Yuxarı

Əli Kərimlinin 3000 avroluq “mühacirləri”

Əli Kərimlinin  3000 avroluq  “mühacirləri”

 

“Yurd”un Avropadakı mühacir şəbəkəsindən aprel şəhidlərinə hörmətsizlik

“Yurd” sədri Əli Kərimlinin mühacir biznesi zaman-zaman medianın gündəminə gəlib və hətta bunu təsdiq edən səs yazıları, video görüntülər də yayılıb. Onun mühacir biznesini əlində saxlamaq üçün apardığı mübarizə hələ də davam edir. Almaniyada yaşayan mühacir onlara “yurd”çular tərəfindən ciddi təzyiq edildiyi barədə “Cümhuriyət” qəzetinə müraciət edib. Qeyd edib ki, “yurd”çular onlar haqqında şər, böhtan xarakterli xəbərlər paylaşırlar.  Belə ki, 3 il öncə Almaniya mühacir edən Azər Məmmədli müraciətində Əli Kərimlinin Almaniyadakı ortaqlarından Qənimət Zahidin onlara qarşı qərəzli mövqe tutduğunu bildirir.

“Avropada yaşayan mühacirlərin əksəriyyəti Razi Nurullayevi dəstəkləyir”

Azər Məmmədli qeyd edib ki, Qənimət Zahid öz media orqanlarında onlara şər atır: “Biz aprel döyüşlərindən sonra şəhidlərin xatirəsinə Almaniyada ehsan süfrəsi verdik. Bu işdə Kölndə yaşayan türklər də bizə çox kömək etdilər. Ancaq “yurd”çular burada da öz xislətlərini göstərdilər. Bizim türklərlə birgə çəkdirdiyimiz şəkilin üstünə “saxta mühacirlər” yazıb paylaşdılar. Bizi ittiham edirdilər ki, siz AXCP sədri Razi Nurullayevin verdiyi saxta arayışlarla mühacirətə gəlmisiniz. Onların dediklərinin heç bir əsası yoxdur. 3 il bundan öncə AXCP heç parçalanmamışdı və Razi Nurullayev də Əli Kərimlinin müavini idi. Qənimət Zahidin bu cür absurd iddialarla çıxış etməsinin səbəbi isə özlərini sığortalamaq istəyidir. Ancaq hər kəs hər şeyi görür. Qənimət Zahidin bu cür yazılar yazması təbii ki, Əli Kərimlinin tapşırığıdır. Çünki Almaniyada olan azərbaycanlıların demək olar ki, əksəriyyəti Razi Nurullayevi dəstəkləyir. Əli Kərimli də bizdən bunun qisasını almağa çalışır. Ancaq yanlış yol seçiblər. Məni Almaniyada demək olar ki, hər kəs tanıyır və hörmət edir. Ancaq Əli Kərimli və onun yandaşları öz maraqları naminə hər bir əmələ əl atırlar”.

“Qənimət Zahid səhvini etiraf etdi”

A.Məmmədli “yurd”çuların bu əməllərindən sonra Qənimət Zahidlə danışıb: “Qənimət Zahid bu xəbəri yazandan sonra mən onunla telefonla danışdım. Niyə belə etdiklərini soruşdum. Qənimət Zahid mənə dedi ki, bu sizinlə bağlı olan məsələ deyil. Sizin şəklinizi paylaşmaqda səhv etmişik. Bir yanlışlıq olub. Təbii ki, Qənimət Zahid dediklərində heç də səmimi deyil. O, bilərəkdən bunu edib. Çünki Qənimət Zahid də daxil olmaqla onların bu şəbəkələrində olan hər həs məni yaxşı tanıyır. Onunla bu əməllərilə təkcə bizə yox, aprel döyüşlərində şəhid olmuş Azərbaycan oğullarına qarşı da hörmətsizlik etdilər. Onlar göstərdilər ki, əslində Azərbaycan, vətən, torpaq onlar üçün önəmli deyil. Onlar üçün əsas önəmli olan öz cibləridir. Əli Kərimlinin ətrafında olan Qənimət Zahid kimi adamlar hər şey etməyə qadirdilər. Əslində Qənimət Zahidin bunu niyə etdiyi bizə məlumdur. Burada yaşayan azərbaycanlılar hamısı bilir ki, biz yaxın vaxtlara böyük bir tədbir keçirib AXCP olaraq Razi Nurullayevi tanıdığımızı və onu dəstəklədiyimizi bəyan edəcəyik. Ona görə də Qənimət Zahid təbii ki, Əli Kərimlinin tapşırığı ilə bizə qarşı bu cür çirkin oyunları quraşdırır. Qənimət Zahidin “saxta mühacirlər” adlandıraraq paylaşdığı şəkildə türk vətəndaşları da var. Onlar da bunu gördükdən sonra öz etirazlarını bildirdilər. Türk qardaşlardan biri mənə dedi ki, bunlar necə azərbaycanlıdırlar ki, şəhidlərin xatirəsinə verilən ehsandan öz maraqları üçün istifadə edirlər. Onlar üçün vətən, torpaq maraqlı deyilmi? Almaniyada Əli Kərimlinin adamları bu cür əməllərilə Azərbaycanı gözdən salırlar”.

“Bu işə Azərbaycanda Əli Kərimli, Almaniyada isə Qənimət Zahid nəzarət edir”

Müsahibimiz əlavə edib ki, əslində “saxta mühacir” biznesilə elə Əli Kərimli və dəstəsi məşğul olur: “Bu gün Almaniyada və ümumilikdə Avropada kifayət qədər “saxta mühacirlər” var. Onların hamısı Əli Kərimlinin imzası ilə mühacirətə gəliblər. Bunu özləri kimi hər kəs də yaxşı bilir. Onlar özlərini siyasi fəaliyyətə görə təzyiqlərə məruz qalmış kimi göstərirlər. Amma onların heç siyasətdən anlayışları yoxdur. Mən Qənimət Zahidə demişdim ki, bizim haqqımızda yazdıqların əslində sizin gördüyünüz işlərdir. Onlar 3000 Avro qarşılığında hər kəsə saxta arayış verir və mühacirətə göndərirlər. Bütün prosesə Azərbaycanda Əli Kərimli Almaniyada isə Qənimət Zahid nəzarət edir. 3000 Avro qarşılığında arayış verilir və həmin şəxsi burda Qənimət Zahid hava limanında qarşılayır. Bütün bunları burda hər kəs bilir”.

“Avropa Məhkəməsinə şikayət edəcəyik”

Azər Məmmədli Əli Kərimli, Qənimət Zahid və onların adamları haqqında Avropa İnsan Haqları Məhkəməsinə şikayət edəcəyini də bildirdi: “Bunlar bizə qarşı səhvə yol verdilər,  cəzalarını da çəkəcəklər. Mən öz qanuni haqqımı tələb edirəm. Bunu Qənimət Zahidə də demişəm. Onları Avropa İnsan Haqları Məhkəməsinə verəcəm. Bu işin sonuna qədər gedəcəm. Məni Almaniyada hər kəs tanıyır, hörmət edir. Onlarsa mənim haqqımda yanlış informasiyalar yayaraq, mənfi imic formalaşdırmağa çalışırlar. Düzdür, Qənimət Zahid özü də bizim haqqımızda yazdıqlarının doğru olmadığını deyib və üzr istəyib. Ancaq artıq həmin informasiyalar yayılıb və onlar öz məqsədlərinə çatıblar. İndi növbə mənimdir. Ancaq mən onlardan fərqli olaraq şərəfli insanam. Hüquqlarımı qanun çərçivəsində təmin edəcəm”.

“Əli Kərimli saxtakardır, onu tanımırıq”

A.Məmmədli sonda bildirib ki, yaxın günlərdə Kölndə böüyk bir tədbir keçirərək Razi Nurullayevə dəstək olduğumuzu bəyan edəcəyik: “Biz böyük bir tədbir keçirəcəyik. Tədbirdə minimum 200 nəfər iştirak edəcək. Artıq hər şey hazırdır. Tədbirdə də bəyan edəcəyik ki, biz AXCP sədri olaraq Razi Nurullayevi dəstəkləyirik. Biz Əli Kərimlini tanımırıq. O, saxtakardır və yalnız öz maraqları naminə hərəkət edir.

Onun üçün kimin mühacir olması önəmli deyil. Təki pulunu qazansın. Mənim əlimdə Əli Kərimli və Qənimət Zahidin fəaliyyətlərini sübut edəcək bir çox sənədlər, faktlar var. Yaxın günlərdə hər kəs onları görəcək və Əli Kərimlinin, onun dəstəsinin hansı işlər gördüyünün şahidi olacaqlar”.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları