər dövlət qurumlarında işə düzəlmək istəyənlər rüşvət verirlər. Onların da birinci işi verdiklərini geri qaytarmaqdır. Demək ki, vətəndaşın cibinə girməlidirlər”.

AXCP sədri sonda “Bu dövləti qanunlarla idarə edin, günahkarları cəzalandırın, normal və işlək qurumlara, savadlı və bacarıqlı insanlara təmsilçilik verin. Hər addımda siyasi maraq güdsəniz, ölkə “Aşqabat batan kimi” batacaq. Lakin bis sus qala bilmərik. Xalqa “dözün” də deyə bilmərik. Bu ölkədə köklü siyasi dəyişiklik lazımdır və xalqı bu dəyişikliyə hazır olmağa səsləyirəm. Hər zaman dediyim kimi, dəmir yumruq və sərt sillə olmadan qanunlar işləməyəcək. Qanunların diktaturasını quraraq, bir ay ərzində ölkə vətəndaşlarını qanunla yaşamağa vadar etmək olar. Olmayanlar, qanunla yaşamaq istəməyənlər, xalqın cibindən oğurlayanlar isə ömürlərini qanunun tələb etdiyi məkanda çürüdəcəklər”,- deyə vurğulayıb.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları