Yuxarı

Azərbaycan üçün 5 rayon tələsi

Azərbaycan üçün 5 rayon tələsi

Natiq Miri: "Rusiya bizi öz orbitinə çəkmək istəyir”

Azərbaycanın işğal olunmuş torpaqlarından 5 rayonun qaytarılması yenidən gündəmə gəlib. Bir neçə gün əvvəl Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ermənistanın Azərbaycanın işğal olunmuş beş rayonunu qaytarması məsələsinin gündəmdə olduğunu bildirib. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb."Rusiya bizimlə bu ideyanı paylaşdı, biz isə dəstəklədik.Biz Qarabağ probleminin həlli üçün çox çalışmışıq”, - deyə Çavuşoğlu Avropa Şurasının Parlament Assambleyasının iclasında Milli Məclisin deputatı Qənirə Paşayevanın sualına cavab olaraq bildirib. Azərbaycanın hadisələrin inkişafında mövqeyi necə olacağı hamıya maraqlıdır.Görəsən, Azərbaycan hakimiyyəti Rusiyanın bölgədə möhkəmlənməsinə imkan verəcək, ya status-kvonun dəyişməsinə imkan verməyəcək?

"Moskva öz marağını güdür”

Məsələni Cebhe.info-ya şərh edən politoloq Natiq Miri deyir ki, Azərbaycan rayonların qaytarılmasına razıdır. Politoloq bildirib ki, Rusiya münaqişənin həllində öz maraqlarını güdür və bu Azərbaycanın xeyrinə deyil:

"Azərbaycan 5 rayonun qaytarılmasına təbii ki, razıdır. Bir şərtlə ki,növbəti mərhələdə və çox yaxın müddətdə digər 2 rayon da qaytarılacaq. Ancaq məsələ bundadır ki, bu 5 rayon hansı şərtlər müqabilində Azərbaycana qaytarılır?Söhbət Azərbaycanın hansı səviyyədə itkilərindən gedir və itkilər çərçivəsində Azərbaycanın suverenliyi nə qədər məhdudlaşdırılacaq?Söhbət bundan gedir.Çünki Rusiya sadəcə olaraq, qara qaşa, qara gözə 5 rayonun qaytarılamsına razı deyil ki. Təbii ki, bu məsələnin içərisində Türkiyə-Rusiya yaxınlaşması faktoru var. Ancaq onu da nəzərə almaq lazımdır ki, bunun müqabilində Rusiyanın konkret olaraq Azərbaycandan geosiyasi istəkləri var. Bu konteksdə Azərbaycanı ilk növbədə Rusiya öz orbitinə çəkmək istəyir. Nüvəsi Rusiyanın olduğu Avrasiya İttifaqına üzv olmaqla bərabər, həm də rus qoşunlarının Dağlıq Qarabağ və ətrafında - cəbhə xəttində yerləşdirilməsini tələb edir”.

"Qarabağ o dövlətin olacaq ki...”

Politoloq hesab edir ki, rus qoşunlarının Azərbaycana yenidən qayıtması, əsasən də münaqişə ocağında yerləşdirilməsi bu Dağlıq Qarabağın birdəfəlik itirilməsi anlamına gəlir:

"Bunu birmənalı anlamaq lazımdır. Niyə? Çünki bu elə bir yaradır ki, əgər rus qoşunları həmin bölgədə yerləşəcəksə və gələcəkdə Azərbaycan müstəqil, suveren olaraq, hər hansı bir geosiyasi qərar qəbul edər və bu qərar Rusiyanın mənafeyinə uyğun olmazsa, Rusiya istənilən vaxt bölgədə bu yaranı yenidən qanada biləcək. Rus qoşunlarının bölgədə yerləşdirilməsi bu anlama gəlir.Buna görə də kimin gücü Qarabağda olacaqsa, yerləşəcəksə, Qarabağ da o dövlətin olacaq.Bunun başqa adı yoxdur.Biz bunu praktikada görmüşük.Bilirsiz ki, qonşu Gürcüstanda da bu cür bəlalardı və bunun hansı geosiyasi hadisələrlə nəticələndiyinin biz şahidi olduq.Buna görə də, bu şərtlər altında 5 rayonun qaytarılmasına Azərbaycan razıdırmı, mənə elə gəlir ki, razı deyil. Məhz, razı olmadığı üçün bu proses aprel döyüşlərindən sonra müəyyən qədər ləngidi. Yoxsa ki, Sarkisyanın dirənişi və yaxud da Ermənistanda süni olaraq anti-Rusiya ovqatının yaradılması, bunlar hamısı geosiyasi bəhanə hadisələridir.Bunlara diqqət yetirmək lazımdır.Buna görə də düşünürəm ki, bu xəmir hələ çox su aparacaq. O mənada ki, Rusiya Azərbaycandan istədiyini almayana qədər, Azərbaycana istədiklərini verməyəcək. Ayrıca, onu da nəzərə almaq lazımdır ki, Rusiya ilk növbədə Azərbaycanın ilk qərar qəbul etməsini istəyir.Yəni, Azərbaycana heç nə verilmədən Azərbaycanın Rusiya orbitinə qayıtması ilə bağlı qərarından sonra bu məsələyə baxılacağını düşünür.Mənə elə gəlir ki, bu qətiyyən Azərbaycanın maraqlarına uyğun deyil.Rusiya heç bir zaman etibarlı bir tərəfdaş olmadı və olmayacaq da.Rusiya istənilən vaxt öz müttəfiqlərini asanlıqla gözardı edə bilir və onların maraqlarını sata bilir.Buna görə, düşünürəm ki, həm Türkiyə, həm Azərbaycan bu məsələdə çox həssas olmalıdırlar.Rusiyanın veridiyi vədlərə aldanmaq lazım deyil”.

Məcid Həsənli  





Həftənin ən çox oxunanları