Yuxarı

“AXCP intibah dövrünü yaşayır”

“AXCP intibah  dövrünü yaşayır”

 

Kamil Babayev: “AXCP ölkənin ictimai-siyasi həyatında öz sözünü deyib”

Hüseyn Məmmədov: “Bir il əvvəl gənclər, ziyalılar Razi Nurullayevin ətrafında birləşdi”

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Etimad Qurultayının keçirilməsindən 1 il ötür. Azərbaycanın müasir ictimai-siyasi həyatı üçün önəmli hadisə olan AXCP Etimad Qurultayı partiyanın yenidən formalaşdırılmasında mühüm mərhələ olub.  Bununla bağlı “Cümhuriyət” qəzetinə danışan AXCP təşkilat şöbəsinin müdiri Kamil Babayev bir il ərzində AXCP-nin keçdiyi yola və əladə etdiyi uğurlara toxunaraq, AXCP-nin ölkənin ictimai-siyasi həyatında böyük rola sahib olduğunu vurğulayıb:

“Bir il öncə bütün sınaqlardan uğurla çıxan AXCP növbəti parçalanma mərhələsindən yan keçməyi bacardı. Bir öncə hələ Elçibəyin sağlığında təfriqə ilə məşğul olan "Yurd" sədri Əli Kərimli yenə öz oyununu oynamağa çalışdı. Lakin AXCP həmişəki kimi yenədə birlik nümayiş etdirdi, vahid mövqe ortaya qoyaraq AXCP -ni növbəti parçalanmadan qorudu. AXCP-nin Etimad Qurultayı keçirildi,  demokratik və alternativ yolla Razi Nurullayev AXCP-nin sədri seçildi”.

Kamil Babayev deyib ki,  yüksək mənəvi keyfiyyətlərə, geniş intellektual potenasiala malik, müasir dünya siyasətinə dərindən bələd olan Razi Nurullayev AXCP-nin tarixi nüfüzunu bərpa edib: “AXCP-nin hazırkı mərhələsi tək cəbhəçiləri deyil, cəbhəçi olmayan səmimi, vətənsevər insanları da sevindirir. Bizə qürur verən insanlarımızın bu halı, böyük şərəfli tarixi yolu keçmiş partiyamızın üz ağlığıdır. Razi Nurullayevin rəhbərliyi ilə AXCP intibah dövrünü yaşamaqdadır. Partiyamız Əbülfəz Elçibəydən sonra ilk dəfə olaraq cəmiyyətin bütün sahələrini əhatə edən yeni, demokratik idarəetmə proqramları ilə çıxış edir. AXCP-nin turizm, səhiyyə, təhsil, mədəniyyət, sosial-iqtisadi və digər sahələrlə bağlı təklif etdiyi proqram və layihələr artıq xalqımıza və hökumətə bəllidir. AXCP ümummili problem olan Qarabağ məsələsində də orijinal təkliflə çıxış edib. İlk dəfə olaraq cəmiyyətin və hökumətin bütün təbəqə və məsul qurumlarını bir şura ətrafında birləşdirmək təklifini verib, "Vahid Qərar Şurası"nı yaradaraq cəmiyyətin müzakirəsinə çıxarıb. “Vahid Qərar Şurası”nın müzakirəsi ölkədə xoş məramla qarşılandı. AXCP təşkilat şöbəsi olaraq rayon şöbələri ilə mütəmadi işlər aparır və bəzi rayonlarda yeni şöbələrin yaranmasına, həmçinin şöbələrin genişlənməsinə, daha çox fəalların cəlb edilməsinə çalışırıq. Yaxın günlərdə AXCP Gənclər qurultayını keçirmək niyyətindəyik. Bu istiqamətdə hazırlıq işləri başa çatmaqdadır. Artıq yerlərdə gənclər təşkilatlarının yaradılmasının son prosesləri yekunlaşır”. K.Babayevin fikrincə, AXCP cəmiyyəti narahat edən bütün məsələlərlə bağlı təkliflər verib, müzakirələr açıb: “Ölkədə gedən elə bir proses ola bilməz ki, AXCP partiya olaraq ona münasibət bildirməsin. Son günlərə nəzər salsaq, görəcəyik ki, AXCP sədrinin banklarla bağlı hökumətə verdiyi təklif və qışa hazırlıqla bağlı fikirləri buna əyani misal ola bilər. Biz AXCP olaraq həmişə xalqımızın yanındayıq və onun gücünə inanırıq”.

AXCP Nəzarət Təşftiş Komissiyasının üzvü Hüseyn Məmmədov isə hesab edir ki, AXCP hər zaman xalqın və dövlətin yanında olub. O, əlavə edib ki, AXCP bunu dövlət üçün taleyüklü olan məsələlərdə mövqeyini ortaya qoymaqla dəfələrlə sübut edib: “Müstəqilliyinə qovuşmuş Azərbaycan dövlətinin hazırkı iqtisadi, siyasi, mədəni vəziyyətini kimlərsə dərk etmir, kimlərsə ümumiyyətlə anlamaq istəmir. Artıq 25 ildən artıqdır ki, bu və ya digər formada aparılan siyasi danışıqlara baxmayaraq torpaqlarımız düşmən tapdağından azad olunmur. Bunun bir səbəbi bizim azərbaycanlı, müsəlman olmağımızdır. Xristian aləmi, ələlxüsus, Rusiyanın ədalətsiz şəkildə işğalçı dövləti müdafiə etməsi torpaqlarımızın işğaldan azad olunmasını əngəlliyir. Digər tərəfdən özümüz də həm iqtidar, həm müxalifət Qarabağ məsələsini hakimiyyət uğrunda mübarizədə “tramplinə” çevirmişik. Dövlət mənafeyi adı altında şəxsi mənafeyini güdənlərin sayı günü-gündən artır və ona görə də biz öz əzəli-əbədi, dədə-baba torpaqlarımızı azad edə bilmirik. Bu səpkidə müxalifət partiyalarının da günahı çoxdur. Ölkə vətəndaşlarının güman yeri, inandığı AXCP səriştəsiz, köhnə qaydalarla işləməkdən əl çəkməyən, mənəm-mənəmlik iddiasında olanların ucbatından günü-gündən nüfuzunu itirməyə başlamışdı. AXCP-nin tam lazımsız bir quruma çevrilmə təhlükəsi vardı. Bu şəraitdə mənəviyyatı təmiz qalan insanları toparlayıb AXCP-ni yenidən qurmaq lazım idi. Belə bir taleyüklü missiyanı Razi Nurullayev öz üzərinə götürdü. Ölkənin ictimai, iqtisadi, siyasi, mədəni həyatına biganə qala bilməyən vətənpərvərlər öz çiyinlərini kənara çəkib dura bilmədilər və hamılıqla Razi Nurullayevin ətrafına toplaşdılar. Hələ beyinləri zəhərlənməyən, gələcəyi düşünə bilən insanlar, gənclər AXCP-nin Etimad Qurultayını keçirdilər. Qurultayda tam yeni, sözdə deyil, əməldə demokratiya nümayiş olundu. Demokratik, alternativ şəraitdə gizli səsvermə ilə Razi Nurullayev AXCP -nin sədri seçildi. Elə həmin gün yeni bir tarixin ilk səhifəsi yazıldı. Başqalarından fərqli olaraq “sədr 2 dəfədən çox seçilə bilməz” qərarı qəbul olundu. Dərhal təxirəsalınmaz tədbirlər keçirilməyə başlandı.

AXCP yanında İctimai Fikir Akademiyası fəaliyyətə başladı. Yeni-yeni təkliflər proqramı hazırlanaraq xalqın müzakirəsinə verildi və hökumətə təqdim olundu. Ölkə iqtisadiyyatının neftdən asılılıq təhlükəsini hiss edərək təkliflər proqramı hazırlandı. "Made in Azərbaycan" brend məhsullarının istehsal olunması təklifi verildi. Əslində bəzi təkliflərimiz həyata keçirilir, bizim adımız olmasa da biz sevinirik. Yetər ki xalqa, millətə az da olsa, xeyrimiz dəysin. AXCP sədri Razi Nurullayev "Vətən mənə nə verdi" demədi, mən "Vətən üçün nə etdim" dedi. İnanıram ki, AXCP-nin nüfuzu özünə qayıdır və qayıdacadır. Hələ öndə görəcəyimiz işlər çoxdur. İşıqlı gələcəyə Razi Nurullayevlə irəliləyirik”.

Cebhe.info





Həftənin ən çox oxunanları