Yuxarı

AXCP sədri: "Xalqın əsəbləri ilə bu qədər oynamaq olmaz"

AXCP sədri:

"Azərbaycan xalqı qazancı ilə kommunal xərcləri ödəyə bilmir"

Son günlər ən çox narazılıq yaradan məsələlərdən biri qazın təzyiqi və verilməməsidir.

Qazın təzyiqinin az olması, verilməsində problem olması azmış kimi qazın qiymətinin artırılacağı xəbərləri də yayılıb.

Bununla bağlı AXCP sədri Razi Nurullayev Ölkə.Az-a danışıb:

"Haradasa oxumuşdum ki, Yaponiyada qazın qiyməti Azərbaycandan bahadır. Azərbaycan xalqının həyat səviyyəsini Yaponiya xalqının həyat səviyyəsinə qaldırsınlar, ondan sonra bu cür misallar çəksinlər. Azərbaycanın ABŞ, Yaponiya, Sinqapur, Cənubi Koreya ilə, ümumiyyətlə inkişaf etmiş ölkələrlə müqayisə edilməsi yersizdir.

Bu gün Azərbaycan xalqı yaşamaq üçün ölüm-dirim mübarizəsi aparır. Azərbaycanın milli valyutası 2,3 dəfədən çox ölüb və ölməyə də davam edir. İnsanların hər şeyi dəyərsizləşib. Bunun fonunda qazın qiymətinin qaldırılmasını müzakirəyə çıxarmaq Azərbaycan xalqını ölümə məhkum etmək deməkdir. Bu gün Azərbaycan xalqı qazancı ilə kommunal xərcləri ödəyə bilmir. Qazın qiymətinin qaldırılması ilə bağlı mövzunun ortaya atılması bunun heç də boş yerdən yarandığı anlamına gəlmir. Hökumət düşünməlidir ki, hər bir şeyin başlanğıcı olduğu kimi sonu da ola bilər. Xalqın bu qədər əsəbləri ilə oynamaq olmaz.

Başa düşürəm, bəzən deyirlər ki, Azərbaycanın Gürcüstan, Türkiyə, Avropa İttifaqı qarşısında qaz öhdəliyi var, Azərbaycan xalqı dözər, onlar dözməz. Bu düzgün deyil. Əgər Azərbaycan öhdəlik götürübsə qazı onlara verib, öz xalqımız qazsız qalırsa bu başa düşülən bir şey deyil. Öhdəlik götürmədən başa düşmək lazımdır ki, öhdəlik götürüb, yerinə yetirə bilməyəndə problemlər yaranacaq. Sual olunur, Azərbaycan xalqımı problem yaratmır?

Birinci növbədə hökumətin vəzifəsi Azərbaycan xalqını qazla təmin etməkdir. Biz xaricə qaz satırıqsa, bizdə qaz yoxdursa və yaxud təzyiqi azdırsa, bu dözüləsi hal deyil".





Həftənin ən çox oxunanları