Yuxarı

AXCP-nin təşəbbüsü Milli Məclisdə dəstəkləndi

AXCP-nin təşəbbüsü  Milli Məclisdə  dəstəkləndi

 

Deputat paralel strukturların birləşdirilıməsini təklif etdi

Sərdar Cəlaloğlu: “Paralel dövlət strukturları ləğv edilməlidir, yoxsa...”

Vüsal Qarayev: “İdarəetmə sadələşdirilməli, büdcəyə qənaət olunmalıdır”

Hökumət etiraf etməsə də Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP)  təqdim etdiyi anti-böhran təkilflərindən faydalanır. Hökumətin atdığı addımlara nəzər salsaq görərik ki, bütün bunlar AXCP-nin təklif etdiyi anti-böhran paketin də yer alıb. Bu günlərdə Milli Məclisin deputatı Çingiz Qənizadə Diaspora ilə İş üzrə DövlətKomitəsinin Xarici İşlər Nazirliyinin tabeliyinə verilməsini təklif edib. Bu təklif də AXCP-nin siyasi islahatlar paketində yer almışdı. Bu günə qədər AXCP-nin təkliflərinə istinad edən hökumət təkliflərin əslində kimə aid olduğunu demir.

Ancaq partiyanın buna münasibəti normaldır. Partiyadan bildirirlər ki, AXCP-nin  təklifləri dövlət, xalq üçündür: “Əsas odur ki, hökumət bunları etsin. Bizim adımızı çəkməsələrdə olar”.

“Diaspora Komitəsinə ehtiyac yoxdur”

Hökumət digər paralel strukturlarını birləşməsinə gedəcəkmi? Azərbaycan Demokrat Partiyası (ADP) sədri Sərdar Cəlaloğlu “Cümhuriyət” qəzetinə şərhində deyib ki, Diaspora ilə İş üzrə Dövlət Komitəsi ümumiyyətlə ləğv olunmalıdır. Onun sözlərinə görə, bu cür nəhəng, ancaq fəaliyyətsiz qurumlara ehtiyac yoxdur: “İqtisadi böhran yaşayan dünya ölkələrində islahatlar aparılır, idarəetmə sadələşdirilir. Diaspora ilə İş üzrə Dövlət Komitəsinin mövcudluğuna heç bir ehtiyac yoxdur. Dünyanın heç bir ölkəsində belə bir komitə yoxdur. Bu süni şəkildə yaradılmış komitədir. Dövlət tərəfindən ayrılan milyonlar göyə sovrulub.  Ondansa Prezident Administrasiyasında bu işlə məşğul olan 3-4 nəfərdən ibarət bir şöbə yaratmaq olar. Yoxsa nəhəng bir qurum dövlət vəsaitini göyə sovurub hansı iş ortaya qoyub? Bu təkcə Diaspora ilə İş üzrə Dövlət Komitəsinə aid deyil. Azərbaycanda bir çox nazirliklər və qurumlar buraxılmalıdır, bir çoxu birləşdirilməlidir ki, büdcə həddən artıq yüklənməsin. Onsuz da dövlət büdcəsi getdikcə boşalır. Paralel dövlət qurumları ləğv etməlidir, ya da bu qurumlar dövləti məhv edəcək”.

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) mətbuat xidmətinin rəhbəri Vüsal Qarayev bildirib ki, təkliflərimizə hökumətdən reaksiya gəlməsi, sevindiricidir. Bu bizim partiya olaraq uğurumuzdur: “Bu o deməkdir ki, formalaşdığımız gündən qarşımıza qoyduğumuz məqsədə doğru uğurla irəliləyirik. Məqsədimiz isə fəaliyyətimizi xalqın, ölkənin rifahı üzərində qurmaq, mövcud problemləri demək və bu problemlərdən çıxış yollarını göstərməkdir. Hətta partiyamızın irəli sürdüyü təklifləri həyata keçirərkən çox vaxt adımız qeyd olunmur, lakin bu bizi qətiyyən narahat etmir. Çünki, qeyd etdiyim kimi, məqsədimiz xalqın rifahıdır, ölkənin problemlərdən çıxmasıdır. Önəmli deyil bu təklifi kimin verdiyini xalq bilsin. Kim istəyir, qoy öz adına çıxarsın. Təki islahatlar aparılsın, təki ölkə inkişaf etsin. Ən azı biz özümüz bilirik və vicdanımız rahatdır ki, AXCP əksər siyasi partiyalar kimi yalnız kağız üzərində mövcud deyil. AXCP fəaliyyətdədir, imkanlar çərçivəsində dövlət üçün, xalq üçün xeyirli nəsə etməyə çalışır. Əgər Milli Məclisdə bizim təkliflərimiz müzakirə olunursa, demək ki, biz nəyəsə nail olmuşuq”.

“Mərkəzə tabesizlik problemi var”

AXCP sözçüsü əlavə edib ki, hazırda ölkədə kifayət qədər fəaliyyətsiz qurumlar var: “Partiya olaraq təklif edirik ki, fəaliyyətsiz, yaxud fəaliyyəti az qurumlar ləğv edilsin, başqa bir quruma birləşdirilsin. Yaxud da bir neçə qurum birləşdirilib bir ad altında fəaliyyət göstərsin. Bu həm idarəetməni sadələşdirəcək, həm də büdcəyə kifayət qədər müsbət təsir göstərəcək.

Hökumət islahat çərçivəsini genişləndirməlidir. Deyə bilərsiniz ki, axı bu bir çox insanın işini itirməsinə səbəb olacaq. Əslində olmayacaq, sadəcə, o insanlar daha səmərəli işlərə yönəldiləcək. Bu gün ölkədə ciddi mərkəzə tabesizlik problemi var. Buna səbəblərdən biri də mürəkkəb sistemdir. Sistem sadələşdirilməlidir, nəzarət asanlaşsın. Ümid edirik hökumət bütün bunları nəzərə alaraq, partiyamızın bu təklifini həyata keçirəcək”.

Vilayət Muxtar

 





Həftənin ən çox oxunanları