Yuxarı

“Ağ blok”dan müxalifət liderlərinə sərt ittiham!

“Ağ blok”dan müxalifət liderlərinə sərt ittiham!

[caption id="attachment_544" align="alignleft" width="380"]cavid memmedzade Cavid Məmmədzadə: “Yazılmamış qanunları var:toplantılarda yalnız  “bir ayağı burda, bir ayağı gorda” olanlar iştirak etsin, gənclərə yol verilməsin”[/caption] “Əbülfəz Elçibəy deyirdi ki,  “Ölkəyə azadlığı biz gətirdik, demokratiyanı gənclər gətirəcək” Yenicə yaranmış “Ağ blok” hərakatı seçkilərə hazırlaşır. Qurumun seçkilərə hazırlığı, ölkədə yaranmış ictimai siyasi durumla və digər mövzular ətrafında bağlı “Ağ blok” İdarə Heyətinin üzvü Cavid Məmmədzadə ilə söhbətləşdik. -Cavid bəy, ölkədə yaranmış ictimai-siyasi durumu necə qiymətləndirirsiz? -Cəmiyyətdə bir  durğunluq var. Parlament seçkilərinə az müddət qalmasına baxmayaraq heç bir siyasi aktivlik hiss olunmur. “Ağ blok”dan başqa heç bir siyasi blokda, heç bir siyasi partiyada aktivlik yoxdur. Bütün bloklar, müxalifət partiyaları  boykotdan danışırlar. Buna misal kimi Milli Şuranın qərarını deyə bilərəm. Boykot qərarı, mənim fikrimcəsiyasi mübarizədən çəkinməkdi. Çünki boykot  hakimiyyətin xeyrinə olan addımdır. Boykot qərarı verib siyasi durğunluğa səbəb olan müxalifət partiyaları parlament seçkilərinin çox asanlıqla saxtalaşdırılmasına şərait yaradır. -Qeyri-demokratik  seçki mühitinin yaranmasının səbəbi nədir? -Səbəb müxalifətin düzgün formalaşmaması, liderlərin xalqın yanında olmamasıdır. Ən başlıca səbəb isə xalqın müxalifətə inamının itməsidir. Bu amillərdən istifadə edən hakimiyyət xalqda müxalifətə qarşı mənfi rəy yaratmağa çalışır və demək olar ki, buna da nail olub. Müxalifət partiyalarından boykot qərarı verənlər beynəlxalq müşahidəçilərin seçkidə iştirak etməyəcəyini, buna görə də seçkinin saxtalaşdırılacağını əsas gətirirlər.   Ancaq nəzərə almaq lazımdır ki, ölkədə heç vaxt ideal demokratik seçki mühiti olmayıb. Bunu səbəb kimi göstərib boykot qərarı vermək düşünürəm ki, yanlış qərardı. Seçki müxalifət partiyaları, siyasi bloklar üçün bir şansdı, sona qədər mübarizə aparmaq lazımdı. Boykot qərarı verib geri çəkilmək düzgün deyil. -“Ağ blok”dan olan  namizədlərin seçki kampaniyası necə gedir? -“Ağ blok” olaraq biz parlament seçkilərinə 9 namizədlə gedirik. Müxtəlif təyziqlərə baxmayaraq namizədlərin hər birinə imza vərəqələri verilib, artıq biz imzatoplama kampaniyasını davam etdiririk. Hazırda Tural Abbaslının imzatoplama kampaniyasına yardım edirik. İki gün ərzində lazım olan qədər imzalar toplandı, vətəndaşlar tərəfindən çox normal qəbul olundu. Tural bəy parlament seçkilərinə gedən yeganə namizəddir ki, səlahiyyətli nümayəndələrlə birlikdə imzatoplama kampaniyasında şəxsən özü iştirak edib. Bu o deməkdir ki, Tural bəy xalqın içindədir, digər namizədlər kimi, kiməsə 10-15 manat verib özünə imza toplatdırmır. Tural Abbaslı xalqın problemlərin imza toplayarkən dinləyir, fikirlərin bildirir, həmçinin də öz təbliğatını aparır. Ümumiyyətlə “Ağ blok”un namizədlərinin təbliğatı uğurla və çox sürətlə gedir.  Təyziqlər olmasa “Ağ blok”un namizədlərindən Milli Məclisə düşən  olacaq. Ancaq seçki saxtalaşdırılsa təbii ki, mümkün olmayacaq. Biz seçkinin demokratik şəraitdə keçiriləcəyini gözləmirik, çünki hər şey saxtakarlığa doğru gedir. -Ənənəvi müxalifət gəncləri qısqanır,siyasi meydandan sıxışdırmağa çalışır. “Ağ blok” olaraq bu sizi çəkindirmirki? -Heç nədən  çəkinmirik. 90-cı illərdən bəri ənənəvi müxalifət liderlərinin yazılmamış qanunları var ki, iclaslarda yalnız “bir ayağı burda, bir ayağı gorda” olanlar iştirak etsin, gənclərə yol verilməsin. Gəncləri qısqanmaq o deməkdir ki, gənclər çox savadlı, uzaqgörəndilər. Ənənəvi müxalifət liderlərinin hal-hazırda hansı gəncdir? 90-95 faizinin yaşı 50-dən çoxdur. Hətta birləşmiş müxalifət partiyalarının namizədi Cəmil Həsənlinin 70-ə yaxın yaşı var. Prezidentliyə namizədin 60-çox yaşı ola bilməz. Gürcüstanda baş nazirin yaşı 30-dur, bizdə isə 80-ə yaxındrı. Bu heç bir demokrtik, sivil qaydalara sıxmır. Müxalifət partiyalarında gənclər təşkilatının fəaliyyəti çox zəifdi. Tural Abbaslı Müsavat Partiyasında Gənclər Təşkilatının sədri olduğu vaxtlarda Müsavat başqanının görmədiyi işləri görüb.Müsavat Gənclər Təşkilatında  olan gənclərin 90 faizini partiya sıralarına Tural Abbaslı cəlb edib. Bu gün o gənclər var orda? Təbii ki, yox.  Tural Abbaslı orda yoxdusa onlarda yoxdu. Əbülfəz Elçibəy deyirdi ki,  “Ölkəyə azadlığı biz gətirdik, demokratiyanı gənclər gətirəcək”. Bu ölkəyə azadlığı bizim atalarımız, babalarımız gətiribsə, demokratiyanı biz gənclər gətirməliyik. Gənclərə bunun üçün şərait yaradılmalıdır, əsasən müxalifət partiyalarında. -“Ağ blok” siyasi partiyaya çevrilə bilərmi? -“Ağ blok” əsasən gənclərdən təşkil olunmuş bir qurumdu. Azərbaycan tarixində yaradılmış ilk blokdur ki, 99 faizini gənclər təşkil edir. Bu gün “Ağ blok” parlament seçkilərinə hesablanaraq yaradılmış bir siyasi blokdu. “Ağ blok”un tərkibinə AXCP, KXCP, Müsavat partiyalarından olan gənclər cəlb olunub. Parlament seçkiləri bitdikdən sonra Tural Abbaslının rəhbərliyi ilə siyasi partiya kimi formalaşması, siyasətdə qalıb- qalmaması ilə bağlı fikirlər müzakirə olunacaq. Hələki bizim bütün planlarımız parlament seçkilərinə hesablanıb. Adətən parlament seçkilərindən sonra 2 il siyasi durğunluq olur, siyasi aktivlik olmur. Bu vaxtdan səmərəli istifadə edərək təbliğat aparmaq, xalqın inamını özünə qaytarmaq lazımdı. Partiyaya çevrilmək üçün işlər aparacaq və prezident seçkilərində iştirak edəcəyik. Vilayət Muxtar





Həftənin ən çox oxunanları