Yuxarı

Ermənistanı qorxudan Lələtəpə bəyanatı

Ermənistanı qorxudan Lələtəpə bəyanatı

 

Prezidentin mesajı işğalçını qorxuya salıb

Prezidentin bəyanatı Ermənistanda təlatüm yaratdı

Üzeyir Cəfərov: “Ordumuzu ərazi bütövlüyümüzü təmin edəcək”

Natiq Miri: “Savaş qaçılmaz olacaq”

Azərbaycan prezidenti İlham Əliyevin aprel döyüşlərində işğaldan azad olunan Lələtəpə ərazisində əsgərlərlə görüşü zamanı səsləndirdiyi bəyanat erməni tərəfini qorxuya salıb. Torpaqların azad olunmasında müharibə ehtimalını da istisana etməyən prezident bununla Ermənistan hərbi-siyasi elitasına konkret ismarıçlar verdi. Təsadüfi deyil ki, prezidentin Lələtəpə səfərini şərh edən erməni mətbuatında dərc olunan yazı qorxu, təlaş dolu idi. Aprel döyüşləri zamanı Ermənistan hakimiyyətinin yaratdığı süni mifi darmadağın edən Azərbaycan ordusu torpaqları işğaldan azad etmək gücündə olduğunu bir daha əyani şəkildə sübut etdi.

“Lələtəpə əməliyyatı bizim qəhrəmanlıq rəmzimizdir. Lələtəpə tarixə düşdü. Əgər erməni silahlı qüvvələri aprel döyüşlərindən düzgün nəticə çıxarmasalar, gələcəkdə Lələtəpə əməliyyatı kimi bir çox uğurlu əməliyyatlar olacaqdır. Ermənistanın siyasi rəhbərliyi, nəhayət, dərk etməlidir ki, işğalçılıq hərəkətləri onları uçuruma aparır. Azərbaycan gündən-günə güclənir, möhkəmlənir. Bizim güclü potensialımız və güclü ordumuz var” deyə dövlət başçısı vurğulayıb.

“Bu, sonuncu xəbərdarlıqdır”

“Cümhuriyət” qəzetinə şərhində hərbi ekspert Üzeyir Cəfərov deyib ki, ölkə başçısı, Silahlı Qvvələrin Ali Baş Komandanı İlham Əliyev məhz Füzuli istiqamətində, Lələtəpədə səsləndirdiyi bəyanatlar düşmən üçün sonuncu xəbərdarlıq rolunu oynamalıdır: “Təkcə düşmən üçün də deyil, həm də güya sülhməramlı missiyasını yetirən ATƏT-in Minsk Qrupu və digərləri üçün bu sonuncu xəbərdarlıqdır. Azərbaycan kifayət qədər səbr, dözüm nümayiş etdirib. Azərbaycan xalıqı da bu illər ərzində gözləyirdi ki, Dağlıq Qarabağ problemi sülh yolu ilə həll olunsun. Görünən odur ki, hələ də Ermənistan və onun havadarları Azərbaycan Ordusunun görə biləcəyi işi tam dərk etməyiblər. Azərbaycan Ordusundan hər hansı bir tapşırığı qısa müddətdə yerinə yetirə bilən bütün növ qoşun dəstələri var. Biz apreldə ordunun çox az hissəsindən istifadə edərək 2000 hektardan çox ərazini öz nəzarətimizə qaytardıq. Ona görə də, prezidentin Lələtəpədə hərbçilər qarşısında səsləndirdiyi fikirlər Azərbaycanın yaxın gələcəkdə öz ərazi bütövlüyünü təmin edəcəyilə bağlı ciddi siqnaldır. Yəni, sonsuzluğa qədər dözə bilmərik. Prezidentin Lələtəpədə səsləndirdiyi bəyanatlar və Azərbaycan ordusunun 60 minlik şəxsi heyətlə hərbi təlimlər keçirməyi onu göstərir ki, Azərbaycanın fikri tam qətidir. Bu çox yaxşı, sevindirici haldır. Mən özüm də prezidentin səsləndirdiyi uğurlu döyüş əməliyyatlarının bilavasitə iştirakçısı olmuşam. Bizim briqada Füzulidə 22 yaşayış məntəqəsini və Cəbrayılın 1 yaşayış  məntəqəsini işğaldan azad elədi. Hesab edirəm ki, Azərbaycan Silahlı Qüvvələri yaxın zamanlarda qarşısına qoyduğu məqsədlərə nail olacaq və Azərbaycanın ərazi bütövlüyünü təmin edəcək”.

“Düşmən nəticə çıxarmasa...”

Siyasi-şərhçi Natiq Miri də prezidentin səsləndirdiyi fikirlərin düşmən tərəfinə ciddi mesaj olduğunu dedi. Onun sözlərinə görə, Ermənistan tərəfi bundan nəticə çıxarmasa, Azərbaycan ordusu yeni hərbi əməliyyatlara başlayacaq: “60 min şəxsi heyətin qatıldığı böyük hərbi təlimlərin başlaması həm Ermənistana, həm də onun havadarlarına ciddi bir mesajdır. Əgər yenə də, bu məsələni dondurulmuş şəkildə uzatmaq istəsələr və Ermənistana hər hansı bir təzyiq olmasa, təbii ki, yaxın zamanlarda yeni hərbi əməliyyatların başlaması qaçılmaz olacaq. 24 ilə qədər bu prosesin uzanmasının yeganə səbəbi odur ki, Azərbaycan bu yöndə heç bir güzəştə getmək istəməyib. Bundan sonra da münasibət dəyişməyəcəksə, təbii ki, savaş qaçılmaz olacaq. Əslində prezidentin bu səfərində səsləndirdiyi bəyanatlar da bundan xəbər verir. Ona görə də, düşünürəm ki, top artıq Ermənistan və ATƏT-in həmsədr ölkələri tərəfinə atılıb. Bu addımı doğru dəyərləndirəcəklərsə, regionda yeni bir böyük münaqişənin qarşısı alınacaq. Yox, əgər doğru dəyərləndirilməyəcəksə, o, zaman Suriyadan qat-qat təhlükəli regional, bəlkə də qlobal savaş təhlükəsi yaranacaq”.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları