Yuxarı

Xədicə İsmayılın etirafı: “...Əli Kərimli hakimiyyətə işləyir”

Xədicə İsmayılın etirafı:  “...Əli Kərimli hakimiyyətə işləyir”

 

“Yurd” zəlzələsi

Jurnalist Xədicə İsmayıl ilə Avropa İttifaqının Azərbaycan nümayəndəliyində gizli görüş keçirilib. Xədicə İsmayıl xarici diplomatlara hüquq müdafiəçisi Leyla Yunus, “Yurd” təşkilatının sədri Əli Kərimli və Müsavat partiyasının başqanı Arif Hacılıdan şikayət edib. O, adları çəkilən şəxslərə qrant vəsaiti ayrılmasının məqsədəuyğun olmadığını, onların hakimiyyətə işlədiklərini bildirib:

“Bu adamlar və təşkilatlar hökumətə yaxındır, hökumətdən maliyyələşir. Misal üçün, Arif Hacılı, Əli Kərimli hökumətlə gizli əməkdaşlıq edir. Digər tərəfdən isə bu şəxslərin təşkilatları pul müqabilində istənilən adama “siyasi məhbus” adı verir, hökumətin siyasətinə “don” geyindirir və sairə. Həmçinin Leyla Yunus, Əli Kərimli, Arif Hacılı, İsa Qəmbər “mühacir biznesi” ilə məşğuldur”.

Xədicə İsmayılın vaxtilə müdafiə etdiyi Əli Kərimli

Media araşdırmaları dəfələrlə adları çəkilən şəxslərin, xüsusilə də Əli Kərimlinin hakimiyyətə işləməsi, siyasi məhbuslar üzərindən donor təşkilatlarla alver etməsi, o cümlədən “mühacir biznesi” ilə məşğul olmalarını ifşa edib. Lakin vaxtilə Xədicə İsmayıl həmin şəxslərin müdafiəsini həyata keçirirdi. Xüsusən də Əli Kərimlinin “ştatdankənar vəkil”I rolunda olub. İstər müstəqil jurnalist olarkən, istərsə də “Azadlıq” radiosunun əməkdaşı qismində yüksək səviyyədə bu işi icra edirdi. Xədicə İsmayılın jurnalistika fəaliyyətinin əksər dönəmi Əli Kərimlinin təbliğinə və müdafiəsinə həsr olunub. Amma indi həqiqəti bilir. Gec də olsa…

Xatırladaq ki, hətta 3 il əvvəl müxalifətin tanınmış simalarının ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinə işləmələri barədə dərc etdiyi məxfi sənəddə Əli Kərimli olmasa da, digər şəxslərin adları vardı. Həmin sənədə qədər isə “Yurd” sədrinin adı bəlkə milyon dəfə MTN-lə, hakimiyyətin yüksək çinli məmurları ilə işbirliyində hallanmışdı. Bu baxımdan həmin vaxt Xədicə İsmayılın araşdırmasının Əli Kərimliyə toxunmaması inandırıcı gəlmirdi. Lakin bu gün siyasi məhbus siyahısı üzərində qalmaqal yarandıqdan sonra Xədicə İsmayıl nəhayət, o faktı ifşa etmək məcburiyyətində qaldı ki, Əli Kərimli hakimiyyətə işləyir. Rusların bir sözü var: “luçşe pozdno, çem ne koqda”. İndi Xədicə İsmayılın da bu etirafı məsələ uyğun gəlir. Həqiqəti gec demək (hesab edirik ki, bunu əvvəlcədən bilməmiş deyildi) heç vaxt deməkdən yaxşıdır. Bir ömür boyu aldanmaqdan. Özü də bilərək aldanmaqdan.

“Yurd” sədrini bitirəcək faktlar

Xədicə İsmayılın bu faktı açıqlaması “Yurd”da növbəti “siyasi zəlzələ”yə səbəb ola bilər. Gələn məlumatlara görə, yaxın ətrafına daxil olan adamlar məsələni müzakirə ediblər və yekdil qərarla sözügedən qurumdan çıxmağa hazırlaşırlar. Bunlar həmin şəxslərdir ki, uzun illərdir minimum həddə belə maaş almadan Əli Kərimlinin tapşırıqlarını yerinə yetiriblər. “Yurd” sədrinin hakimiyyət və siyasi məhbuslara görə, xarici donor təşkilatlarından aldığı pullara dair faktların mediada yayımlanacağı da gözlənilir. Həmçinin onun vaxtilə MTN-nin keçmiş rəhbəri Eldar Mahmudovla əlaqələrinə dair məxfi sənədlərin ifşa ediləcəyi də gələn məlumatlar arasındadır. Bu faktların açılmasından sonra yaxın ətrafındakı adamların “Yurd”dan istefa verəcəkləri şəksizdir. Artıq təşkilat daxilində Əli Kərimliyə qarşı çevrilmiş “paralel şəbəkə”nin hərəkətə keçdiyi bildirilir.

Çayxanada məxfi müzakirə

Gələn məlumatlara görə, metronun “Nəriman Nərimanov” stansiyası  yaxınlığında çayxanalardan birində bir araya gələn, aralarında Əli Kərimlinin bir müavinin olduğu yetkili “yurdçu”lar Xədicə İsmayılın irəli sürdüyü fikirləri müzakirə ediblər. Partiyadan çıxmaq və Əli Kərimlinin rəhbərlik etdiyi quruma alternativin elan olunması məsələsinə də toxunulub. “Yurd” daxilində sədrə qarşı kampaniyaya başlayan təşkilat üzvlərinin yaxın vaxtlarda istefa qərarlarını açıqlayacaqları gözlənir.

Təşkilatın bir sıra yetkililisinin və tanınmış fəallarının “Yurd”dan çıxmaq qərarına gəlincə, bu, Əli Kərimlinin onları aldatmalarıyla bağlıdır. Belə ki, təşkilat sədri donor təşkilatlar və hakimiyyətdən, o cümlədən, İranın Azərbaycandakı səfirliyindən Nardaran hadisələrində həbs olunmuş dindarların ailələrinə kömək məqsədilə aldığı külli miqdarda maddi vəsaitin üzərinə tək oturub. O, həmçinin siyasi məhbus və həbs olunmuş təşkilat üzvlərinə yardım məqsədilə yaxın ətrafındakı adamlarından pullar da alıb. Həmin şəxsləri banklardan kredit almağa məcbur edən Əli Kərimli bununla, digər yandan Avropa və ABŞ-ın bir sıra təşkilatlarından, o cümlədən İran səfirliyindən əldə etdiyi pulların mənimsənilməsindəki izi azdırmağa cəhd edib. Bundan xəbər tutan digər “yurdçu”lar Əli Kərimliyə etiraz olaraq, təşkilatdan getməyə hazırlaşırlar.

Mənsur





Həftənin ən çox oxunanları