Yuxarı

“Mütəllibovun təqsiri odur ki, oxumadan Akta qol çəkib”

“Mütəllibovun təqsiri odur ki,  oxumadan Akta qol çəkib”

 

“Müstəqillik Aktını gec imzalamağımızın  təqsirkarı Mütəllibov olub”

Hacıbaba Əzimov: “Mütəllibov zala müraciət etdi ki, SSRİ-nin saxlanmasına səs verin”

İstiqlalçı deputat, Vahid Azərbaycan Milli Birlik Partiyasının sədri, professor Hacıbaba Əzimovun 1991-ci il oktyabrın 18-də Ali Sovet tərəfindən “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqındaKonstitusiya Aktı”nın qəbul edilməsi və imzalanması ilə bağlı açdığı bəzi sirlər medianın gündəmini dəyişib. Hacıbaba Əzimov Cebhe.info-ya verdiyi açqılamada qeyd edib ki, o zaman Prezident Ayaz Mütəllibovun imzaladığı Konstitusiya Aktı saxtalaşdırılıb. Yəni o zamankı Prezident Ali Sovetin qəbul etdiyi əsl Aktın mətninə yox, saxtalaşdırılmış, təhrif edilmiş, bir sıra mühüm maddə və müddəaları çıxarılmış Akta imza atıb. O dövrdə Azərbaycan Respublikasının Prezidenti olmuş A.Mütəllibov da Hacıbaba Əzimovun səsləndirdiyi fikirlərə cavab verərək, onu Konsitusiya Aktını biabr etməkdə, Azərbaycan dövlətçiliyini şübhə altına qoymaqda ittiham edib. Konstitusiya Aktının əsas müəllifi və təqdimatçısı olan Hacıbaba Əzimov Ayaz Mütəllibovun səsləndirdiyi fikirlərə Cebhe.info vasitəsilə münasibət bildirib.

“Bunun səbəbkarı Mütəllibov olub”

Professor Hacıbaba Əzimov qeyd edib ki, o,bu fikirlərlə A.Mütəllibovutəqsirləndirmək fikrində olmayıb. Onun sözlərinə görə, o, hər zaman Ayaz Mütəllibovu müdafiə edib: “İstər Ayaz MütəllibovPrezident olanda, istərsə də ölkədən çıxıb gedəndə sonra həmişə ona hörmətim olub. Ona o dövrlərdə normal işləməyə imkan verilmədi, müstəqil Azərbaycanın ilk prezidenti kimi hüquqları tapdanıldı. Bu baxımdan da uzun illər onun hüquqlarını müdafiə edən və bu məsələdə öndə duran şəxslərdən biri olmuşam. Özü də bunu bilməmiş deyil. Yeri gələndə onunla telefon vasitəsilə danışıb müəyyən məsələləri müzakirə də etmişik. Hər zaman bir-birimizlə hörmətlə danışmışıq. Amma Konstitusiya Aktının saxtalaşdırılması cəhdinin neçə baş verməsi sirrini gec də olsa, mən açmaq istədim, bu heç də Mütəllibova qarşı yönəlməyib. Mənim məqsədim  A.Mütəllibovu  gözdən salmaq, saxta Akta qol çəkməsini ona irad tutmaq deyil. Bu açıqlama ilə mən milli müstəqil dövlətimizin yaranma tarixinin və dövlət müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul olunması prosesinin hansı çətinliklərdən keçdiyini dəqiq faktlarla xalqa, cəmiyyətə çatdırmaq məqsədi daşıyıram. Bundan heç kim inciməməlidir. Tarixi həqiqətdən, əlahəzrət  faktlardan heç kim qaça bilməz. Heç kim də o faktlar qarşısında məsələni başqa cür qələmə verə bilməz. Çünki dediklərim tarixi faktdır. Mən bunu sübut edəcəyəm və sizə də deyəcəyəm. Tarixi həqiqət belədir ki, o vaxt A.Mütəllibov bir Prezident kimi Rusiyadan asılı olduğuna, Moskvadan çəkindiyə görə bu  sənədin qəbul olunması çox yubandı. Bu yaxınlarda dövlət müstəqilliyinin 25 illiyi münasibətilə keçirilən tədbirdə Prezident İlham Əliyev dedi ki, müstəqilliyini elan edən postsovet ölkələri arasında biz ən axırıncılardan, 13-cü ölkə olmuşuq, yəni gecikmişik. Düz deyir gecikmişik, bunun da səbəbkarı Mütəllibov başda olmaqla o zamankı Azərbaycan hakimiyyəti olub.  Ali Sovetdə deputatların əksəriyyəti Sovet dövlət orqanlarında işləyirdilər. Xalq isə Milli Azadlıq Hərəkatına başlamışdı və xalqın nümayəndələri olan Müstəqil Azərbaycan Deputat Bloku- “Demblok” və digər vətənpərvər insanlar parlamentdə müstəqilliyin elan olunmasını, müvafiq sənəd hazırlanmasını tələb edirdi. Biz bu tələbi 1991-ci il fevral ayının 5-də Ali Sovet işə başlayanda irəli sürməyə başlamışdıq. Hələ Ali Sovet öz işinə başlamamışdan qabaq biz məhz bu məqsədlə 1990-ci ilin dekabr ayında “Müstəqil Azərbaycan Deputat Bloku”nu yaratmışdıq. Mən də o blokun üzvlərindən idim.”

