Yuxarı

AXCP-ni xalqa qaytaran qurultay

AXCP-ni xalqa qaytaran qurultay

Etimad Qurultayından 1 il ötür Rafiq Daşdəmirli: “Demokratik seçki keçirməklə yeni tarix yazdıq” Ehtiram Mehtiyev: “Qısa müddətdə xalqın etimadını qazandıq” Oktyabrın 18-də Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Etimad Qurultayının keçirilməsinin 1 ili tamam olur. Azərbaycanın müasir ictimai-siyasi həyatı üçün önəmli hadisə olan AXCP Etimad Qurultayı partiyanın yenidən formalaşdırılmasında mühüm mərhələ olub. Müstəqillk Aktının qəbul edildiyi 18 oktyabrın növbəti ildönümünə təsadüf edən bu önəmli hadisə müxalif düşərgədə özünəməxsus mövqeyi ilə seçilən AXCP-yə olan xalq inamının atmasına zəmin yaradıb. “AXC xalqın təşkilatı kimi meydana çıxdı” AXCP Etimad Qurultayı və bu günə qədər partiyanın fəaliyyəti haqqında AXCP funksionerləriylə əlaqə saxladıq. Cebhe.info-ya danışan AXCP funksioneri Rafiq Daşdəmirli Xalq Cəbhəsinin ötən əsrin 80-ci illərinin sonunda böyük bir hərəkat olaraq meydana gəldiyini dedi. Onun sözlərinə görə, qurultaya qədər kimin sədr olacağı bilinmirdi: “AXC qurulanda hələ lideri bilinmirdi. AXC müstəqillik hərəkatı kimi imperiyaya və Qarabağı Azərbaycandan almaq istəyənlərə qarşı vətənpərvər insanların birliyi  kimi yaranmışdı. Kommunist rejiminə  qarşı azadlıq, demokratiya hərəkatı kimi meydana çıxmışdı. Xalq Cəbhəsi xalqın təşkilatı olaraq ölkəmizin hər yerində vüsət almışdı. Ən əsası odur ki, AXC və onun bazası əsasında yaranmış olan AXCP heç zaman xalqdan ayrı olmayıb, xalqla birbaşa xalqın içində olub. AXC-nin və AXCP-nin ilk lideri, milli demokrat, ölkəsinə vətəninə bağlı, əvəzsiz lideri Əbülfəz Elçibəy idi. Elçibəy ideyalarının davamçıları olaraq bizlər də düz bir il bundan önçə, oktyabrın 18-də, 57 rayon şöbəsindən 1200 nəfərin iştirakı ilə möhtəşəm qurultay keçirdik. Biz demokratik seçki keçirməklə yeni tarix yazdıq. Alternativ qaydada keçirilən seçkilərdə yüksək səs çoxluğu ilə Razi Nurullayev AXCP-nin sədri seçildi. Azərbaycanın ictimai siyasi həyatında önəmli hadisə, məhz 18 oktyabr Müstəqillik Aktının qəbul edildiyi günə təsədüf etdi”. Partiya böyüyür, güclənir Rafiq Daşdəmirli deyib ki, bir il müddətində partiya quruculuğunda xeyli yol keçilib: “Bu bir il müddətində nə edə bildik, nə etdik, nə edəcəyik? İlk olaraq onu deyim ki, bir il müddəti az vaxt olmasına baxmayaraq rayon şöbələrimiz tam struktur şəklində, nizamnamə çərçivəsində fəaliyyət göstərir. Mütəmadi olaraq Bakı və ərazisi işğal olunmuş rayon şöbələrinin iclaslarını keçiririk. Partiyada təşkilatlanma hər zaman uğurla həyata keçirilir. Dəyərli ziyalıların partiyaya gəlişi partiyamızın nufuzunu artırır. Əksər şöbələrimizdə gənclər komitələri yaradılması prosesi davam edir və yaxın günlərdə  gənclərin geniş tədbirinin keçirilməsini planlaşdırırıq”. AXCP ideya generatoruna çevrilib R.Daşdəmirli deyib ki, hazırda AXCP cəmiyyətdə, ictimai-siyasi proseslərdə ən fəal partiyadır: “Partiya ayrı-ayrı sahələrə dair sosial, iqtisadi, siyasi proqramlarla, təkliflərlə çıxış edir. Ölkədə baş verən ağır iqtisadi-siyasi böhrandan çıxmaq üçün təkliflər paketi hazırlanıb hökumətə təklif olunub. AXCP-nin nəzdində İctimai Fikir Akademiyası fəaliyyət göstərir. İFA-nin tədbirləri Bakı ilə bərabər əyalətlərimizdə də təşkil olunur. AXCP siyasi islahatlar təklifi paketi hazırlayaraq hökumətə təqdim etdi. Dağlıq Qarabağ münqişəsinin həlliylə bağlı Vahid Qərar Şurasının 16 bənddən ibarət təkliflər paketini hazırladi. Bu təkliflərin Beynəlxalq Mətbuat Mərkəzində ictimai müzakirələr keçirdik. Bir il müddət ərzində partiyanın media orqanları fəaliyyətə başladı  və az zaman kəsiyində geniş uğur qazandı. 1993-cü ildə Əbülfəz Elçibəyin xeyir-duası ilə nəşrə başlayan “Cümhuriyət” qəzeti nəşrini bərpa edərək yenidən işıq üzü gordü. Cebhe.İnfo xəbər portalı və Talk TV internet televiziyasıda AXCP-nin media quruluşlarındadır. AXCP öz prinsipial fəaliyyəti ilə hər zaman hakimiyyətin xalqımıza yaratdığı problemlərə qarşı olacaq. Bizim üçün seçkilər mühüm məsələdir. Seçkilərin demokratik, şəffaf keçirilməsi üçün çalışacağıq. Siyasi partiya kimi xalqın etimadını qazanıb, seçkilərdə iştirak edəcəyik”. Elçibəydən sonra ikinci demokratik sədr seçkisi AXCP sədrinin müavini Ehtiram Mehtiyev də həmçinin AXCP-nin ötən bir il ərzində mühüm uğurlar qazandığını deyib. O, qeyd edib ki, AXCP mübariz insanlardan təşkil olunub: “Düz bir il əvvəl Azərbaycanın siyasi tarixində və eyni zamanda AXC tarixində Əbülfəz Elçibəydən sonra ikinci dəfə demokratik seçki yolu ilə qurultay keçirdik. Müstəqillk Aktının qəbul edildiyi 18 oktyabrın ildönümünə təsadüf edən bu önəmli tarixi hadisə Azərbaycan siyasətində bir canlanmaya səbəb oldu. O canlanma ki, başı intriqalara, dedi-qodulara qarışmış ənənəvi müxalifət adının üzərindən bir xətt çəkib yeni sivil mübarizə yolu ilə seçilmiş ideoloji bir partiyanı bərpa etdik. Özlərini virtual dünyanın qəhrəmanları hesab edən, yekə-yekə bəyanatlar verən, dörd-beş min vətəndaşını bir araya gətirə bilməyən, populist çıxış edən, xalqa yalançı vədlər verən, hadisələrin mahiyyətinə varmayan siyasi əlillərə artıq xalqın inamı qalmamışdı. Çünki zamanında verilən vədlər nəticəsiz qalmışdı. Biz xalqın AXCP-yə olan inamını yenidən özünə qaytardıq. Xalqın anlayacağı dildə danışdıq, onu inandırmaq imkanını yenidən bərpa etdik. Bu gün partiyamızda təmsil olunanlar heç də sıradan bir üzvlər deyil. Onlar AXCP-nin ən çətin günlərində əlini ağır daşın altına qoyan fədakar, mübariz insanlardan təşkil olunub”. E.Mehtiyev deyib ki, qısa müddət ərzində partiyanın beyin mərkəzi, işlək orqanları yaranıb: “Biz bir il ərzində nə etdik? Partiyamızda qurultaydan həmən sonra alt qrum olan beyin mərkəzi yaratdıq. İctimai Fikir Akademiyası adı ilə yaratdığımız beyin mərkəzi vasitəsi ilə cəmiyyətə ölkədə və dünyada baş verən hadisələri tanınmış ekspertlər tərəfindən müzakirəyə çıxartdıq. Eyni zamanda ölkənin ən çətin vəziyyəti olan iqtisadi böhranda da laqeyd qalmadıq. AXCP bununla bağlı iqtisadi anti-böhran təkliflər proqramı hazırladı. Daha sonra bu məsələ ilə bağlı bank sisteminin fəaliyyətinə, turizm sektorundakı çatışmayan cəhətlərə və bu kimi bir sıra vacib nüanslara toxunduq, təkliflər planı  hazırlayıb hökumətə təqdim etdik.  Məqsədimiz ölkəni böhrandan çıxarmaq üçün hökumətə müəyyən dəstək vermək idi. Və biz buna da nail ola bildik. Bu təkliflər proqramının geniş müzakirəyə səbəb olması da işimizin effektivliyindən xəbər  verdi. Biz bunlarla da yetinmədik, ölkəmizin ən böyük və ən önəmli problemi, bizim yaralı yerimiz olan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı təkliflər proqramı hazırladıq və hökumətə təqdim etdik. Bu münaqişənin vahid mərkəzdən idarə olunması məqsədi ilə Vahid Qərar Şurası yaratdıq. Elə bir şura ki, burada siyasətçilər, ictimaiyyət nümayəndələri, QHT, habelə, hər bir siravi fəal vətəndaş təmsil oluna bilər”. “Xalqı  rifaha qovuşdurmağa çalışırıq” AXCP qarşıdakı prezident seçkilərinə hazırlaşır. E.Mehtiyev deyib ki, partiya xalqdan ciddi dəstək alacaq: “Biz qarşıdan gələn 2018-ci il prezident seçkilərinə də çox ciddi şəkildə hazırlaşırıq. Artıq xalqın dəstəyini öz üzərimizdə hiss edirik. Bu da bizim siyasi  partiya olaraq az müddətdə xalqın etimadını qazanmağı bacardığımızdan xəbər verir. Biz AXCP olaraq yuxarıda qeyd etdiyim və etmədiyim  bir sıra gərəkli işlər gördük. Əlbəttə ki, bu bizim uğurumuzdur, amma biz bunlarla yetinmirik. İnanırıq ki, bir ilə sığdırdığımız bu uğurların ardı da mütləq olacaq. Biz dayanmadan, usanmadan  xalqı  arzu etdiyi rifaha qovuşdurmaq üçün çalışırıq. Xalqımızın xoş güzəranı, gəncliyimizin gözəl gələcəyi üçün əlimizdən gələni edirik və bundan sonra da edəcəyik!” Vilayət Muxtar





Həftənin ən çox oxunanları