Yuxarı

“Ölkə 2014-cü ildən geriyə gedir”

“Ölkə 2014-cü  ildən  geriyə gedir”

 

Rafiq Daşdəmirli: “Qaz və işıq üçün qoyulan limit artırılmalıdır"

“Dünya ölkələrində bundan da ağır iqtisadi böhranlar olub, hökumətlər bundan da çətin vəziyyətlərdən çıxıblar”. Bu sözləri “Cümhuriyət” qəzetinə açıqlamasında AXCP funksioneri Rafiq Daşdəmirli Tarif Şurasının qərarına münasibət bildirərkən deyib. Onun sözlərinə görə, böhran öz-özlüyündə dəhşətli bir şey deyil. Dəhşətli odur ki, ölkə iki ildir, 2014-cü ilin payızından israrla dibə gedir:

“Deputatların 2200 manat maaş almalarına etiraz etmələrinin səbəbi başa düşüləndir. İndi bundan sonra bütün məmurların narazılığı artacaq. Paket sistemi kəsildiyindən, səslərini çıxarmağa başlayacaqlar. Bəs onda 220 manat alan müəllimlər, 55 manat alan ikinci qrup əlillər və səhərdən axşama kimi iş axtaran işsizlər nə etsinlər? Bu milləti də düşünmək lazımdır, nə qədər ki gec deyil. 2015-ci ildə 658, bu il isə 500 nəfərin çarəsizlikdən intihar etməsi çox qorxulu tendensiyadır. Hələ bu azmış kimi nazirin ayda 300 min aylıq xərci insanı dəhşətə gətirir. Bu cür  haqsızlıqlar milləti aşağılamaqdan başqa bir şey deyil. Ölkədə sosial institutlar inkişaf etmədiyinə, bəzi xeyriyyə cəmiyyətlərinin maarifləndirici tədbirləri olmadığına görə, insanlar problemlərin qarşısını ala bilmir.

Çünki maarifləndirmə işi zəifdir və aparılan işlər uğurlu alınmır. Tarif Şurasının qaz və işığın qiymətinin qaldırması haqqında verdiyi qərardan sonra iki nəfər intihar edib. İnsanlar psixoloji sarsıntılardan çıxa bilmədiyi üçün intihar yolunu seçirlər. Məktəblərdə vəziyyət daha acınacaqlıdır. Hər kəs dərs əvəzinə qiymət artımını müzakirə edir. Bunun kökündə duran məsələ isə tədris aparan müəllimlərin sosial problemləridir”.

Sosial şəbəkələrdə aksiya çağırışlarına toxunan AXCP funksioneri deyib ki, bu, çıxış yolu deyil: “Bundan öncə də bu cür aksiyalar  olub,  heç bir nəticəsi olmayıb. Ancaq insanlardakı o həqarət sönüb və kimlərsə özlərinə divident qazanıb. Sadəcə normal şəkildə məsələnin həlllinə nail olmaq lazımdır. Onsuzda qərar dəyişməyəcək, amma yaxşı olardı ki, qaz və işıq üçün qoyulan limit artırılsın.

Əksər ekspertlər bu artımın əhalinin 60 faizinə təsir etməyəcəyini deyir. Amma əslində bu belə deyil. Qışda istilik sistemi işləmədiyi üçünəhali məcbur qalıb alternativ qızdırıcı üsullardan istifadə edir. İsti havalarda isə kondisionerdən istifadə olunur. İndi belə çıxır ki, qışda soyuqdan, yayda da istidən bu millət ölməlidir. Bu artımlardansa işsizliyin minimuma endirilməsi, maaşların artırılması daha yaxşı olardı. Bu cür kəskin qərarlarla əhalini çörək imtahanına çəkmək düzgün deyil. İnsanlar onsuzda dolana bilmirlər, safalət hər yeri bürüyüb. Günü gündən insanların vəziyyəti köləlik, qulluq dövrünə gedir. Əl heç yerə çatmayanda, çıxış yolu qalmayanda insanlar intihar yolunu seçirlər”.

Vilayət Muxtar

 





Həftənin ən çox oxunanları