“Demblok üzvlərindən xahiş etdi ki...”

H.Əzimov əlavə edib ki, o, Ayaz Mütəllibovun SSRİ-nin saxlanılması təşəbbüsünə ilk kəskin etirazedənlərdən biri olub: “1991-ci il martın 7-də Ayaz Mütəllibovun təşəbbüsü ilə, məhz onun göstərişi nəticəsində Ali Sovet SSRİ-nin saxlanılması ilə bağlı referendumun keçirilməsini müzakirə etdi. Bu məsələnin müzakirəsində Prezident A.Mütəllibov özü də şəxsən iştirak edirdi. Müzakirələr qurtarandan sonra o, tribunaya qalxaraq hamıdan, xüsusilə də “Demblok”un üzvlərindən xahiş etdi ki, gəlin səs verin, biz Azərbaycanda bu referendumu keçirək. Yəni SSRİ-nin saxlanılmasına səs verək və xalqda da belə təsəvvür yaradaq ki, həqiqətən də SSRİ-ni saxlamaq vacibdir. Mütəllibovun çıxışından sonra şəxsən mən məşhur “4-cü mikrofon”a çıxıb referendumun keçirilməsinin əleyhinə danışdım və onun çox zərərli olduğunu, Azərbaycanın öz dövlət müstəqilliyini elan etməsinin zəruri olduğunu bildirdim. Bizim mövqeyimiz bu olub”. Referendumun keçirilməsi təklifinin səsverməsində əslində nələrin baş verdiyini yada salan  H.Əzimov bildirib ki, yalnız 43 deputat öz həyatını təhlükəyə ataraq referendumun keçirilməsinə “yox” deyib: “Hələ fevral ayının 5-də, Ali Sovetin ilk sessiyasında 350 nəfərin deputat səlahiyyəti təsdiq olunub. Martın 7-də 254 nəfər Azərbaycanda SSRİ-nin saxlanılmasının leyhinə səs verib. 6 nəfər bitərəf qalıb, 47 nəfər həmin gün iclasda iştirak etməyib. 25 nəfər “Demblok”un üzvü olmaqla cəmi 43 nəfər deputat özündə cəsarət taparaq öz həyatını, ailəsinin həyatını təhlükəyə ataraq referendum keçirilməsinin əleyhinə, yəni Azərbaycanın dövlət müstəqilliyinin lehinə səs verib. Bundan sonra da bu mübarizə davam edirdi və o vaxt artıq hamı bilirdi ki, kimlər SSRİ-nin saxlanmasını istəyir, kimlər müstəqilliyin tərəfdarıdır. Keçirilən səsvermə bunu tam aydınlığı ilə göstərdi. Oktyabr ayının əvvəllərində artıq Ali Sovetin rəhbərliyi məcbur oldu ki, müstəqilliklə bağlı sənədi müzakirəyə çıxarsın. Komissiya yaradıldı və mən komissiyanın sədri seçildim. Sonra o, zaman Ali Sovet sədrinin birinci müavini Ziyad Səmədzadə gəldi yanıma və dedi ki, Rəyasət Heyəti qərar verdi ki, bu komissiyaya siz rəhbərlik edəsiz, ancaq bizim bəzi şərtlərimiz var. Dedi ki, bilirsiz mitinqlərdə də, sizin “Demblok” üzvləri də deyir ki, “Azərbaycan Rusiyanın 11-ci ordusu tərəfindən işğal olunub”, “SSRİ bir imperiya olub”, “Azərbaycan xalqını əsarətdə saxlayıb, Azərbaycanın sərvətlərini talayıb” və.s. belə şeylər bu sənəddə olmasın. Bunu mənə şərt kimi dedi. Mən Z.Səmədzadənin şərtlərini qəti şəkildə rədd etdim. Dedim ki, əgər mən sədr olacağamsa bunların hamısını yazacam. Bütün bunların hamısı Konstitusya Aktında əks olunacaq və bundan sonra nə mitinqlərdə, nə də çıxışlarda həmin məsələlərin səsləndirilməsinə ehtiyac qalmayacaq. O, dedi ki, siz ağıllı adamsız, mən inanmıram siz bunu edəsiz. Mən də cavab verdim ki, elə ağıllı olduğum üçün belə yazacam”.

“Noyabrın 7-də məlum oldu ki, Aktın mətni dəyişdirilib”

Sonra Aktın hazırlanmasına toxunan H.Əzimov vurğulayıb ki, bunları deməkdə mənim məqsədim var. Saxtalaşdırmanın nə üçün olduğunu açmaq üçün bunları demək lazım idi. Sənədi biz hazırladıq və nəyi ki, deyirdilər olmaz onların hamısını mən sənədin giriş hissəsində şəxsən yazmışam. Konstitusiya Aktına baxsaz, orada bunu oxuya bilərsiz. Hakimiyyətin qorxduğu məqamlar orada da öz əksini tapıb. Birinci maddə də Rusiyanın 11-ci Ordusunun Azərbaycanı işğal etməsinə aiddir. Sonra da 2 gün -  oktyabrın 17 və 18-də Konstitusiya Aktının müzakirəsi canlı yayımla xalqa təqdim edildi. 17 oktyabrda Ali Sovetin deputatı Etibar Məmmədov çıxış edərək dedi ki, bizim də layihəmiz var və biz də həmin layihəni müzakirəyə təqdim etmək istəyirik. İclası aparan Ziyad Səmədzadə də dedi ki, layihəni verin komissiyaya onlar baxsınlar. 18 oktyabrda Ali Sovetin müzakirəsindən öncə Fuad Ağayev gəlib mənim yanıma. Mən də onu qəbul etdim. O, Etibar Məmmədovla birgə hazırladığı layihəni mənə təqdim etdi, mən də baxdım və 2 maddəni bəyəndim. Söz verdim ki, bu maddələri mən Konstitusiya Aktına əlavə edəcəm. O, da razılaşdı və sağollaşıb getdi. Beləliklə də 32 maddədən ibarət Konstitusiya Aktının 2 maddəsi həqiqətən Etibar Məmmədovun Fuad Ağayevlə birgə hazırladığı həmin layihədən götürülüb. Etibar Məmmədov da beləliklədövlət müstəqilliyi haqqında Konstitusiya Aktının müəlliflərindən biri oldu. Nə üçün təkcə Etibar Məmmədov deyirəm? Ona görə ki, deputat olmayan hər hansı şəxs qanun və yaxud qanunun hər hansı maddəsinin, müddəasının müəllifi ola bilməz.

Qayda belədir ki, Konstitusiya Aktı olduğu üçün gərək o maddə-maddə oxunsun, müzakirə edilsin, səsverməyə qoyulsun. Sonda da bütövlükdə səsvermə olur. Bu prosesin hamısı keçdi və oktyabrın 18-də Konstitusiya Aktı iclasda iştirak edən 258 deputatın yekdilliklə səsverməsi ilə qəbul olundu. Bu Aktın qəbulu ilə dünya Azərbaycan Respublikasını müstəqil dövlət kimi tanıdı.Konstitusiya Aktı qəbul olunandan sonra Prezident buna imza atmalı idi. A.Mütəllibov Aktı imzaladıqdan sonra, noyabrın 7-də sənəd rəsmi mətbuatda çap edildi və məlum oldu ki, Konstitusiya Aktının mətni xeyli dəyişdirilib, bir sıra mühüm müddəalar çıxarılıb və ya saxtalaşdırılıb.

“Ali Sovetdə “tufan qopdu””

Müsahibənin sonunda Aktın necə saxtalaşdırıldığına və burada Ayaz Mütəllibovun günahının nə qədər olmasına toxunan Hacıbaba Əzimov bildirib ki, A.Mütəllibovun günahı, özünün etiraf etdiyi kimi, bu tarixi sənədi oxumadan imzalamasıdı. “Noyabr ayının 8-də Ali Sovetin sessiyasında məsələ qaldırdım ki, bu sənəd dəyişdirilib, ordan bir sıra maddələr, müddəalar çıxarılıb, imza üçün Prezident A.Mütəllibova  verilib. Ali Sovetdə doğrudan da “tufan qopdu”. Tələb etdilər ki, bunu kim edibsə ağır cəzalandırılsın, bu cinayətdir.

Mən məsələni beyə qoydum ki, bizə lazımdır ki, bu sənədi bərpa etdirək. Azərbaycan xalqının doğrudan da ağsaqqal, vətənpərvər, qeyrətli kişilərindən biri də Tofiq Bağırov olub. Çox böyük vəzifələrdə də işləyib. Həmin vaxt da o həm deputat idi, həm də Ali Sovetin sədri Elmira Qafarovanın müşaviri idi. Onun sədrliyilə Ali Sovet komissiya yaratdı ki, bu saxtalaşdırma məsələsi yoxlanılsın. Onda mən həmin maddələrin əlyazmalarını və stenoqramını gətirib ortaya qoydum və sübut elədim ki, burada bir sıra maddələr saxtalaşdırılıb, bəzi maddələr-müddəalar dəyişdirilib. Noyabrın 13-də Ali Sovet iclas keçirdi və həmin iclasda Tofiq Bağırov da, mən də çıxış etdik. Məlumat verdik ki, həqiqətən də Ayaz Mütəllibovun imzaladığı sənəddə bir sıra mühüm maddələr və müddəalar yoxdur. Ona görə də Ali Sovet 13 noyabrda ikinci qərar qəbul etdi ki, mətndən çıxarılmış maddələr, müddəalar bərpa edilsin və tam dürüst mətn bütün rəsmi respublika mətuatında çap olunsun. Sonra həqiqətən də həmin maddələr bərpa olundu. Bu saxtalaşdırma məsələsini o vaxt həll etdik və əsl mətni bərpa etdirdik. Ondan sonra mən bu məsələni o, qədər də qabartmadım. Ona görə ki, Mütəllibova qarşı təzyiqlər var idi. Bundan da ona qarşı istifadə edə bilərdilər. Bunu onun üçün xüsusi bir maddəyə çevirərdilər. Amma indi Allaha şükür, Mütəllibova xüsusi status verilib,  xüsusi qanunla ona hər cür şərait yaradılıb. Ancaq, hər-halda xalqımız, cəmiyyətimiz bilməlidir axı tarix necə olub? O zaman nə baş verib?

Proses necə gedib? “Həyat” qəzetində, başqa qəzetlərdə bəhs etdiyim məsələlər adda-budda da olsa, öz əksini tapıb. Amma bu işin iştirakçısı, bu işin başında duran bir adam kimi mən heç olmasa bir dəfə o zaman nə baş verdiyini deməliydim və özümə borc bilib dedim. Bunu gizlətməyə ehtiyac da yox idi və heç düzgün də deyildi. Bir dəfə deməli idim, indi demişəm. Mütəllibov da əsəbləşib deyib ki, Hacıbaba Əzimov dövlətçiliyə qarşı çıxıb, Konstitusiya Aktını biabır edir. Mən isə əksinə olaraq Konstitusiya Aktının biabırçı vəziyyətdə çapının və prezident tərəfindən imzalanmış saxtalaşdırılmış Aktın “yaşamasının” qarşısını aldım. Mütəllibovun yeganə təqsiri odur ki, o, bu sənədi oxumadan qol çəkib. Oxuyub görərdi ki, həmin mətndir, ya yox? Ən azından Aktın maddələrinin müzakirəsi canlı yayımlanırdı, o, da bunları görüb və eşidib. Oxuyanda görəcəkdi ki, bu həmin mətndir, ya yox. Oxumayıb, qol çəkib. Lakindediklərimin onun nüfuz və mənafeyinə heç bir ziyanı yoxdur. Mən bu açıqlamalarımla A.Mütəllibovu gözdən salmaq məqsədi güdməmişəm və güdmürəm. Məqsədim bundan sonra tarixi sənədlərin saxtalaşdırılmasının qarşısına sədd çəkməkdir. Bununla da milli müstəqil dövlətçiliyimizə xidmət etdiyim qənaətindəyəm”.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları