Yuxarı

AXCP sədri xalqa səsləndi: “2018-ci il prezident seçkilərinə hazırlaşırıq”

AXCP sədri xalqa səsləndi: “2018-ci il prezident seçkilərinə hazırlaşırıq”

“Çıxış yolu İvanda, Petroda, Conda və Mayklda deyil” - Razi Nurullayev 

“Çürüməni dayandırmaq lazımdır”

Azərbaycan müxalifəti niyə zəifdir və birləşə bilmir? Müxalifətin birliyi üçün ictimai sifariş varmı? Bu kimi məsələlər zaman-zaman siyasi və mətbu çevrələrdə müzakirə olunub.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Razi Nurullayev mövzu ilə bağlı özünün facebook səhifəsində fikirlərini yazıb.

“Azərbaycan siyasətində müxalifətin zəifləməsinə və xalqdan kənar düşməsinə səbəb nədir? Niyə toparlana və güclənə bilmirik? Xalq niyə on minlərlə toplaşaraq mitinq sifarişi vermir? Bundan da ağır və bundan da çətin gün, yaxud müxalifət üçün əlverişli şərait olacaqmı? Əgər belə bir əlverişli siyasi şəraitdə belə biz toparlana bilmiriksə, müxalifət içində çürümə gedir və bu çürüməni törədən səbəbi aradan qaldırmaq lazımdır. Bir kartof çürüyəndə, vaxtında yeşikdən çıxarılıb atılmasa, bütün yeşikdə olan kartofun hamısını çürüdəcək”, - deyə R. Nurullayev qeyd edib.

“Nə vəd verənlər bezdi, nə çılız təbliğatçılar”

AXCP sədrinin sözlərinə görə, müxalifətin yeganə güvənc yeri xalqdır: “Səbəblərə baxaq və yolumuzu işıqlandıra biləcək vizyonumuzu ortaya qoyaq. İlk öncə deyim ki, bizim güvən yerimiz Azərbaycan xalqıdır. Ölkədə köklü siyasi dəyişikliklər üçün beynəlxalq təşkilatlara, ABŞ-a, Avropa Birliyinə də gözlənti ilə baxırıq, amma inamımız öz millətimizədir. Əfsuslar olsun ki, hələ də əhalinin siyasi cəhətdən fəal hissəsi son ümidlərini yuxarıda adı çəkilən ölkə və təşkilatlara bağlayır. Acı faktdır ki, bu ümid Azərbaycan xalqının səbri kimi sonsuzluğa qədər davam etməkdədir. Səbəbi isə bu ümidin öz kreslosunun ömrünü uzatmaq istəyən bəzi başabəla siyasətçilər tərəfindən körüklənməsidir. Xalqa təlqin olunurdu ki, Avropa Birliyi ilə Assosiasiya sazişi imzalanacaq və Azərbaycan iqtidarı məcbur qalaraq islahatlara gedəcək. Hər il Şərq Tərəfdaşlığı çərçivəsində keçirilən toplantılar və arabir keçirilən Zirvə Toplantıları ilə siyasi aktiv kəsimi ümidləndirdilər. Adamlar tanıyıram ki, mənə sübut etməyə çalışırdılar ki, bax, bəy, bu may ayı Avropa İttifaqının zirvə toplantısı keçirilir və ən uzağı payıza qədər Milli Şura hakimiyyətə gəlir. Bu cür vədlər ildən-ilə ötürüldü. Nə vəd verənlər bezdi, nə də bu yalanlardan doymayan zombiləşmiş cılız düşüncəli siyası təbliğatçılar. Onlar yenə də meydan sulayırlar. Amma, xalq bezdi, bezdirildi və hələ də bezdirilməkdədir. Bu səbəbdən, müxalifətdən uzaq düşüb”.

“Vəd verdilər ki, Obama yıxacaq bu hökuməti”

R.Nurullayev müxaliftət ideoloqlarının zaman-zaman xalqa şirin, aldadıcı vədlər verdiyini xatırladıb: “Düz səkkiz il xalqa təlqin olundu ki, Barak Obama yıxacaq bu hökuməti. Görmürsünüzmü bir dəfə də olsun Ağ Evə dəvət etmədi?! Dözün, az qalıb. Konqresdə filan konqresmen bunları yıxıb sürüyüb, indi orada dinləmələr keçirilir, filan konqresmen qanun hazırlayıb, çox keçməz Azərbaycan hökumətinə sanksiyalar tətbiq olunacaq. Hətta, Qənimət Zahid bir az da qabağa gedib sanksiya tarixini və adları belə açıqladı. Xalq həvəsləndi, ümidləndi, coşdu və sonunda öldü. Həvəsi qurşağında qaldı. Yalanlarla, yalançı ümidlərlə. Təbii ki, Qənimət bəyi günahlandırmaq fikrim yoxdur, o media təmsilçisi olaraq sensasiya dalınca qaça bilər, istəyini deyər, amma bu yalanlarla siyasi ömrünü uzatmağa, lələkləri tökülmüş qanadlarını pərvazlandırmağa can atanlara, xalqın ümidini isti-soyuğa soxanlara nə deyəsən? Bilirsiniz, niyə xalq bir ara coşur, sonra sönür? Niyə bir mitinqə gəlir, ikincisinə gəlmir? Təsəvvür edin: avqust ayında günəş altında qalıb qızmış stəkanın üzərinə soyuducudan çıxmış su tökürsünüz. Stəkan çilik-çilik olur. Xalq da belədir. Təbliğat aparırsan, vəd verirsən, küçəyə çağırırsan, başına avqust günəşi vurur. Sən isə gəlib səriştəsiz-səriştəsiz onun başına buz kimi su tökürsən. O da çilik-çilik olur”.

“Hillari seçilmədi, “valı” dəyişdilər”

AXCP sədri bir sıra müxalifətçi həmkarlarının ABŞ-dakı son prezident seçkiləri və Hillari Klintonla bağlı da yanlış təbliğat apardıqlarını vurğulayıb: “Son iki ildə təbliğat apardınız ki, Hillari Klinton gələcək və o dişi canavardır. Obama kimi dişsiz deyil. Obama da, Hillari də gözəl insan, uğurlu siyasətçidirlər. Amma, ətrafınızda dolaşanlara və təbliğat aparanlara demədiniz ki, ABŞ-ın gündəmində Azərbaycan adlı məsələ yoxdur. Onu daha böyük qlobal məsələlər düşündürür. O, Yaxın Şərq, Rusiya, Çin və digər Sakit okeanı hövzəsi ölkələri ilə məşğuldur. Biz qışqırıb səs-küy salmasaq, heç dönüb baxmazlar da. Dönüb baxsalar da, gülümsəyib keçərlər. Bu onların dövlət siyasəti. Onlar, haqlı olaraq öz dövlətlərinin və xalqlarının çıxarlarını düşünürlər və bu belə də davam edəcək. Xanım Hillari Trampa məğlub oldu. Elə həmin gün köhnə vals çaldıranlar diskə yeni vals qoydular. Tramp valsı. İnsan gündə neçə fikrə düşə bilər, ay xalq, ay camaat, ay seçicilər. Siyasəti axı Elza Seyidcahanın yazdığı şeirlərə döndərmək olmaz. Boğulan saman çöpündən yapışan kimi, sizlər də nəticəsiz siyasi ömrünüzü uzatmaq üçün ayıb-əcəb bilmədən hər şeydən yapışırsınız.

İndi nə deyəcəksiniz? Deyəcəksiniz ki, yeni seçilmiş prezident Donald Trampın İlham Əliyevə zəng etməsi də müxalifətə xidmət edən bir siyasət idi? Ayıb deyilmi? Xalqa yalan danışmaq, həqiqətləri gizləmək kimin siyasətinə xidmət edir? Tarixdə ilk dəfə yeni seçilmiş Amerika prezidenti Azərbaycan dövlət başçısına zəng etdi, bunu Almaniyada səfərdə olan hazırkı prezident Barak Obama da vurğuladı. Bu o deməkdir ki, biz xalqa yalan deyə bilmərik ki, Tramp gəlib bizi prezident kürsüsünə oturdacaq. Əgər oturdacaqsa, onun oyuncağına çevriləcəksən. Bizə xalqın dəstəyi və onun əliylə hakimiyyətə gəlmək zəruridir və bunu da inşallah edəcəyik”.

“Gəlin, Azərbaycanı təzədən quraq”

AXCP sədri Avropa Parlamentinin qətnaməsi ilə bağlı da yanlış təbliğat aparıldığını yazıb: “Uzun müddət zombiləşdirdiyiniz və burnundan uzağı görməyən psevdo-təbliğatçılarınız və ura-vətənpərvərinizlə dediniz ki, Avropa Parlamenti qətnamə qəbul edib və iqtidarın “küməsi” dağılıb, sanksiyalar da tətbiq edəcəklər və məsələ bitəcək. Belarusa onilliklərdir ki, sanksiya edilib, nəticə varmı? Sanksiyalar tətbiq edənlər, indi onu ləğv edirlər. Qətnamə qəbul edənlər, barış üçün Azərbaycan dövlət başçısının yanına gəlib üzr istəyirlər. Xalqa Qərb bizi dəstəkləyir deyib, aldatmaq nə lazım? Siyasi ömrünüzü uzatmaq üçünmü? Siyasi ömrünüz batsın. Çıxış yolu İvanda, Petroda, Conda və Mayklda deyil. Qələbə Tükəzban, Fatmanisə və Novruzəli kişinin bizə dəstəyində və inanmasındadır. Xalqı inandırmaq lazımdır. Biz bu yolu seçmişik.

Xalqa - Tükəzban anaya, Fatmanisə nənəyə və Novruzəli kişiyə müraciət edirəm. Siz köhnəliyə yox deyib, yeni siyasətçilərə, yeni siyasətə və yeni simalara baxın. Hazırkı siyasəti bəyənmirsiniz, gəlin bizim sıralarımıza qoşulun və doğrunu göstərin. Biz təklif və tövsiyələrə açıq bir partiyayıq.

Mərhum prezident Əbülfəz Elçibəyin ruhi bizimlədir, onun dürüstlüyü, səmimiliyi və ideyaları bu partiyadadır. O, öz arzularını həyata keçirə bilmədi. Onun xalqın gözəl yaşayışı, gözəl gələcəyi ilə bağlı arzularını biz gerçəkləşdirəcəyik. 2018-ci il Prezident seçkilərinə hazırlaşmaq və son nöqtəni qoymaq lazımdır. Bizim buna əminliyimiz var və sizi sıralarımıza dəvət edirik. Gəlin, Azərbaycanı təzədən quraq. Elə Azərbaycan ki, orada yaşamaq üçün soydaşlarımız vətənlərinə dönsünlər, daha ölkədən mühacirətə getmək üçün növbəyə düzülməsinlər”.

 





Həftənin ən çox oxunanları