Yuxarı

Azərbaycan Minsk Qrupundan niyə imtina etmir?

Azərbaycan  Minsk Qrupundan  niyə imtina etmir?

 

Hikmət Hacızadə: “Rusiya deyir ki,  sənə 5 rayon verim, gəl, mənə birləş”

Arzu Nağıyev: “Bu, bizim üçün müsbət nəticə verməz”

Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik missiyasını üzərinə götürmüş ATƏT-in Minsk Qrupundan imtina məsələsi yenidən gündəmə gəlib. Həmsədrlərin səmərəsiz və passiv fəaliyyətinə diqqət çəkən nüfuzlu siyasət adamları qeyd edirlər ki, rəsmi Bakı münaqişənin həlliylə bağlı Minsk Qrupu qarşısında sonuncu dəfə kəskin tələbini irəli sürməli, müəyyən vaxt aralığında məsələ həllini tapmayacağı halda imtina məsələsini gündəmə gətirməlidir.

Artıq məsələ Azərbaycan hakimiyyətinin yüksək dairələrində müzakirə olunur. Azərbaycan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev “Ermənistan Vətəndaş Cəmiyyəti kontekstində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi” adlı məqaləsində də buna diqqət çəkir. Qarabağ münaqişəsinin kimlər üçünsə çirkli biznes olduğunu yazan Ramiz Mehdiyev, eyni zamanda Minsk Qrupunun səmərəsiz fəaliyyətdə olduğunu gündəmə gətirir.

Minsk Qrupundan niyə imtina olunmalıdır?

Vətəndaş cəmiyyəti də münaqişənin həll yolunun Minsk Qrupunun vasitəçiliyindən keçdiyinə inanmır. Əslində imtinayla bağlı olunan çağırış və irəli sürülən təkliflərdə müəyyən məntiq var. Çünki Minsk Qrupu vaxtilə Qarabağ münaqişəsinin 1 il ərzində həlli üçün yaradılmış formatdır. Lakin yaranmasından 22 il keçməsinə baxmayaraq, heç bir nəticə yoxdur. İmtina qərarı fonunda o təklif irəli sürülür ki, danışıqlar münaqişənin və Qarabağ müharibəsinin əsas müəlliflərindən olan Rusiya ilə aparılsın. Yaxud Türkiyə və Rusiyanın iştirak etdiyi başqa formatın qurulması da müzakirə mövzusudur. Bütün təkliflərin, mövcud reallıqların müzakirəsinin ümumi yekununda “Azərbaycan Minsk Qrupundan imtina etməlidir” tələbi müdafiə olunur. Elə Ramiz Mehdiyevin məqaləsində qrupun səmərəsizlikdə ittiham olunması da yaxın vaxtlarda bunun mümkünlüyünü istisna etmir. Lakin Azərbaycanın bütün çağırış və tələblərə baxmayaraq, hələ də qrupdan imtina etməməsini analitiklər fərqli amillərlə izah edirlər.

“Ya Rusiyanın qoltuğunun altına girməliyik, ya da...”

Politoloq Hikmət Hacızadə “Cümhuriyət”ə Azərbaycanın Minsk Qrupundan imtina edə bilməməsinin bir neçə səbəbi olduğunu deyib. H.Hazıcadəyə görə, ilk səbəb - beynəlxalq imic məsələsidir: “Minsk Qrupu Qarabağ münaqişəsində həlledici tərəf deyil, buna görə də səmərəsiz fəaliyyət göstərir. Diplomatik və imic səbəblərinə görə də Azərbaycan bu qrupun vasitəçilik missiyasından imtina edə bilmir. Çünki bu, sülhə yönəlmiş bir təşkilatdır. Əgər Azərbaycan Minsk Qrupunun münaqişəni dinc yolla həll variantını seçibsə, bu zaman buradan çıxacağı halda bizə qarşı kənar təzyiqlər artacaq. İttiham olunacağıq ki, Azərbaycan müharibə istəyir. Buna görə də Azərbaycan öz imicini saxlamaq üçün geri addım atmır”.

Politoloq deyib ki, Minsk Qrupunu böyük dövlətlər idarə edirlər: “Həmin qrup Fransa, Rusiya və ABŞ-ın iradəsinə tabedir. Rusiya da sülh istəmir, bizim istədiyimizi bizə vermir, vermək istəmir. Buna görə də Minsk Qrupu yerindən tərpənə bilməz. Belə bir vəziyyətdə də bu qurumla heç nəyə nail olmaq mümkün deyil. Ya kimsə Rusiyanı dayandırmalıdır, ya biz Rusiyanın qoltuğunun altına girməliyik, ya da bu işi müvəqqəti olaraq bir kənara atıb, daxili problemlərimizi həll etməliyik. Bunların da heç birini etmirik. Rusiya da deyir ki, “bəlkə sənə 5 rayon verdim, gəl, mənə birləş”. Vəziyyət bu cürdür”.

“Müharibə variantı gündəmə gələ bilər”

Politoloq Arzu Nağıyev “Cümhuriyət”ə bildirib ki, Azərbaycanın Minsk Qrupundan imtina etməsinə heç bir ciddi səbəbi yoxdur. A.Nağıyev qeyd edib ki, BMT-nin patronajlığı altında yaradılan ATƏT-in Minsk Qrupu ilə Dağlıq Qarabağ münaqişəsinin həlli razılaşdırılıb: “Eyni zamanda Minsk Qrupunda BMT Təhlükəsizlik Şurasının daimi üzvündən üçü təmsil olunur. Düşünürəm ki, BMT-nin üzvü kimi Azərbaycan Minsk Qrupundan imtina etsə, bu bizim üçün müsbət nəticə verməyə bilər. Rusiya və Ermənistanın, bu ölkənin havadarları BMT-dən çəkinirlər. Əgər Azərbaycan bu qrupdan imtina etsə, müharibə variantı gündəmə gələ bilər. Məsələ də BMT-nin patronajlığı altında həll olunur. Bu, təkcə Azərbaycanın qərarı deyil. İmtina bizə müsbət divident qazandıra bilməz”.

Mənsur Rəğbətoğlu





Həftənin ən çox oxunanları