Yuxarı

Müstəqillik Aktı: Sirlər açılır

Müstəqillik Aktı: Sirlər açılır

Müstəqillik Aktına kimlər və niyə səs vermədi?

Firudin Cəlilov: “Əsas gətirirdilər ki, biz müstəqil yaşaya bilmərik, büdcədə pulumuz yoxdur”

Sabir Rüstəmxanlı: “Kommunistlər arasında ürəkdən sevinənlər də vardı, xəcalətdən pörtüb, gizlənməyə çalışanlar da”

Hacıbaba Əzimov: “Bəziləri inanmırdılar ki, SSRİ dağıla bilər”

1991-ci ilin 18 oktyabrında Azərbaycan Respublikasının Ali Soveti "Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Bərpası haqqında" Konstitusiya Aktını qəbul edib. O sırada Müstəqillik Aktının qəbuluna səs verən deputatlarla yanaşı səs verməyən deputatlar da olmuşdu. Bildirilir ki, Aktın əleyhinə çıxan deputatların sayı heç də az olmayıb. Amma Azərbaycanın müstəqillik əldə etməsi məsələsinə qarşı çıxan millət vəkilləri müxtəlif arqumentlər gətirərək bu Aktın qəbul olunmasının əleyhinə çıxıblar. Bunun üçün parlamentdə çoxsaylı müzakirələr, mübahisə və təzyiqlərin də olduğu faktdır.

Amma Müstəqillik Aktının əleyhinə olan deputatların adlarının siyahısı bütünlüklə ictimaiyyətdən gizlədilib. Hətta həmin siyahıya çox az adamın adı salınıb. Hansı ki, Azərbaycanın müstəqillik qazanması üçün etiraz ediblər.

“Heydər Əliyev də Müstəqillik Aktına səs verdi”

İstiqlalçı deputat Firudin Cəlilov “Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, Müstəqillik Aktının qəbul olunması məsələsində o dövr üçün xeyli gərginliklər yaşanıb: “1991-ci ilin mart ayında referendum keçirildi. Referendumda irəli sürülən tələb SSRİ-nin qalması və ondan ayrılmağımız idi. Müstəqilliyi istəməyən deputatlar Azərbaycanın müstəqilliyinin əleyhinə səs verdi. 43 deputat var idi, onlar Azərbaycanın müstəqil dövlət qurulmasını istəyirdilər. Naxçıvandan mərhum Heydər Əliyev iştirak edirdi. O da Müstəqillik Aktına səs verdi. Amma köhnə məmurların əksəriyyəti demək olar ki, əleyhinə səs verdi. Bir neçə aydan sonra Xalq Hərəkatının və xalqın təzyiqi ilə oktyabrın 18-də Müstəqillik Aktı qəbul olundu. Həmin gün xeyli deputat zala girmədi. Bəziləri isə ümumiyyətlə, gəlməmişdi. Elə oldu ki, əvvəl səs verməyənlərlə yanaşı bütün deputatlar Müstəqillik Aktının qəbul olunmasına yekdilliklə səs verdilər”. Firudin Cəlilovun sözlərinə görə, Azərbaycanın müstəqilliyinin əleyhinə çıxan deputatların bu məsələ ilə bağlı müəyyən arqumentləri var idi: “Əsas gətirirdilər ki, biz müstəqil yaşaya bilmərik. Büdcədə pulumuz yoxdur. SSRİ-yə daxil olan ölkələrlə inteqrasiyadadır. Ayrılsaq, birdən-birə çox çətin olar. Yavaş-yavaş həmin deputatları başa saldıq ki, ilk illərdə çətinlik olsa da növbəti mərhələdə hər şey yoluna düşəcək. Müstəqil ölkə kimi Azərbaycan xarici siyasətini quracaq. İstədiyin proqramı gündəmə gətirib qura bilərsən. Bu kimi məsələləri arqument olaraq səsləndirib yavaş-yavaş müstəqilliyə qarşı çıxan deputatları hazırladıq. Hətta yadıma gəlir k, bir neçə deputatın qoluna girib onu başa salırdım, məsələni izah edirdim. Ondan sonra zala gəlib səs verirdilər. SSRİ Ali Sovetinin bəzi deputatları SSRİ-nin qalması üçün çox dirənmişdilər. Rəhmətlik Fərman Salmanov inadkarlıq edirdi ki, SSRİ qalmalıdır”.

“Qoy danışsınlar, təki mane olmasınlar”

İstiqlalçı deputat Sabir Rüstəmxanlının sözlərinə görə, 1991-ci ilin 18 oktyabrı onun ən gözlədiyi gün olub: “Həmin gün Milli Məclisi mühasirəyə almış cəbhəçilərin bir hissəsi parlamentin iclas salonuna buraxılmışdı. Arxada sədd çəkib dayanıblar. Müstəqillik aktı oxunur. Bu tarixi sənədin hər maddəsi bu salonda zamanın hökmü kimi səslənirdi. Bəzilərinin başına daş düşür... Yadıma 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin, 1946-cı ildə Təbrizdə Cənubi Azərbaycanın Demokratik Cümhuriyyətinin elan olunması düşürdü... İndi bilirdim ki, ordakı milliyyətçilər nələr keçiriblər. Elə beləcə oturduğun yerdə, sevincdən ürəyin partlaya bilər. Amma olmaz. Bu bütün ömrümüz boyu gözlədiyimiz bir gündür! İdeallarımızın, arzularımızın günüdür! Neçə illik zəhmətimizin, əzablarımızın, tökülən qanlarımızın bəhrəsi və nəticəsidir. Süstləşmək, sentimentallığa qapılmaq olmaz. Çıxışım da elə bu ovqatdan doğmuşdu. Hər kəsi bu sənədin qəbulunun zəruriliyinə inandırmağa çalışırdım. Əslində isə buna ehtiyac yoxdu. Çünki yazda qatı  kommunist olanlar artıq milli demokrat olmaqdan ötrü sinov gedirdilər. Onlar heç nəyi həll eləmirdilər, zaman onları qabağına qatıb aparırdı. Gözlərində bir anlaşılmazlıq, bir yalvarış vardı: nə olar, tut əlimdən! Anlaşılmazlıq dedim. Amma ürəkdən sevinənlər də vardı, xəcalətdən pörtüb, gizlənməyə çalışanlar da. Allah! Allah! İnsan da öz dövlətinin, millətinin müstəqilliyindən belə pərt olar?Firudin Ağasıoğluyla yanaşı oturmuşduq! Arada bir çevrilib yaşlı gözlərimizlə bir-birimizə baxırdıq! Sən bir işə bax, bir vaxtlar müstəqillik sözünü lağa qoyanların bir neçəsi salonlardakı bu aktın qəbulunun vacibliyini başa salmağa çalışır! Tarixin unutqanlığına güvənirlər! Qoy danışsınlar, təki mane olmasınlar”.

“Yerimizdə uşaq kimi atılıb-düşür, qucaqlaşırdıq”

Sabir Rüstəmxanlı Müstəqillik Aktı ilə bağlı səsvermə gününü xatırladıb: “Bu da səsvermə. Ola bilməz! Lehinə 260 nəfərdən çox! Bir anlıq sükut! Sonra salon hələ eşitmədiyimiz bir alqış gurultusundan əsir! Qəbul edildi! Qəbul edildi! Yumruqlar düyünlənib, yerimizdə uşaq kimi atılıb-düşür, qucaqlaşırıq! İclas zalı dağılır! Kimi gülür, kimi ağlayır! Axır ki! Axır ki! Axır ki! Gözün aydın, Vətən! Gözün aydın, Azərbaycan! İndi rahatca ölə bilərik! İndi rahatca qayıdıb yenidən öz qəzetimi buraxa, şeirimi yaza bilərəm! Mənim davam buracandı! Bundan belə nə parlament, nə siyasət? İnşallah, müstəqil dövlət hər işi yoluna qoyar, biz də arxayınlaşarıq”.

Keçmiş deputat qeyd əlavə edib ki, millət Milli Məclisin ətrafına yığışmışdı və deyirdilər ki, Müstəqillik Aktı qəbul olunmayana qədər oranı tərk etməyəcəklər: “O milləti ora biz yığmışdıq. Sayımız az olsa da arxayın idik. Çünki camaat deyirdi ki, oradan çıxdı yoxdu. Beləliklə, içlərində boğula-boğula, vaxtilə üçrəngli bayrağı əlimizdən alıb cıranlar, ayaq altına atanlar, ayaqqabılarını silənlər, bizi vurub döydürənlər , müstəqiliyi, M.Ə. Rəsulzadəni söyənlər (təəssüf ki, indi də elələri var) oktyabrda artıq “quzu”kimi məcbur olub xalqın təzyiqi altında səs verdilər. Mart ayındakı referendumda cəmi 42 nəfər SSRİ-nin qalmasının əleyhinə səs vermişdi. Amma oktyabrda Milli Məclisdə 260 deputat məcburi, rəngləri boğulmuş və qorxa-qorxa Müstəqillik Aktının qəbul olunmasına səs verdilər”.

“254 nəfər SSRİ-nin saxlanmasına səs verdi”

İstiqlalçı deputat, professor Hacıbaba Əzimov 1991-ci il oktyabrın 18-də Ali Sovet tərəfindən Azərbaycan Respublikasının “Dövlət Müstəqilliyi Haqqında” Konstitusiya Aktının qəbul edilməsindən danışarkən bəzi vacib məqamları açıqlayıb. O deyib ki, Azərbaycanda hər kəs rahatlıqla iştirakçısı olmadığı işi mənimsəyə bilir: “Azərbaycanda belədir, kim nə istəyirsə, yazır, kimin kimdənsə xoşu gəlmirsə, əleyhinə yazılar dərc edir. Bəziləri özünün fəaliyyətini həddindən artıq şişirdir. Halbuki heç bir iş görməyib. Bəziləri isə əsassız olaraq tənqid edilir və müstəqilliyin əleyhinə çıxan deputat kimi qələmə verilir. Haqq-ədaləti itirmək olmaz, düzgün danışmaq lazımdır. Orada 15-20 şəxsi seçib bəyan edirlər ki, həmin şəxslər müstəqilliyin əleyhinə çıxıblar. Ali Sovetdə o zamanlar 350 nəfər var idi. Bəziləri 360 nəfər olduğunu deyir, o da düz deyil. Çünki ayrılan 10 yerə deputat seçkiləri keçirilməmişdi. 1991-ci ilin fevral ayının 5-dən 350 nəfər deputatın mandatının təsdiqi ilə Ali Sovet öz işinə başladı. Mart ayının 7-də Moskvanın tapşırığı ilə ölkə rəhbərliyi Ali Sovetdə məsələ qaldırdı ki, SSRİ-nin saxlanması ilə bağlı referendum keçirilməsi məsələsi müzakirə olunsun. “Demblok”dan olan bizlər bu məsələnin müzakirəsinin qəti şəkildə əleyhinə çıxdıq. Bəziləri heç inanmırdılar ki, SSRİ dağıla bilər. Əslində bunu çoxları istəmirdi. Çünki güzəranları yaxşı idi, müəyyən vəzifələrdə təmsil olunurdular. Beləliklə, SSRİ-nin saxlanması məsələsi ilə bağlı referendum keçirildi və məsələ səsverməyə qoyuldu. O dövrdə Prezident Ayaz Mütəllibov Ali Sovetin iclasında hamıdan, hətta “Demblok”dan da xahiş etdi ki, hamı səsvermədə iştirak etsin və referendum keçirilsin. Biz qəti əleyhinə çıxdıq və bildirdik ki, bu məsələ ümumiyyətlə, müzakirə olunmamalıdır. Buna baxmayaraq, səsvermədə 254 nəfər SSRİ-nin saxlanmasına səs verdi. 43 nəfər özündə cəsarət tapdı, öz həyatını, ailəsinin həyatını təhlükəyə ataraq Azərbaycanın Dövlət Müstəqilliyinə səs verdi. 6 nəfər bitərəf qaldı, 47 nəfər isə ümumiyyətlə, iclasda iştirak etmədi. Həqiqət budur. 15-20 nəfərin adını götürüb müstəqiliyin əleyhinə çıxan kimi qələmə vermək düzgün deyil. O 254 nəfərin hamısı müstəqilliyin əleyhinə idi. Bu şəxslər hazırda yenə də vəzifədədirlər. Çünki ölkəmiz müstəqillik əldə edəndən sonra da Rusiya Azərbaycanı öz nəzarəti altında saxlayır. Bu gün Rusiyanın mənafeyinə işləyən adamlar yüksək vəzifə postları tutublar”.

Etibar Məmmədov cəmi iki maddənin müəllifidir”

Professor Hacıbaba Əzimov qeyd edib ki, o, oktyabr ayında mən Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktını hazırlayan komissiyanın sədri seçilib: “O sənədin son, mükəmməl layihəsini verilən təklifləri nəzərə alaraq, saf-çürük edərək, hazırlayıb, Ali Sovetin müzakirəsinə təqdim etmişəm. Deputat komissiyasının sədri seçiləndə Ali Sovetin rəhbərliyi tərəfindən mənə şərt qoymaq istədilər ki, Konstitusiya Aktında SSRİ-nin anti-Azərbaycan siyasəti, Azərbaycanın işğalı və s. bu kimi məsələlər olmasın. Lakin mən bu təkliflərə etiraz etdim və həmin məqamları maddə və müddəalarda əks etdirdim, müzakirələr zamanı əsaslandırıb qəbul edilməsinə nail oldum. Bu günlərdə dövlət müstəqilliyimizin 25 illiyi münasibətilə keçirdiyimiz tədbirdə Etibar Məmmədov çıxışında qeyd etdi ki, Konstitusiya Aktının müəllifi Fuad Ağayev olub. Fuad Ağayev Konstitusiya Aktının müəllifi ola bilməz. Çünki hər kəs nəsə yaza bilər və təklif edə bilər. Amma müəllif yalnız deputat ola bilər. Deputatın ixtiyarı var ki, qanunvericilik təşəbbüsü ilə hər hansı qanun layihəsi, maddə və müddəa təklif etsin. Bu təklif iclas və deputatlar tərəfindən qəbul olunarsa, o zaman həmin deputat müəllif hesab oluna bilər. Fuad Ağayev o zaman ali məktəbi yenicə bitirmiş bir şəxs idi və deputat deyildi. Onun hər hansı qanun maddəsinin müəllifi olmaq səlahiyyəti yox idi. Amma Etibar Məmmədov deputat idi, təklif verdi, mən isə qəbul etdim. Belə ki, E.Məmmədov F.Ağayevlə 15 maddədən ibarət bir layihə hazırlamışdı. F.Ağayev oktyabrın 18-də yanıma gəldi və həmin layihəni mənə təqdim etdi. Mən baxdım, iki maddəni bəyəndim və bildirdim ki, həmin maddələri də Konstitusiya Aktına daxil edəcəm. Belə də etdim. Beləliklə, cəmi 32 maddədən ibarət Konstitusiya Aktının iki maddəsinin müəllifi Etibar Məmmədovdur. Bundan başqa o sənədin hazırlanmasında Tofiq Qasımov da iştirak edib. Mən onun da zəhmətini deməliyəm. Amma Fuad Ağayevi Konstutusiya Aktının müəllifi kimi qələmə vermək hüquqa zidd iddiadır”.

Alçina Amilqızı





Həftənin ən çox oxunanları