Yuxarı

Baş nazirliyə sürpriz aday

Baş nazirliyə sürpriz aday

Hökumət islahata gedir, komanda gəncləşdirilir

Referendumdan sonra hökumətin ciddi islahatlara gedəcəyilə bağlı proqnozlar doğrula bilər. Referendum bitdi və artıq islahatları başlamaq zamanıdır. Artıq hökumətin qarşısında heç bir maneə qalmayıb. Qeyd edək ki, Natiq Əmirov prezidentin islahatlar üzrə köməkçi təyin edilib. Bu da əslində islahatlara bağlı ilk addım kimi qiymətləndirilir. Natiq Əmirovun islahatlar üzrə köməkçi təyin olunması, onun gələcəkdə baş nazir postunu tutacağı fikirlərini gündəmə gətirir. Konstitusiya dəyişikliyindən sonra bir çox islahatların aparılacağı real görünür. Hətta bunu zəruri edən səbəblər də var.

İlk növbədə vitse-prezident postuna təyinatlar olacaq ki, bu da özlüyündə bəzi qüvvələrin marağında olan məsələdir. Hazırda hökumətdə müəyyən yüksək postlar tutan şəxslər vitse-prezident olmaq istəyir. Təbii ki, bu posta kimlərin təyin olunacağı hələ məlum deyil. Bu, birbaşa prezidentin səlahiyyətində olan məsələdir.

Hökumətin “dəyişiklik inkişafdır” prinsipi

Digər tərəfdən əgər gözlənilən kimi olacaqsa, yəni, yeni yaradılan postlara hazırki məmurlardan kimsə təyin olunarsa, o, zaman həmin məmurun boş qalan yerini kimin dolduracağı və ya həmin qurumun tamamilə ləğv olunacağı gündəmə gələcək. Hər bir halda səslənən fikirlərə istinad etsək, görərik ki, əsas mübarizə vitse-prezident postu uğrunda deyil, birbaşa Baş nazir postu uğrunda gedir. Bu da əslində gözlənilən idi. Elə islahatların aparılması məsələsi gündəmə gələndə də ilk hədəf kimi Nazirlər Kabineti göstərilirdi. Bütün bunlar heç də təsadüfi deyil. Hökumət rəsmilərinin mətbuata verdiyi açıqlamalara diqqət yetirsək, görərik ki, açıq şəkildə hökumətin islahata gedəcəyi deyilir. Hətta hökumətin islahat proqramının hazır olduğu da istisna edilmir.

Medianın diqqətində olan digər bir məsələ isə artıq məmurların açıq mübarizəyə başlamasıdır. Bunun da kökü yenə islahatlara dayanır. Bir-birinin paxırının açmaqdan çəkinməyən məmurlar bununla da özlərinə xal qazanmağa çalışırlar. Hökumət rəsmilərinin açıqlamalarından isə belə məlum olur ki, onların marağında olan məsələ komandanı gəncləşdirməkdir. Bir müddət öncə işdən çıxarılan məmurların yerinə gənc kadrların təyin olunması da başlanğıc kimi qəbul olunur. Sirr deyil ki, ölkədə kifayət qədər gənc enerjili, yüksək bacarıqlı kadrlar var. Ancaq onların bu günə qədər vəzifə ala bilməməsi bəzi məmurların “kreslo” sevdasından irəli gəlirdi. Hökumətin bu dəfəki islahat proqramı onları bu “sevdadan” məhrum edəcək. Ən azından bəziləri uzun illərdir ki, tutduğu postdan azad olunacaq. Hökumət bu dəfə “dəyişiklik hər bir halda inkişafdır” prinsipilə ciddi islahatlara gedəcək və əslində getməyə də məcburdur.

İslahat üçün zəmin yaranıb

Yuxarıda da qeyd etdiyimiz kimi, hökumətin islahata getməsini zəruri edən səbəblər var. Ölkənin ağır dönəmində demək olar ki, məmurların bir çoxu əlini daşın altına qoymadı. Yenə də büdcədən ayrılan vəsaitlər hesabına öz yaşayışını daha da yaxşılaşdırmağa çalışdı. Dövlət dotasiyası hesabına ayaqda qalan ancaq yarandığı gündən indiyə qədər heç bir fəaliyyətilə yadda qalmayan dövlət qurumları ləğv olunmalıdır. Bu məsələ zaman-zaman medianın gündəmində yer alıb və bu məsələyə münasibət bildirən hökumət rəsmiləri də bütün bunların nəzarətdə olduğunu və lazımi tədbirlərin görüləcəyini vurğulayırdılar. Hal-hazırda həmin qurumların ləğv olunması üçün zəmin yaranıb. Hökumətin hazırladığı deyilən islahat proqramının konkret nələri əhatə etdiyi məlum olmasa da, bunun komandanın gəncləşməsinə xidmət edəcəyi məlumdur. Çünki hazırda vəzifə sahibi olan məmurların ortalama yaş həddi 60-65 civarındadır. Bu da görülən işlərin perspektivliyinə təsir edir. Hər bir halda hökumətin yaxın günlərdə bu prosesə başlayacağı gözlənilir. Məlumatlarda bildirilir ki, vitse-prezidetn postlarına təyinatlar olduqdan sonra islahat proqramına start veriləcək. Bu islahat proqramının isə nələri əhatə edəcəyinə yaxın gələcəkdə şahidlik edəcəyik.

Vilayət Muxtar

 





Həftənin ən çox oxunanları