Yuxarı

“Sürix protokolları” masaya qayıdır

“Sürix protokolları” masaya qayıdır

Mübariz Əhmədoğlu: “İlkin mərhələdə 5, sonrakı mərhələdə 2 rayon qaytarılacaq”

“Rusiya prezidenti Vladimir Putin iyunda Sankt-Peterburqda Azərbaycan və Ermənistan prezidentlərinə Dağlıq Qarabağ ətrafındakı 2 rayonun qaytarılmasını, əvəzində kommunikasiyaların açılmasını nəzərdə tutan “olduqca konstruktiv” təklif verib”.

ABŞ dövlət katibinin keçmiş köməkçisi Metyu Brayza belə deyib. M.Brayza bildirib ki, təklif Ermənistanın Türkiyə ilə sərhədlərinin açılmasını da nəzərdə tuturdu: “Hərçənd təklifin bu hissəsi barədə məlumatı rəsmi kanallardan almamışam. Ancaq bu, əlavə danışıqlar predmeti olacaq məsələ idi. Bakıda apardığım müzakirələr zamanı öyrəndim ki, Azərbaycan rəhbərliyi bu təkliflərə real ümidlər bəsləyir. İnanıram ki, Sarkisyan da Putinin təklifinə dəstəyini ifadə etmişdi. Ermənistanda iyul hadisələri də elə buna görə başladı, ərazilərin qaytarılmasına qarşı olan silahlı qrup polis idarəsini ələ keçirdi. Azərbaycanda da bu cür kompromislərə qarşı olan radikallar var. Ona görə də Sarkisyan və Əliyev Putinin təklifini dəstəkləyərək böyük cəsarət nümayiş etdiriblər”.

Ankara və Moskva arasında anlaşma

Dağlıq Qarabağ ətrafındakı rayonların qaytarılması və Türkiyə - Ermənistan sərhədlərinin açılması məsələsi Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun bununla bağlı son çıxışından sonra gündəmə gəlmişdi. Təxminən 1 ay əvvəl Çavuşoğlu Qarabağətrafı rayonların Azərbaycana qaytarılması məsələsinin rəsmi Ankara və Moskva arasında artıq həllini tapdığını açıqlamışdı, Türkiyə - Ermənistan sərhədlərinin açılmasından danışmışdı. Metyu Brayzanın danışıqların pərdəarxası məqamlarını açmasına paralel olaraq, Türkiyədə sərhədlərin açılması məsələsinin gündəmə gəlməsi başqa bir ehtimal yaradır. İddia olunur ki, yenidən münaqişənin həlli Türkiyə, Rusiya, Azərbaycan və Ermənistan arasında müzakirəyə çıxarılması planlaşdırılan “Sürix protokolları” əsasında axtarılacaq. Belə ki, məlum sənədlər sırf Türkiyə - Ermənistan sərhədlərinin açılmasını və bunun Dağlıq Qarabağ münaqişəsinin həllinə töhfə verəcəyini nəzərdə tutur. Lakin tərəflər arasında yeni müzakirə mövzusu var. Gələn məlumatlara görə, Türkiyə tərəfi Moskvaya yeni təklif verib və müəyyən detallarda artıq anlaşma əldə olunub. “Sürix protokolları”na əlavə və dəyişikliyi nəzərdə tutan bu təklifə görə, ətraf rayonlar (mərhələli şəkildə 7 rayon) Azərbaycana qaytarılır və Türkiyə - Ermənistan sərhədlərinin açılması məsələsi yüksək səviyyədə müzakirəyə çıxarılır. Burada 2, yaxud 7 rayonun Azərbaycana qaytarılması nəzərdə tutulur ki, bu məsələ üzərində tərəflər arasında anlaşılmazlıqlar var. Azərbaycan 7 rayonunu istəyir, Ermənistan isə 2 rayona razıdır. İndi bu məsələnin müzakirəyə çıxarılacağı bildirilir. Rusiya və Türkiyənin qəbul etdiyi təklifə Ermənistanın razılıq verəcəyi halda Azərbaycanın şərtləri qəbul olunacaq.

Moskvada görüş

Analitiklər də hesab edirlər ki, Rusiya və Türkiyə “Sürix protokolları”nın işlək vəziyyətə gəlməsində israrlıdır. Hələ də Ermənistan parlamentinin gündəliyində qalan “Sürix protokolları”nın dəyişdirilməsinə rəsmi Bakı və İrəvanın hansı münasibət göstərəcəyi məlum deyil. Mütəxəssislər bildirirlər ki, İrəvan buna razı olacağı halda, ətraf rayonların (7 rayonun) Azərbaycana qaytarılmasını Dağlıq Qarabağın aralıq statusu məsələsində “güzəşt” kimi qəbul etməyəcəyi təqdirdə Azərbaycan tərəfi bu təklifə razı ola bilər. Artıq bununla bağlı Ankaradan Bakıya, Moskvadan İrəvana müəyyən məlumatların verildiyi də gələn xəbərlər arasındadır. Yaxın vaxtlarda məsələnin Moskvada Türkiyə, Azərbaycan, Rusiya və Ermənistan başçılarının iştirakı ilə keçiriləcək dördtərəfli görüşdə müzakirə ediləcəyi istisna olunmur.

“Brayza yalan danışır”

“Siyasi İnnovasiya və Texnologiya” Mərkəzinin rəhbəri, politoloq Mübariz Əhmədoğlu “Cümhuriyət”ə Metyu Brayzanın yalan danışdığını bildirib. M.Əhmədoğlu amerikalı diplomatı ermənipərəst olmaqda ittiham edib: “Birinci növbədə Azərbaycana geri qaytarılması planlaşdırılan ətraf rayonların sayı ilə bağlı dəqiq mənbələr var. Azərbaycan və Ermənistan prezidentlərinin Sankt-Peterburq görüşündən sonra Prezident Administrasiyası rəhbərinin müavini Novruz Məmmədov bildirdi ki, ilk mərhələdə 5, sonrakı mərhələdə 2 rayon qaytarılacaq. 

Azərbaycanlı qaçqın və məcburi köçkünlər bundan sonra həmin rayonlara qaytarılacaq. Bundan sonra Dağlıq Qarabağın statusunun müəyyən olunması məsələsi müzakirə olunacaq. Mövlud Çavuşoğlu da 5 rayondan danışmışdı.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Çavuşoğlunun açıqlamasına heç bir əlavə və dəyişiklik etmədən dəstəklədi. Amma 5 rayonun qaytarılması ermənilərə ağır gəlir, buna görə də 2 rayon söhbətini eşitdirirlər. Metyu Brayza da 5 rayonun qaytarılmasını Azərbaycanın ciddi uğuru, Ermənistana isə ciddi zərbə kimi qəbul edir. Buna görə də belə bir bəyanat verir”. 

Mənsur Rəğbətoğlu

 





Həftənin ən çox oxunanları