Yuxarı

İslahat, yoxsa rüşvətin bir əldə cəmləşməsi?

İslahat, yoxsa  rüşvətin bir əldə cəmləşməsi?

Regional qurumlar özünü doğrultmadı

Zəlimxan Məmmədli: “Hökumət fundamental islahat təfəkkürünə sahib deyil”

Rayonlarda mövcud olan dövlət idarələrinin birləşdirilməsi, regional qurumların yaradılmasının hakimiyyət ideoloqları islahat kimi xarakterizə edir. Qeyd edək ki, bu günədək regional təhsil və mədəniyyət şöbələrinin yaradılıb. Ancaq bu sahədə bir sıra boşluqlar var. Belə ki, regional şöbələr yaradılır, ancaq yerlərdə olan təhsil və ya mədəniyyət idarələri ləğv olunmur. Yerli idarələrin bütün işçi personalı yerində qalır, əmək haqqı alır. Belə görünür ki, dövlət tərəfindən rayon təhsil və ya mədəniyyət şöbələrinə ayrılan dotasiyaların bir əldə cəmləşməsi üçün hökumət bu addımı atır. Əslində mahiyyəti fərqli olsa da, hökumət bununla islahat görüntüsü yaradır. Belə olan halda regional idarələrin yaradılmasına ehtiyac varmı?

“Bələdiyyələrin səlahiyyəti artırılmalıdır”

“Borçalı” Cəmiyyətinin sədri, Xətai rayonu İcra Hakimiyyətinin keçmiş başçısı Zəlimxan Məmmədli “Cümhuriyət” qəzetinə şərhində bildirib ki, hökumətin islahat anlayışı doğru deyil: “Dövlət idarəetməsi və yaxud idarəetmənin mərkəzləşdirilməsi fəlsəfəsi bizdə düzgün başa düşülmür. Məsələn, bələdiyyə institutları seçki ilə yaradılır. Ancaq indi əhali bələdiyyələrlə İcra hakimiyyətlərinin arasında qalıb. İslahatlar burdan başlamalıdır. Yerli özünüidarəetmə orqanlarına daha çox səlahiyyət verilmədir. Bu halda seçilən bələdiyyə üzvləri, sədri toplum qarşısında məsuliyyət daşıyar, rəqabət mühiti yaranar. Regionun inkişafı üçün yeni layihələr icra oluna bilər, yeni konsepsiyalar yaranar. Bizim arzuladığımız mülki cəmiyyət regionlardan başlayaraq qurula bilər. Amma ayrı-ayrı sahələr üzrə regionla idarələrin yaradılması paralel idarəetmə sisteminin yaradılması deməkdir. İcra hakimiyyətinin səlahiyyətli nümayəndəsi yerlərdə söz sahibidir. Vətəndaşlar tərəfindən seçilən bələdiyyələr isə formal xarakter, topluma aidiyyatı olmayan bir quruma çevrilib. Amma bizim digər layihələr, təşəbbüslər səmərə verməyəcək. İdarəetmənin sadələşdirilmənin yolu konkret vətəndaşın daha asan bir qurumu müəyyənləşdirməkdir. İcra Hakimiyyətləri mərkəzi orqan kimi Prezident Aparatının tapşırıqlarını nəzfrəti yerinə yetirməlidir və bununla da məsələ bitməlidir. Bələdiyyələr isə vətəndaşların problemlərinin həlli, abadlıq işləri, gənclərin asudə vaxtlarının təşkili və digər tədbirlərlə bağlı zəngin arsenala sahib olmalıdır. İndi bələdiyyələr səhər işə gəlib qapını açırlar, bir az yuxulayırlar sonra da İcra başçılarının tapşırıqlarını yerinə yetirilər bununla da işləri bitmiş hesab olunur”.

Z.Məmmədli hesab edir ki, ilk növbədə idarəedici orqanın adı və səlahiyyəti müəyyən olunmalıdır. Yalnız bundan sonra yaradılan regionla idarələr və digər məsələlər effektiv ola bilər: “İndi yaradılan regional şöbələr əlavə ştatlardır. Ayrılan dotasiyanı təhsil, səhiyyə və mədəniyyət şöbələri özləri dəala bilirlər.

Əgər bu qurumlar ləğv olunmursa regional idarələrin yaradılmasının heç bir mənası yoxdur. Yerli özünüidarəetmə qurumlarının birbaşa vətəndaş qarşısında məsuliyyətə bir quruma çevrilməsinin tərəfdarıyam. Vətəndaşdan asılılığı olan qurumların mərkəzlə bağlılığı minimuma endirilməlidir. O zaman vətəndaş rahat yaşayacaq. Vətəndaşın bütün problemlərinin həlli daha da rahatlaşacaq. Digər regionların quberniya sisteminə keçidi və regional idarələrin yaradılması ilə bağlı hələ də boşluqlar var”.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları