Yuxarı

“Yurd” sədrinin virtual fiaskosu

“Yurd” sədrinin virtual fiaskosu

“Facebook”da “HamamTimes” adlı səhifə bu günlərdə sosial şəbəkə istifadəçiləri arasında sorğu keçirdi.

“Əli Kərimli, yoxsa İlqar Məmmədov?” adlanan sorğuda insanlar inandıqları siyasətçiyə virtual səs verdilər. “Yurd” sədri Əli Kərimli böyük hesabla REAL Hərəkatının sədri İlqar Məmmədova uduzdu. Əvvəlki sorğuda da Əli Kərimli məğlub olmuşdu. Bundan qıcıqlanan “Yurd” funksionerləri və üzvləri “HamamTimes”in admininə təzyiq etdilər, qeyri-obyektiv olmaqda ittiham edirdilər, bu səhifənin satıldığını vurğulayırdılar. Nəticədə sorğu təkrar keçirildi. “Yurd” sədrinin saxta profilləri bu dəfə də kara gəlmədi və o, yenə də uduzdu. Əlbəttə, bu məğlubiyyət təsadüfi deyil və bu fiaskonun kökündə xalqın qazanılmış nifrəti var.

Fiasko və sevilməmək üçün yaratdığı səbəblər

Müzakirə mövzusu Əli Kərimlinin İlqar Məmmədova uduzması deyil. Birinci dəfə deyil ki, məğlub olur. İstər virtual, istər real, istərsə də siyasi meydan olsun, elə bir tarixi an olmayıb ki, Əli Kərimli oranı başını dik tutub tərk etsin, həmişə başıaşağı olub. Elə “Məhsul” stadionunda keçirdiyi son mitinqlərdə də bunu gördük. Stadionda insanların dəstəyini görməyən “Yurd” sədri acı məğlubiyyətin hirsini insanların üzərinə tökdü.

“HamamTimes”in keçirdiyi sorğuda Əli Kərimlinin virtual mübarizə apardığı tərəf müqabili İlqar Məmmədov yox, Azərbaycanın “Jirinovski”si Hafiz Hacıyev, “təkpapkalı” Əhməd Oruc olsaydı da “saxta profil ordusu” onu sudan quru çıxara bilməyəcəkdi.

Əli Kərimlinin səsi tribuna, yaxud ara-sıra dəbdəbəli evində əyləşdiyi divandan “Facebook”a “canlı yayıma” çıxdığı anlarda çıxardığı səs qədər gur deyil. Virtual səsvermədəki ilk acı məğlubiyyətinə “yurd”çuların etdikləri etiraz da ona hesablanmışdı ki, liderlərini yenidən “hamam”a salıb səsinin “gur” olduğunu hamıya göstərsinlər. Bu məsələnin üzərində dayanılmalıdır. Çünki özünə həddən artıq vurğun olan “Yurd” sədrinin xisləti belədir. Beyninə sığışmayan arzuları, hədəfləri onu hər dəfə gülünc vəziyyətə salıb. Yazılarımızın birində onu öz böyük idealları arxasınca at səyirdən və hər dəfə də gülüş obyektinə çevrilən Don Kixota oxşatmışdıq. Lakin arzular baxımından Əli Kərimli lamançlı cəngavərin də gerisindədir. Əsərin əvvəlindən sonunadək məğlubiyyətlərə baxmayaraq, öz ayaqları üstündə dayanmağı bacaran Don Kixot günlərin birində azacıq da olsa, öz məqsədinə çatır və istəyinə qovuşur. Lakin lamançıldan fərqli olaraq, Əli Kərimli mindiyi “at”ın dəfələrlə onu yıxmasına baxmayaraq yenə də qalxmağa cəhd edir və hər dəfə də ayaqları sürüşür, fiaskoya uğrayır.

Qətlə yetirilmiş ümidlər və saray iyerarxiyasına bağlılıq

Siyasət meydanında göründüyü gündən bir hədəf seçdi: ömürlük müxalifət və iqtidarın xeyrinə müxalifətçilik imitasiyası. Meydanda oynadığı süni oyun və qarşısındakı hədəflərini vurmaq üçün etdiyi saxtakarlıqlar bumeranq kimi qayıdıb üzünə çırpıldı. Heç vaxt “məğlub oldum” demədi. Qəbul edək ki, Azərbaycanın siyasi mühitində sağlam qalmaq üçün şərtlər ağırdır və çətindir. Qabaqcıl müxalifətin belə elektorat problemi var, insanların inamı azalıb. O cümlədən, müxalifət hakimiyyətin yürütdüyü daxili siyasət baxımından müstəqil deyil. Lakin ölkədə hər gün müxalifət və cəmiyyətin vəziyyətinin kəskin formada pisləşməsinə doğru cərəyan edən hadisələr hakimiyyətə satılanların çoxalması mühitində “əsl müxalifət”, “əsl demokrat” olduğunu iddia edən Əli Kərimlini ayıltmalıydı. Ayılmır, çünki onun etdiyi müxalifətçilik imitasiyası insanların və demokratik düşərgənin başlarının altına yastıq qoymağa hesablanıb. “İqtidara satılmış müxalifət” tezisini gündəmə gətirən və müxalifətin hakimiyyətə satıldığını cəmiyyətə inandırılması işini ilk dəfə Azərbaycanda praktikada Əli Kərimli görüb. Partiyaların, yaxud ayrı-ayrı fərdlər şəklində müxalifətçilərin saray iyerarxiyasına bağlanılması məsələsi bu gün də cəmiyyət arasında müzakirə mövzusudursa, səbəbkarı və müəllifi “Yurd” sədridir.

Ayaq səsləri tez-tez hakimiyyətin, müəyyən vaxtlarda da xarici kəşfiyyat orqanlarının ölkədəki uzantılarının dəhlizlərində eşidilən Əli Kərimlinin son olaraq çıxardığı səsin Pensilvaniyada əks-səda verməsi demokratik düşərgəni sıradan çıxarıb, cəmiyyətin ümidlərini hakimiyyətlə birlikdə qətlə yetirməsi işində çəkdiyi cədvəlin son xanasına qoyduğu nöqtə idi.

Düşərgə üzərindəki qaramat kölgə

Əli Kərimli Xalq Cəbhəsinin lideri Əbülfəz Elçibəyin siyasət meydanında yaratdığı demokratik və işıqlı mübarizə masasına öz qaramat kölgəsini saldı. “Yurd” sədrinin Elçibəyin müəmmalı ölümüylə meydanda boy göstərməsi siyasi gündəmə yeni tezis gətirdi: qaragüruhçuluq. Demokratları siyasi marafondan kənarlaşdırıb, yerinə dini radikalları cəlb etməsi də siyasi palitrasının rənglərinə uyğun idi. Onun müxalifət daxilində yaratdığı bu qaramat ağırlıq cəmiyyətin daxildə baş verən siyasi proseslərə mənfi çevrilməsi işini tamamladı. Kütlə müxalifətdən uzaqlaşdıqca yerinə yetirməyəcəyi yalan vədlər verdi, seçkilər ərəfəsində düşərgənin ümumi işini pozdu. Həm özü məğlub oldu, həm də müxalifət qarışıq cəmiyyəti hakimiyyətin dəyənəyinin qabağına verib əzdi. İnsanlar əzildikcə, o bundan qazandı. İndi vədlər verir və populist çıxışlar edir, 90-cı illərin sonlarında oynadığı “Vaxta az qalıb!” bayağı şousunu davam etdirir. Seçdiyi bu populizm onu müxalifətdəki iqtidarının uzadılmasına xidmət edir. Populist hakimiyyət üçün yalan danışan siyasətçinin müxalifətdə qalması və yüksəlməsi maraqlara uyğundur.

Kütləyə aşılanan inamsızlıq

Əli Kərimli fəaliyyəti dönəmində cəmiyyətin ictimai yaralarını, problemlərini dilə gətirənlərin etirazlarını siyasiləşdirdi və polisin əlinə verdi. İqtidar qarşısında pul müqabilində götürdüyü bu öhdəliklə hakimiyyətin təhlükəsizlikdə və sabitlikdə, heç bir etiraz mühiti olmadan ömrünün uzadılmasına xidmət etdi. Əlbəttə, Əli Kərimlinin çəkdiyi cədvəl qaranlıqdır, ölkədə hökm sürən avtoritarizmin şərtlərini cəmiyyətin əleyhinə bu cədvəli bir neçə dəfə qara ilə rəngəlmək olar. Nəticəsi də budur ki, Əli kərimli kimilərin polis hakimiyyəti ilə birlikdə qorxutduğu cəmiyyətin aparacağı mübarizə üçün hədəfi bir olduğu halda parçalanmış və inamsız vəziyyətdədir.

Siyasiləşdirilmiş məğlubiyyət

Müxalifət və cəmiyyətin üzləşdiyi problemdən çıxa bilməməsinin əsas səbəbi də Əli Kərimli və onun kimilərin dayanmadan düçar olduqları uğursuzluqları, fiaskoları, məğlubiyyətləri siyasiləşdirməsidir. Onlar fiaskolarını siyasiləşdirdikcə qazandılar: həm hakimiyyət, həm Əli Kərimli, həm də onun kimilər. Məhz Azərbaycanın yeni tarixində məğlubiyyəti siyasət formasına çevirən də Əli Kərimlidir. Bu məğlubiyyət cəmiyyətə “hakimiyyətə alternativsizlik” hisslərini aşıladı. İnsanları sürətlə siyasətdən qopardılar. Şübhəsiz ki, bu hakimiyyətlə əlbir olan Əli Kərimli və digərilərinin Azərbaycan cəmiyyətini siyasətsizləşdirmək planı idi və bunu da uğurla həyata keçiriblər.

Azərbaycanda bu gün fəaliyyət göstərən yüzlərlə qəzet, xəbər saytları, sosial şəbəkələr və onlarla telekanalda ən oxunaqlı, ən baxımlı xəbərlər şou xarakterli məlumatlardır. Ölkənin üzləşdiyi problemlərin həllinin tarixi zərurət olduğu bir vaxtda xalqı siyasətdən qaçırırlar. Əlbəttə, xalqı bu vəziyyətə salanlar - istər hakimiyyət, istər Əli Kərimli, istərsə də digər qulbeçələri cəmiyyəti siyasətdən qoparmağın həm də onların özlərinin məğlubiyyəti olduqlarını hələ başa düşmürlər. Hələ ki, yerləri möhkəm, qabaqlarına xalqdan oğurlanmış min cür naz-nemət, vəziyyət cənnətdir. Şübhəsiz cənnətin bir də antonimi var.

Mənsur





Həftənin ən çox oxunanları