Yuxarı

Əli Kərimlinin siyasi məhbus biznesi “çiçəklənir”

Əli Kərimlinin siyasi məhbus  biznesi “çiçəklənir”

 

Korrupsioner bankir necə “siyasi məhbus edilir”?

Beynəlxalq Bankın həbs olunmuş rəhbəri Cahangir Hacıyevin adının siyasi məhbuslarla bağlı beynəlxalq insan haqları təşkilatlarına təqdim etmək üçün hazırlanmış siyahıya salınması barədə məlumatlar yayılıb. Bildirilib ki, artıq C.Hacıyevin adı 160 nəfərlik siyahıya daxil edilib.

Beynəlxalq təşkilatlara təqdimat üçün hazırlanmış iki siyahı var. Hüquq müdafiəçisi Leyla Yunusun hazırladığı siyahıda 160, araşdırmaçı-jurnalist Xədicə İsmayılın siyahısında isə 145 nəfərin adı var.

Cahangir Hacıyevin də adının məhz Leyla Yunusun rəhbərlik etdiyi qrupun  siyahısına daxil edildiyi bildirilir. Oktyabrda siyasi məhbus siyahısı açıqlanarkən Milli Şura sədri Cəmil Həsənli və “Yurd” sədri Əli Kərimli Leyla Yunusun siyahısına dəstək verdilər. Əli Kərimlinin Xədicə İsmayıla dəstək verməməsi təsadüf deyildi. Çünki jurnalist “Yurd” sədrinin istədiyi şəxsləri siyahıya əlavə etmək istəyini rədd etmişdi. Nəticədə Xədicə İsmayılla anlaşa bilməyən Əli Kərimli üzünü Leyla Yunusa tutdu. Hüquq müdafiəçisi də bu istəyə adekvat davrandı.

“Yurd” sədri “bankir”i niyə müdafiə edir?

Əli Kərimlinin siyahısında Cahangir Hacıyevlə yanaşı heç bir siyasi fəaliyyəti olmayan şəxslər yer alır. İşin ilginc tərəfi budur ki, Cahangir Hacıyevlə yanaşı həmin siyahıya ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) bir sıra sabiq əməkdaşları və  mütəşəkkil cinayətkar dəstələrin həbs olunmuş üzvlərinin, həmçinin sabiq MTN-nin həbs etdiyi zəngin sahibkarların adları var. Diqqətçəkən məqam da budur ki, Əli Kərimlinin dəstəklədiyi siyahıya maddi imkanları olan şəxslərin adlarını daxil etmək istəyirlər. Qərarın icraçısının birbaşa “Yurd” sədri olduğu da istisna olunmur. Məsələn, Cahangir Hacıyev ölkədən 400 milyon dollar dövlət vəsaitini çıxarmaqda, o cümlədən, Avropadakı ofşor şirkətlərə 9 milyard dolların yönəldilməsində vasitəçilik etməkdə ittiham olunur. Həbs olunmuş MTN-çilərə gəlincə, həmin şəxslərin də mənimsənilmiş milyardlarla manat (90 milyard) dövlət vəsaitində pay sahibi olmaları barədə məlumatlar var. MTN-nin həbs etdiyi sahibkarların imkanları da genişdir. Görünən budur ki, Əli Kərimli həmin şəxslərdən pul almaq müqabilində bu dəstəyi nümayiş etdirir.

Londonda sövdələşmə

Cahangir Hacıyevin İngiltərədə yaşayan həyat yoldaşı Zamirə Hacıyevanın “Yurd” sədri ilə təmasa keçərək külli miqdarda maddi vəsait müqabilində Cahangir Hacıyevin adının siyasi məhbus siyahısına daxil edilməsi üçün danışıqlar apardığı gələn məlumatlar arasındadır.

Nəzərə alsaq ki, Əli Kərimlinin Avropadakı “sözçü”sü, oğlu Türkel Kərimli də Londonda təhsil alır, bu baxımdan onun Zamirə Hacıyeva ilə təmasda olması ehtimalı böyükdür. İnandırıcıdır ki, Zamirə Hacıyevanın məlum təklifi məhz Türkel Kərimli vasitəsiylə Əli Kərimliyə çatdırıb.

“Bankir” Milli Şuraya keçir?

Sentyabrın 11-də Strasburqda azərbaycanlı siyasi mühacirlərin yeni təşkilatının - “Azərbaycan Naminə Demokratiya”nın (AND - “Azerbaijan Needs Democracy”) təsis iclası keçirildi. İclasda mühacirətdə olan azərbaycanlı siyasi fəallar, jurnalistlər, keçmiş dövlət məmurları və hüquq müdafiəçiləri iştirak ediblər. Milli Şuranın sədri Cəmil Həsənli də iştirakçılar arasında idi. Həmin vaxt Cəmil Həsənlinin iclasda iştirakına diqqət çəkən bir sıra mənbələr qeyd etdilər ki, AND Azərbaycanda mühacir biznesinin mərkəzi olacaq. Mərkəzə - mühacir biznesinə kimin rəhbərlik edəcəyinə gəlincə, qeyd olundu ki, təşkilatın yaradılması təşəbbüsü “Yurd” sədri Əli Kərimlidən gəlib. Bu nöqteyi-nəzərdən Zamirə Hacıyevanın AND vasitəsilə də Əli Kərimli ilə təmas qurması istisna olunmur. Gələn məlumatlara görə, artıq tərəflər arasında anlaşma əldə olunub. Yaxın vaxtlarda açıqlanacaq yekun siyahıda Cahangir Hacıyevin də adının olacağı gözlənilir. İşin məqəsədəuyğun olması üçün keçmiş bank rəhbərinin bəyanat yayaraq Milli Şuraya üzv olması da ehtimallar arasındadır. Artıq Cahangir Hacıyevdən belə bir mesaj verilib.

Bir neçə gün əvvəl mediada onun müxalifətə keçməsi barədə məlumatlar yayıldı. Lakin sonradan bu, C.Hacıyevin vəkilləri tərəfindən təkzib edilsə də, onun Milli Şuraya keçidi yaxın vaxtlarda rəsmi aydada açıqlanacağı gözlənilir.

Müxalifət daxilində növbəti separatizm

Növbəti dəfə dövlətin korrupsioner, rüşvətxor və cinayətkar məmurlarını, iş adamlarını dəstəkləyən Əli Kərimli xalqla müxalifət arasında uçurumu dərinləşdirməyə çalışır. Vaxtilə dövlət vəsaitlərini, digər şəxsləri də bu qayda ilə müdafiə etmişdi. Görünən budur ki, bu qədər tənqid və təhqirlərə baxmayaraq, şəxsi maraqları “Yurd” sədri üçün xalqın və müxalifətin yekdil maraqlarından öndədir.

Onun bu fəaliyyətinin hakimiyyətin işinə yaradığı şəksizdir. Çünki “Yurd” sədrinin müxalifət daxilində yaratdığı separatizm müxalifəti cəmiyyətin gözündən salır. Bu da narazı elektoratın parçalanması deməkdir. Belə bir zəmində də xalq hakimiyyət qarşısında öz yanlış siyasətinə etiraz edəcək komanda görə bilmir. Əli Kərimli də hakimiyyətə belə işləyir.

Əfqan Ədilov





Həftənin ən çox oxunanları