Yuxarı

“Siyasi klub”a çevrilmiş partiyalar

“Siyasi klub”a  çevrilmiş partiyalar

 

Siyasi təşkilatlar cəmiyyətdən aralı düşüb

Əli Əliyev: “Bunun fəsadını özləri görəcək”

Sərdar Cəlaloğlu: “Vətəndaşlar bizə maddi dəstək üçün müraciət edirlər”

Vüsal Qarayev: “Siyasət-siyasət oyunu oynayırlar”

Azərbaycanda fəaliyyət göstərən partiyalar “siyasi klub”a çevrilib. Həftədə 1-2 dəfə toplaşıb hər-hansı bir məsələni müzakirə edir, bəyanat qəbul etməklə işlərini bitmiş sayırlar. Hazırda fəaliyyət göstərən bir sıra partiyalar demək olar ki, sosial, humanitar problemlərə toxunmur, onların həlli üçün heç bir təkliflə çıxış etmirlər. Əslində necə olmalıdır? Partiyalarda hümanitar, ictimai məsələlərə yəni, hər hansı bir vətəndaşın şikayətinə baxılmır. Vətəndaşlar heç bir siyasi partiyaya ümid qapısı kimi baxa bilmir. Çünki partiyaların fəaliyyətində bu tip məsələlər yer almır. Bunun nəticəsi isə özünü seçkilərdə, mitinqlərdə göstərir.

Son illərdə keçirilən mitinqlərə də nəzər salsaq, görərik ki, simalar da eynidir, kontingent də. Seçkilər zamanı isə hər bir partiyanın xalqın səsinə ehtiyacı olur. Amma xalq partiyalara etimad göstərmir. Belə təsəvvür yaranır ki, xalq siyasi partiyaların yadına ancaq seçkilərdə düşür. Ona görə də siyasi partiyaların keçirdiyi tədbirlər hər zamanın xalqın nəzərindən kənarda qalır.

“Partiyalar yoxdusa, sistem də yoxdur”

Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev “Cümhuriyət” qəzetinə şərhində bildirib ki, Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar həqiqətən də cəmiyyətdən uzaqlaşıb. Onun sözlərinə görə, bunun əsas günahı isə hökumətin yürütdüyü səhv siyasətdir: “Əvvəllər vətəndaşlar partiyalara daha tez-tez müraciət edirdilər. Ancaq hakimiyyətin apardığı siyasətin nəticəsi olaraq partiyalar instusional olaraq cəmiyyətin yadından çıxıblar. Ona görə də vəziyyətin nə yerdə olduğunu bilən əhalinin partiyalara müraciəti demək olar ki, yox səviyyəsindədir. Müraciətlər də ancaq şəxsi qaydalarda olur. Bu çox ciddi, fundamental məsələdir. Ölkədə siyasi partiya yoxdursa, demək ki, siyasi sistem yoxdur. Siyasi sistem yoxdursa, cəmiyyətin dayanıqlığı yoxdur. Siyasi sistemin olmaması avtoritar dövlətlər kimi səciyyələndirlir. Həqiqətən də Azərbaycanda siyasi partiyalar cəmiyyətin ictimai həyatında iştirak baxımından yox səviyyəsinə eniblər. Bu da ölkə dövlətçiliyini nümayiş etdirən bir faktdır. Hətta avtoritar cəmiyyət hesab edilən Rusiyada belə parlamentdə fraksiyalar mövcuddur. Həmin fraksiyalar əhalinin seçkidə iştirakı ilə formalaşır. Seçkilərin ədalətli olub-olmaması ikinci dərəcəli məsələdir. Ancaq avtoritar sistem ölkədə siyasi sistemin inkişafında maraqlı olduğunu göstərir. Çünki Putin dövlət adamıdı və başa düşür ki, ölkədə ictimaiyyətə təsir gücü olan partiyalar olmalıdır. Rusiya parlamentində təmsil olunan partiyalar müxtəlif ərazilər üzrə qubernatorlara malikdirlər. Hər bir partiyanın sıralarında milyarder hesab oluna biləcək şəxslər mövcuddur. Bu həm iqtidar partiyasının siyahısında, həm də digər partiyalarda. Amma Azərbaycanda baxanda görürük ki, parlamentə buraxılan partiyalar əsasən hesab xarakterlidir. Onların arasında milyarderlərin olması bir yana, ümumiyyətlə, Azərbaycanda rəsmi milyarderlərin olub-olmaması çox ciddi müzakirə mövzusu olan məsələlərdən biridir. Bu baxımdan Azərbaycanda partiyaların belə vəziyyətdə olması hökumətin yürütdüyü siyasətin nəticəsidir və bu birbaşa olaraq dövlətçiliyin əleyhinə olan haldır. Buna sevinmək yox, kədərlənmək lazımdır. Azərbaycan hakimiyyəti səhv siyasət yürüdür və bunun fəsadlarını da yaxın gələcəkdə özləri çəkəcəklər”.

“Ciddi maliyyə problemlərimiz var”

Azərbaycan Demokrat Partiyası (ADP) sədri Sərdar Cəlaloğlu müraciətlərin əsasən maddi yardım və insan haqlarının pozulması ilə bağlı olduğunu dedi. Onun sözlərinə görə, qanunvericiliyə görə, partiyaların vətəndaşları maddi cəhətdən həvəsləndirilməsi qadağandır:

“Siyasi partiyalara adətən, müraciətlər insan hüquqlarının pozulması ilə bağlı olur. Biz də ümumi işimizin bir hissəsi olaraq insan haqlarının qorunması kontekstində vətəndaşların müraciətlərinə baxırıq. Hökumətə müraciət edirik, mətbuatda işıqlandırırıq. Sosial məsələrlə bağlı müraciətlər də olur. Bunlar əsasən maddi yardım istəməklə bağlı məsələlərdir. Qanunvericiliyə görə, partiya vətəndaşlarının maddi cəhətdən həvəsləndirilməsi qadağandır. Biz xeyriyyə fondu deyilik, özümüzün də ciddi maliyyə problemlərimiz var. Çox təəssüflər olsun ki, biz onlara heç cür köməklik edə bilmirik və çox vaxt onları hökumətə yönləndirirk. Seçkilərin normal keçirilmədiyi üçün xalqın hansı partiyaya etimad etməsi də bilinmir. Seçkilər saxtalaşdırıldığı üçün bundan danışmaq özü də mənasızdır”.

“Partiyalar kağız üzərində mövcuddurlar”

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) mətbuat xidmətinin rəhbəri Vüsal Qarayev isə qeyd edib ki, partiyalar heç siyasi kluba da çevrilməyib. Onun sözlərinə görə, hazırda partiyaların bir çoxu “siyasət-siyasət”oyunu oynayırlar: “Buna bir çox səbəblər var. Birincisi, onu deyim ki, Azərbaycanda aktiv partiyaların sayı bir əlin barmaq sayından da azdır. Bu hər kəsə məlumdur ki, partiyaların yalnız kağız üzərində adı var. Belə olan halda biz hansı fəaliyyətdən danışa bilərik? Əslində heç siyasi kluba da çevrilməyiblər. Sadəcə, varlıqlarını hiss etdirmək üçün siyasi oyun oynayırlar. Bir çox partiya sədrləri partiyaya yalnız qazanc mənbəyi kimi baxır, partiyadan şəxsi bizneslərini genişləndirmək üçün istifadə edirlər. Bu reallıqdır. Yəni, onları ölkənin, xalqın siyasi-iqtisadi durumu qətiyyən maraqlandırmır”. V.Qarayev deyib ki, bir çox partiyalar hökumətdə təmsil olunan məmurların dəstəyi ilə həyatda qala bilirlər: “Və ağaları da hansı dərəyə sür desə, ora sürürlər.

Nə qədər acınacaqlı da olsa, həqiqət budur. Bir də var ki,  xaricdən maliyyələşən partiyalar. Onları da yalnız gəlir maraqlandırır. Xarici himayədarları nə tələb etsə, onu yerinə yetirib, zəhmət haqqı alırlar, vəssalam. Biz AXCP olaraq yenidən formalaşdığımız qısa müddətdə fəaliyyətimizi ölkədəki problemləri göstərmək, aktual saxlamaq və bu problemlərdən çıxış yolu təklif etmək prinsipləri üzərində qurmuşuq. Biz istənilən problemlə bağlı hökuməti heç nədən çəkinmədən ən sərt şəkildə tənqid edə bilirik, eyni zamanda hökumətə yol da göstəririk.

Bir-birinin ardınca hökumətə verdiyimiz siyasi-ictimai-iqtisadi təkliflər bunun bariz nümunəsidir. Amma təəssüf ki, hakimiyyət bu təkliflərə çox zaman laqeyd yanaşır və ona görə də göstərdiyimiz problemlər gün-gündən genişlənir, daha da acınacaqlı hal alır. Bax elə partiyaların həvəssiz, passiv olmasına bir səbəb də budur. Əziyyət çəkirsən, layihə hazırlayırsan, hökumətə təklif edirsən, amma bu təkliflər kağız üzərində də qalır. Partiyaların sizin qeyd etdiyiniz kimi fəaliyyət göstərməsi üçün birinci növbədə mütləq azad olmalıdırlar, istər iqtisadi, istər siyasi baxımdan. Və bu partiyalarda yeni, açıq fikirli, intellektual, geniş dünyagörüşünə sahib, vicdanlı, dövlətin, xalqın dərdini öz dərdi bilən insanlar təmsil olunmalıdırlar.

Bir sözlə, partiyalar və onların tərkibi ciddi şəkildə ələnməlidirlər”.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları